Benyamin Netanyahunun ofisi aylar əvvəl İraqda yoxa çıxmış 36 yaşlı, Rusiya və İsrail vətəndaşlığına malik tədqiqatçı Elizabet Tsurkovun İrana bağlı olan şiə qruplaşması tərəfindən həbs edildiyini açıqlayıb. Qurumdan bildirilib ki, tədqiqatçı hələ sağdır və onun təhlükəsizliyinə görə İraq məsuliyyət daşıyır.
Elizabet Tsurkovun ailəsi də onu İranın dəstəklədiyi “Kətaib Hizbullah” qruplaşmasının qaçıraraq girov saxladığını bildirib.
Mövzu ilə bağlı “Azad İran” “Youtube” kanalı süjet hazırlayıb.
Bildirilir ki, Tsurkovun oğurlanması İraq liderlərinin mübarizə apardığı ciddi problemi bir daha üzə çıxarıb: İraq təhlükəsizlik qüvvələrinə cəlb edilən bir çox silahlı qruplaşmaların İranla möhkəm əlaqələri var və təhlükəsizlik rəsmilərinin etiraf etdiyinə görə, onların sırasında “Kətaib Hizbullah” başda gəlir.
“Belə ki, “Kətaib Hizbullah”ın İran İslam İnqilabı Keşikçiləri Korpusu, yəni SEPAH ilə güclü əlaqələri var və bu qruplaşma 2019-cu ildə İraqdakı aviabazaya atəş açaraq amerikalı podratçını öldürməkdə ittiham olunur. ABŞ hələ 2009-cu ildə bu qruplaşmanı terror təşkilatları siyahısına daxil edib. Son 20 ildə “Kətaib Hizbullah” İraq və Suriyada ABŞ ordusunun mövqelərinə dəfələrlə hücum çəkib.
Elizabet Tsurkovun oğurlanması onun İrana aparıla biləcəyi ilə bağlı narahatlıqlara da səbəb olub. Ərəb dilini mükəmməl bilən Tsurkov Yaxın Şərq üzrə tanınmış ekspert, təcrübəli analitik və şərhçidir, bu mövzuda çoxsaylı təhlillərin və araşdırmaların müəllifidir. Əgər onun qaçırılmasının birbaşa İranla əlaqəli olduğu təsdiqlənsə, Yaxın Şərqdə İsraillə İran arasında gərginlik daha da artacaq”.
Ətraflı süjetdə:
www.102info.az