Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində Əsgər İbrahimovun müəllifliyi ilə Ermənistanın XX əsrin ikinci yarısından başlayaraq adını dəyişdirib erməniləşdirdiyi, Azərbaycanın tarixi məskənlərindən biri – Loru mahalı haqqında süjet hazırlanıb.
“Loru mahalı: son 200 ildə Rusiyanın Qafqazı işğal siyasəti” adlı süjetdə bədxah qonşumuzun etnik təmizləmə siyasətini mahallarımızın adlarına qarşı da apardığını, zaman-zaman beynəlxalq norma və prinsipləri pozaraq yer-yurd adlarını dəyişdirib, tarixi saxtalaşdırdığı ön plana çəkilir.
Bildirilir ki, Səfəvilər dövlətinin, Qarabağ bəylərbəyliyinin doqquz mahalından biri olan Loru Borçalının cənubda dağlıq hissəsini təşkil etdiyindən ona Dağ Borçalısı da deyirlər: “1918-ci ildə erməni daşnak hökumətinin silahlı qüvvələri qəflətən hücum edərək Loru mahalı ərazisini işğal edir. 1919-cu ilin yanvarında Tiflisdə keçirilən Ermənistan-Gürcüstan konfransında Borçalı qəzası, əslində isə Loru nahiyəsi neytral zona elan edilir. 1920-ci ilin sentyabrında türk qoşunlarının Gümrünü tutmasından narahat olan Gürcüstan hökuməti Loru neytral zonasına nəzarəti üzərinə götürür.
1921-ci ildə isə Gürcüstan və Ermənistan bolşevik hökumətləri arasında Lorunun Ermənistana verilməsi haqqında razılıq əldə edilir. 1922-ci il dekabrın 22-də Vorontsovka bölgəsi də Ermənistanın Loru-Pəmbək qəzasına qatılır. Beləliklə, Ermənistanın inzibati bölgüsündə Loru mahalı 4 rayon- Barana rayonu, Allahverdi rayonu, Cəlaloğlu rayonu və Vorontsovka rayonu şəklində öz əksini tapır. Beləliklə, bölgənin sovetləşməsindən sonra Loru mahalı qədim Azərbaycan torpaqlarında yaradılmış Ermənistan SSR-yə hədiyyə edilir”.
Qeyd olunur ki, indiki Ermənistan ərazisindən Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü də məhz bu ərazi ilə bağlıdır: “Belə ki, bu tarix 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində Şəmşəddil və Loru-Pəmbək bölgələrinin rusların əlinə keçməsi anından başlanır. 1804-cü ilin yazında İrəvan xanlığının ərazisindən 2 min erməni qaçaraq rusların himayəsinə keçir və onlar Loru-Pəmbək bölgəsində məskunlaşdırılırlar. Sonralar Loru mahalı Tiflis quberniyasının Borçalı qəzasının Loru, Borçalı, Trialet, Yekaterinenfeld nahiyəsindən biri və ən böyüyü kimi mövcud olur. Loru mahalının adı sovet dövründə, keçən əsrin 90-cı illərinə qədər bir neçə dəfə dəyişdirilir və 4 rayon arasında bölüşdürülür: Allahverdi, sonralar Tumanyan, Calaloğlu, sonralar Stepanavan, Barana sonralar Noyemberyan, Vorontsovka, sonralar Kalinino və indiki Taşir. Hazırda ermənilər Loru mahalını Lori, Tavuş adlandırırlar”.
Süjetin sonunda bildirilir ki, Qərbi Azərbaycanın başqa bölgələri kimi, Loru mahalı da son iki yüz ildə Rusiyanın Qafqazı işğal siyasəti ilə bağlı erməni-hay kimi yaramaz bir etnik toplumun xalqımıza qarşı düşmənçilik hərəkətlərinin hədəfinə çevrildi: “Lakin artıq zaman dəyişir. Bizim hədəfimiz isə tarixi həqiqətləri üzə çıxarmaqla yanaşı, haqq-ədalətin bərpası və tarixi torpaqlarımıza qayıdışdır. Bu qayıdışın vaxtı isə uzaqda deyil”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində:
www.RIA24.az