“Sovet İttifaqı miqyasında korrupsiyaya qarşı mübarizə terminini gündəmə gətirən ilk dövlət adamı Heydər Əliyev olub”.
Bunu Baş prokuror Kamran Əliyev “Xalq qəzeti”nin “Heydər Əliyev xatirələr işığında” layihəsi çərçivəsində verdiyi müsahibəsində deyib.
O bildirib ki, bütün dövrlərdə və istənilən quruluşda korrupsiyanın mahiyyəti eynidir:
“Dövlət institutlarının səmərəsiz fəaliyyəti, rüşvətxorluq, vətəndaşların hüquqlarının pozulması. Maraqlıdır ki, 60-cı illərin sonu və 70-ci illərin əvvəlində Sovet İttifaqı miqyasında korrupsiyaya qarşı mübarizə terminini gündəmə gətirən ilk dövlət adamı Heydər Əliyev olub. Ona qədər SSRİ-də kimsə bunu nəinki açıq bəyan etmirdi, heç dilə belə gətirmirdi. Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən cəmi iki ay sonra 1969-cu il avqustun 5-də keçirilən plenumda bəyan etdi ki, Azərbaycanda və Sovet İttifaqında korrupsiya var və iqtisadiyyatda, idarəetmədə belə neqativ halların aradan qaldırılması yollarına dair proqramını bəyan etmişdir. Həmin dövrdən də Azərbaycanda korrupsiyaya qarşı mübarizə başladı.
Bundan sonra ölkəmizdə korrupsiyaya qarşı mübarizə gücləndikcə, korrupsiya üçün meydan daraldıqca, bu cinayətlərin qarşısı sürətlə alındıqca Azərbaycanda iqtisadi inkişaf başladı. Ölkəyə sosial-iqtisadi tərəqqi gəldi, insanlar daha ədalətli cəmiyyətdə yaşamağa başladılar, qanunçuluq möhkəmləndi. Burada bir incə məqamı qeyd edim ki, ulu öndər dünyada hələ sonralar sosial bəla hesab ediləcək korrupsiyanın onilliklər öncə fəsadlarını görmüşdü”.
“Heydər Əliyev korrupsiya ilə mübarizəyə 1969-cu ildə başlayır, amma BMT yalnız 2003-cü il oktyabrın 31-də Korrupsiyaya qarşı Konvensiya (UNCAC) qəbul edir. Burdan görürük ki, XXI əsrdə korrupsiya bəşəriyyətin qarşısında duran ən ağır problemlərdən biridir. Korrupsiya XIX əsrin müstəmləkə siyasəti, XX əsrin soyuq müharibə problemi ilə bərabər tutulur. Burdan aydın görünür ki, Heydər Əliyev nə qədər uzaqgörən bir dövlət xadimi, fenomen şəxsiyyət olub.
Əslində korrupsiyaya qarşı mübarizənin mahiyyəti eyni olsa da, müxtəlif cəmiyyətlərdə, müxtəlif formasiyalarda onun metod və vasitələri dəyişir. Amma Sovetlər dövründən Heydər Əliyevin proqram xarakterli ozamankı qərarından sonra Azərbaycanda korrupsiyaya qarşı mübarizə təcrübəsi formalaşmışdı və bu da müstəqillik dönəmində belə bizim hüquq-mühafizə orqanlarına korrupsiyaya qarşı mübarizə siyasətinin kifayət qədər uğurlu aparmağa imkan yaratdı.
Qeyd etdiyiniz 1969-cu il avqust plenumu sənədləri ilə tanış olan bir hüquqşünas kimi qətiyyətlə deyə bilərəm ki, Heydər Əliyevin çıxışında sovet təbliğat maşını tərəfindən formalaşdırılan yanlış təsəvvürün tamam əksi vurğulanmışdı və mövcud problemlər konkret şəkildə önə çəkilərək dövlət idarəçiliyi sistemində formalaşmış regionçuluq, bürokratiya və korrupsiya kimi neqativ tendensiyaların yolverilməzliyi diqqətə çatdırılmışdı”, – deyə Baş prokuror vurğulayıb.
www.102info.az