Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Cavad Kazımovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 12 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Şirvan Apellyasiya Məhkəməsi Cavad Kazımovun şikayətini təmin etməyib.
Qeyd edək ki, hadisə ötən il dekabrın 8-də saat 3 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndindəki küçələrdən birində baş verib.
Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Cavad Eynulla oğlu Kazımov həmkəndlisi, 1982-ci il təvəllüdlü Mehtun Ramiz oğlu Qarayevə zəng edərək onu yaşadığı evin yaxınlığına çağırıb.
Daha sonra qısqanclıq zəminində onun baş və oma nahiyəsinə ov silahından atəş açaraq qətlə yetirib.
Mərhum M.Qarayev qəssab kimi fəaliyyət göstərib.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Məlumata görə, hadisəni törədən Cavad Kazımovun bacısı 2014-cü ildə intihar edib. O, intihardan öncə yazdığı məktubda həmkəndlisi Mehtun Qarayevə görə bu addımı atmağa məcbur olduğunu yazıb. Həmin məktub qızın üzərində tapılıb. Bundan sonra iki ailə arasında düşmənçilik yaranıb. Hadisədən 8 il sonra Cavad Kazımov bacısının qisasını almaq qərarına gəlib.
www.102info.az