Azərbaycanlıların qovulması: “Türksüz Ermənistan” siyasəti – VİDEO

Siyasət


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.

“Ermənilər Qərbi Azərbaycana yaddır – Fransa mənbələri” adlı süjetdə bölünmüş Vətənimizin bir hissəsi olan Qərbi Azərbaycan ərazisində heç vaxt Ermənistan adlı dövlətin olmadığı, bunun ermənilərə daha çox havadarlıq edən Fransa mənbələrində də təsdiqləndiyi göstərilir.  

Bildirilir ki, 1918-ci ildə Fransada çap edilən xəritədə ermənilərin Qərbi Azərbaycana yad olduqları tamamilə təsdiqlənir:

“Bu xəritədə, ümumiyyətlə, Ermənistan adlı dövlət, vilayət yoxdur, heç erməni adı da çəkilməyib. Ancaq Bakı, Gəncə, Naxçıvan, başqa bölgələr, Azərbaycan torpaqları və onunla sərhəd olan Dağıstan, Gürcüstan və digər ərazilər əks olunub, amma burada Ermənistan adlı dövlət yoxdur. Bu, Ermənistanın bütövlükdə Qərbi Azərbaycan adlanmasına tarixi-məntiqi baxımdan yanaşmağa imkan verir”.

Diqqətə çatdırılır ki, 1828-ci ildən başlayıb 1989-cu illərdək davam edib, başa çatan “Türksüz Ermənistan” siyasəti sayəsində indiki Ermənistan ərazisində 605-dən çox kənddə yurd yeri xarabaya çevrilib, azərbaycanlılarsız qalıb:

“İki milyona yaxın azərbaycanlı öz doğma ocağından qovuldu, 500 mindən çox günahsız və silahsız soydaşımız qətlə yetirildi. Xankəndidən Ağbabaya, Qazaxdan Göyçəyədək Azərbaycanın 40 min kvadrat kilometrlik ərazisi erməni qəsbkarları tərəfindən zəbt edildi. Erməni tarixçisi Leonun yazdığına görə, Batum müqaviləsinə əsasən Ermənistanın ərazisi 8,4 min kvadrat kilometr, azərbaycanlılar yaşayan ərazinin sahəsi isə ən azı 20 min kvadrat kilometr olub. 1916-cı ildə İrəvan quberniyasında azərbaycanlıların sayı 373 582 nəfər idi. İndi həmin ərazidə bir azərbaycanlı belə qalmayıb”.

Süjetdə keçmiş sovet dövründə Qərbi azərbaycanlıların Vətənə qayıdış, habelə yığcam məskunlaşma kimi problemlərinin nəzərdən qaçdığı, keçmiş SSRİ dövründə Qərbi Azərbaycanın tarixi, yer və coğrafi adlarının erməniləşdirilməsinə, təhrif olunmasına rəsmi Moskvanın göz yumduğu vurğulanır, 1948-1953-ci illərdə SSRİ Nazirlər Şurasının “Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qəbul edilən qətnamə ilə bağlı məlumat verilir.

Sonda qeyd olunur ki, indiki Ermənistan son 35 ildə öz yurdlarından qovularaq məcburi köçkün vəziyyətində yaşayan qərbi azərbaycanlıların vətənidir. Ona görə də indi Ermənistanda qəbul edilən qərarlar həm də onların perspektivdə bu ölkədə təhlükəsiz və əmin-amanlıqda yaşamasını təmin etməlidir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir