İyunun 15-i saat 08 radələrində Ermənistan Respublikası hərbi qulluqçularının Ermənistan ərazisində yerləşən mövqelərindən Azərbaycan Respublikası Laçın rayonunun ərazisində yerləşən “Laçın” sərhəd-buraxılış məntəqəsində xidmət göstərən Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına qarşı müxtəlif çaplı odlu silahlardan açdıqları atəşlər nəticəsində DSX-nin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.
Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Qubadlı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir və digər zəruri istintaq hərəkətləri aparılır:
“Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.11, 29,120.2.12-ci (bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 və 214.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan terrorçuluq) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir.
Baş vermiş hadisənin təfərrüatı barədə hadisə yerinin müayinəsi və digər istintaq hərəkətləri keçirildikdən sonra ətraflı məlumat veriləcək”.
10:03
15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb.
Bu barədə DSX-nin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilib, həyatı təhlükəsi yoxdur.
Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
09:38
Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsi avtomat silahlardan atəşə tutulub.
Bununla bağlı “Caliber” “Telegram” kanalı məlumat yayıb.
Qeyd olunur ki, atəş sərhəd-buraxılış məntəqəsi ilə üzbəüz mövqelərdən, Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib.
Düşmən atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb.
Onun vəziyyəti stabil qiymətləndirilir.
Hazırda vəziyyət bölmələrimizin nəzarətindədir, atışmalardan sonra erməni hərbçilər postlarını tərk ediblər.
Bu dəhşətli hadisə Ermənistan tərəfindən törədilən terrorizmin və təcavüzün növbəti açıq təzahürüdür.
Baş vermiş silahlı hücum “Laçın” sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinə problem yaratmayıb.
Görünən odur ki, sərhəd-buraxılış məntəqəsinin fasiləsiz fəaliyyəti düşmən tərəfini ciddi narahat edir.
Silahlı hücumla əlaqədar əlavə məlumat veriləcək.
www.RIA24.az