Xalq artisti Şahnaz Haşımovanın səhhəti stabilləşib.
Bu barədə Oxu.Az-a Xalq artistinin nəvəsi Eldar Abdullayev məlumat verib.
Onun sözlərinə görə, bir neçə gün öncə səhər saatlarında səhhəti pisləşdiyi üçün Gəncədə 1 nömrəli Şəhər Xəstəxanasına yerləşdirilən, ötən gün Bakıya, Mərkəzi Gömrük Hospitalına gətirilən Xalq artisti burada on gün müalicə alacaq:
“Dünən Bakıya, Mərkəzi Gömrük Hospitalına gətirilən kimi bütün yoxlanışlardan keçdi. Cərrah Rəşad Mahmudov məsləhət gördü ki, bir həftə və ya 10 gün xəstəxanada qalsın. Müalicələri xəstəxana şəraitində davam etdirilir”.
E.Abdullayev həkimlərin nənəsinə beyin qan dövranın pozulması diaqnozunun qoyulduğunu söyləyib:
“Yüksək arterial təzyiq və şəkər xəstəliyindən əziyyət çəkir. Digər orqanlarında heç bir problem yoxdur. Müalicələr aldıqca şəkər və təzyiq də stabilləşir. Həkim telefon işlətməsinə icazə vermir. Şüadan uzaq durmalıdır. Ona telefona baxmaq qətiyyən olmaz”.
Xalq artistinin nəvəsi xəstəxanada nənəsinin yanında qalmağa ehtiyac duyulmadığını da qeyd edib:
“Nənəm palatadadır. Yanında yaxınlarından heç kəs qalmır. Xəstəxanada yüksək səviyyədə qulluq edirlər. Bizə deyiblər ki, “narahat olmayın, kiminsə qalmağına ehtiyac yoxdur”. Biz dünən onunla həkimi vasitəsi ilə görüntülü danışdıq. Çox səs-küy olmaz”.
Nəzrin Vahid
www.RIA24.az