Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyanın qarşının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, tədbir zamanı rayonun Pərvanlı kənd sakini Mürşüd Abdullayev narkotiklərin satışını təşkil etməkdə şübhəli bilindiyi üçün polislər tərəfindən saxlanılıb. Onun həyətində olan tikiliyə baxış zamanı satış üçün qablaşdırdığı ümumi çəkisi 13 kiloqram olan narkotik vasitə marixuana aşkar edilib. Mürşüd Abdullayev marixuananı həyətində kultivasiya yolu ilə xüsusi qulluq edərək yetişdirdiyi çətənə bitkilərini qurudaraq əldə etdiyini bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq Mürşüd Abdullayevin yaşadığı evin həyətyanı sahəsinə də baxış keçirilib. Oradan həmin şəxs tərəfindən yetişdirilən yaş halda çəkisi 221 kiloqram olan 441 ədəd çətənə bitkisi də aşkar edilib. Çətənə kolları polislər tərəfindən kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, satma, külli miqdarda törədildikdə) və 237.2.3 (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
www.102info.az