“Ermənistanın beynəlxalq humanitar hüquq normalarına zidd, regionda sülhə təhdid xarakterli, Azərbaycana qarşı hərbi təxribatları hələ də davam etməkdədir”.
Oxu.Az xəbər verir ki, bu barədə Ombudsman Səbinə Əliyevanın müraciətində deyilir:
“2023-cü il iyunun 15-də saat 08:45-də Ermənistan ərazisindən “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması və nəticədə burada xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması Ermənistanın sülhə maraqlı olmadığının növbəti əyani sübutudur.
Məlum olduğu kimi, 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulub və fəaliyyəti müddətində nəqliyyat vasitələrinin və Azərbaycanın Qarabağ İqtisadi Zonasında yaşayan erməni millətindən olan ölkə vətəndaşlarının təhlükəsiz keçidi təmin edilib.
Humanitar məqsədlər üçün istifadə olunan bu sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması, orada çalışan hərbi qulluqçuların, keçiddən istifadə edən mülki əhalinin həyat və sağlamlığına təhdid olmaqla yanaşı, regionda sülh quruculuğu prosesinə və Azərbaycan dövlətinin ərazi bütövlüyünə bir qəsd kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn kobud pozuntusu olan bu hərbi təxribatı qətiyyətlə pisləyir, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatları, Ombudsman təsisatlarını və milli insan hüquqları təsisatlarını Ermənistanın regionda sülhün və inkişafın təmininə təhlükə yaradan bu kimi əməllərindən çəkindirilməsi istiqamətində qəti mövqe nümayiş etdirməyə çağırıram”.
www.RIA24.az