Azərbaycanın Səhiyyə Nazirliyində Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə layihə rəhbəri Olqa Avdeyevanın başçılıq etdiyi missiya ilə görüş keçirilib.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanın Qlobal Fondla əlaqələrə və əməkdaşlığa hər zaman önəm verdiyini qeyd edib:
“2005-ci ildən QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda vərəm əleyhinə fəaliyyətin dəstəklənməsində yaxından iştirak edir. Hazırda Azərbaycanda Qlobal Fondun layihələri davamlı olaraq həyata keçirilir və ölkəmizin vərəmlə mübarizəsinə böyük töhfə verir. Son zamanlar Səhiyyə Nazirliyinin Qlobal Fondun missiyaları ilə mütəmadi keçirilən görüşləri əməkdaşlığımızın inkişafına böyük dəstəkdir”.
Sonda Teymur Musayev Azərbaycan Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında səmərəli əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Öz növbəsində Qlobal Fondun Missiya rəhbəri Azərbaycanın AİDS və digər yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində gördüyü işləri müsbət qiymətləndirərək göstəricilərin region üzrə uğurlu olduğunu bildirib. Olqa Avdeyeva həmçinin son zamanlar Qlobal Fondun Azərbaycan Səhiyyə Nazirliyi ilə birgə bir sıra mühüm layihələrin uğurla icra olunduğunu vurğulayıb.
Görüşdə həmçinin əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.
www.102info.az