Dünyanı fəth edən “Məhəbbət əfsanəsi” baleti yenidən Bakı səhnəsində!

Siyasət


Dünya klassik musiqisinin şah əsərlərindən biri – görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə yenidən müəllifin Vətənində səhnəyə qoyulur.

Belə ki, sentyabrın 18-i və 19-da Heydər Əliyev Sarayında “Məhəbbət əfsanəsi” baletinin təqdimatı keçiriləcək. “Məhəbbət əfsanəsi” möhtəşəm musiqi, səhnə quruluşu və tərtibatı ilə vəhdət təşkil edərək Milli Musiqi Günündə əsl bayram yaşadacaq.

Tamaşa məşhur baletmeyster Yuri Qriqoroviçin quruluşunda, tanınmış rəssam Simon Virsaladzenin səhnə tərtibatında nümayiş olunacaq və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, Azərbaycan Dövlət Rəqs Ansamblının rəqqasları, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri çıxış edəcəklər. Əsər Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səslənəcək.

Tarixi təqdimat üçün Heydər Əliyev Fondu tərəfindən Simon Virsaladzenin orijinal eskizləri əsasında 250 kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanıb.

Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini görkəmli türk şairi Nazim Hikmətin “Fərhad ilə Şirin” pyesi əsasındakı librettoya bəstələyib. Arif Məlikov üç pərdə, yeddi şəkildən ibarət əsər üzərində 1958-ci ildən işləməyə başlayıb və onu iki ilə bitirib.

“Məhəbbət əfsanəsi” baletinin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) keçirilib. Tamaşanın quruluşçu baletmeysteri Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru isə maestro Niyazi olub. 1962-ci ilin iyulunda isə əsərin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində premyerası keçirilib.

“Məhəbbət əfsanəsi” baleti bu günədək dünya səhnələrini fəth edir. Əsər müxtəlif ölkələrin 60-dan çox teatrında dəfələrlə görkəmli baletmeysterlərin quruluşunda təqdim olunub. Səhnə əsəri ABŞ, Almaniya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Çexiya, Estoniya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Misir, Özbəkistan, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdə rəğbətlə qarşılanıb.

Arif Məlikovun şah əsəri olan “Məhəbbət əfasanəsi”nin “Heydər Əliyev İli”ndə təqdim olunması da təsadüfi deyil. 2023-cü il dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, görkəmli bəstəkar Arif Məlikovun isə 90 illik yubileyidir. Ümummilli lider Heydər Əliyev Arif Məlikovu bir sənətkar və insan kimi yüksək dəyərləndirirdi. Arif Məlikov isə ümummilli lider Heydər Əliyevə sevgi və ehtiramını öz yaradıcılığında da əks etdirib və bəstəkarın “Əbədiyyət” adlı səkkizinci simfoniyası ulu öndərə ithaf olunub.

“Məhəbbət əfsanəsi”nin 18-19 sentyabr nümayişinin biletləri tezliklə şəhərin kassaları və iTicket.az saytında satışda olacaq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir