Florensiyada ildə iki dəfə dünyanın ən yaxşı kişi geyim markalarını bir araya gətirən ilk beynəlxalq kişi dəb nümayişi olan “Pitti Uomo” keçirilir.
Ənənəvi olaraq, dörd günlük ticarət sərgisi 16-cı əsrə aid müdafiə qalası Fortezza da Basso-da təşkil olunur və 100 min kvadratmetrdən çox ərazini əhatə edir.
“Pitti Immagine” platforması “Pitti Uomo” sərgilərinin təşkilinə cavabdehdir. Sərginin məqsədi yüksək keyfiyyətli məhsulları seçmək və təqdim etmək, həmçinin kişi dəb dünyasında ən aktual üslubları müəyyən etməkdir.
“Pitti Immagine”nin tarixi 1952-ci il fevralın 12-də italyan aristokratı Covanni Battista Ciorcini Florensiyadakı iqamətgahı Villa Torricianidə kollektiv dəb nümayişi təşkil etmək qərarına gəldikdən sonra başlayır. “Birinci İtalyan Yüksək Dəb Şousu” adlanan tədbir dünyanın hər yerindən jurnalistləri və alıcıların diqqətini cəlb edib.
Bu il Azərbaycanı rəsmi olaraq tədbirdə media siması və influyanser kimi teleaparıcı və spiker Ceyhun Əli təmsil edir. O, “Pitti Uomo” təşkilatçılarından və İtaliya Ticarət Agentliyindən (Azərbaycandakı nümayəndəlikləri də daxil olmaqla) dəvət alıb.
Qeyd edək ki, sərginin əsas şüarı #timelesselegance – müddətsiz eleqantlıqdır.
www.RIA24.az