Putinin “Vaqner”lə bağlı planı – TƏHLİL

Siyasət


Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova qarşı müharibə elan etmiş Yevgeni Priqojinin patronajlığı altındakı “Vaqner” muzdlularının bundan sonrakı taleyi maraq doğurur.

Priqojinin “qiyam” və ya “dövlət çevrilişi” cəhdi Kreml daxilindəki saray çəkişmələri təzahürlərini aydınlaşdıran motivləri üzə çıxardı, sonda isə o, Prezident Vladimir Putinə məğlub oldu.

Bu hadisələrin əhəmiyyətini başa düşmək üçün prosesə geniş Rusiya kontekstində, Kremlin mərkəzində davam edən gərginlik zamanı alət kimi baxmaq da lazımdır. Bununla belə, Priqojin Rusiyanın müasir siyasi tarixinin qiyamçı sərkərdəsi statusunu çiyinlərində daşıyır.

Çünki Priqojin tamaşası, səbəbindən asılı olmayaraq, rəsmi Moskvanın siyasəti üçün əngəllər yaradan faktor oldu.

Priqojinə hansı güzəşt və imtiyazlar təqdim edildiyi barədə hələ də geniş və konkret təsəvvürlər mövcud deyil, lakin bilinən budur ki, muzdluların “qiyamçı” lideri Belarusda mühacirətdədir.

Onun “Vaqner”ə liderlik edib-etməyəcəyi də sual doğurur, amma ümumilikdə özəl hərbi şirkətin onminlərlə döyüşçüsünün qismətinə nə düşəcəyi də paralel mükalimə mövzusudur.

“Vaqner” muzdluları Rusiyanın xaricdəki hərbi əməliyyatlarının həyati əhəmiyyətli orqanıdır, buna görə də onların ləğvi yox, sadəcə, vahid mərkəzə bağlanması Kreml üçün daha vacibdir.

Çünki “Vaqner” Kremlin Yaxın Şərq və Afrikada güc nümayiş etdirməsi, Suriya və Liviyada mövcudluğunu saxlaması üçün alternativdir.

Buna görə də proqnoz vermək olar ki, “Vaqner” Kremlin mübarizəsini davam etdirəcək, çünki bundan yaxşı variant nə “Vaqner”in özündə, nə də Moskvada mövcuddur.

Qısası, görünür ki, Priqojinin Rusiyaya qayıdıb-qayıtmamasından asılı olmayaraq, “Vaqner” hansısa formada döyüş qüvvəsi kimi qalacaq. Burada liderlik boşluğunun necə doldurulması az əhəmiyyət kəsb edir, çünki indi Kreml üçün lazım olan “Vaqner”in mövcudiyyətini saxlamasıdır – format olunmaq şərtilə.

Təzələnməyə ona görə ehtiyac yaranır ki, “Vaqner” Rusiyaya Ukraynadakı müharibəni davam etdirmək üçün effektiv, lakin siyasi cəhətdən laqeyd qoşun olduğunu sübut edib.

Bu laqeydliyin həmmüəllifi təkcə Priqojin də deyil, həm də “qiyam”a görə “Vaqner”in maliyyə və avadanlıqlar ehtiyaclarını ödəyən Rusiya Baş Kəşfiyyat İdarəsidir (QRU).

QRU bu zamana qədər “Vaqner” bölmələrindən qoruyucu kimi istifadə edərək onları öz qoşunları ilə birlikdə xarici ölkələrə yerləşdirib.

Görünür ki, “Vaqner” xaricdəki iştirakçılıqla yanaşı, Kremldəki fraksiyaların rəqabətini təqib edən atdır.

Putin “Vaqner”in təməlindəki Priqojin mərkəzli ideoloji əsasları dağıdıb yeni model qurmağa çalışacaq.

Çünki “qiyam”dakı narrativlər Kreml daxilindəki bir-birilə hakimiyyət uğrunda rəqabət aparan tərəflərin aynası kimi yadda qalır.

Putin indi aynada gördüklərinə uyğun hərəkətlər edərək “Vaqner”i  Rusiya maraqlarının reallaşdırılması vasitəsi kimi inkişaf etdirəcək, eyni zamanda, öz hakimiyyətini qorumaq üsulunu özünə sadiq qüvvələrə etibar edəcək.

Putin xəyalındakı modeli qurmaq üçün “Vaqner” döyüşçülərini təqib etdirib onların əvəzləyicisini axtara bilər, Suriyadakı “Vaqner” komandirlərinin həbsi də belə deməyə əsas verir.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir