Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində “Broadway Hekayəsi” adlı maraqlı musiqili tamaşa nümayiş olunub. Tamaşa Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub. Tamaşanın yaradıcısı və layihənin rəhbəri “Jam Group” şirkətinin baş direktoru Aziz Əzizovdur.
Tamaşa tamaşaçıları çeşidli rəqs nömrələri, rəngarəng kostyumlar, gözəl dekorasiyalar və təbii ki, peşəkar sənətçilər tərəfindən ifa olunan orijinal vokal əsərləri ilə valeh edib. Böyük musiqili tamaşanın hazırlığı 2 aydan çox çəkib. Komandanın əsas xoreoqrafı Dilarə Mürsəlovadır. Tamaşanın vokal və xor hissəsi, həm də layihənin idarə edilməsi üçün Rauf Musayevin xidmətlərindən istifadə olunub.
Ləman Mustafayeva və Yelizaveta Qorlenskaya kimi dekorasiya və kostyum yaradıcıları öz işləri ilə tamaşanın atmosferini ən yüksək səviyyədə əks etdirə biliblər.
Layihənin uğurlu baş tutması üçün ciddi kastinq keçirilib və 10 peşəkar ifaçı bu layihənin ayrılmaz bir hissəsi olaraq seçilib.
Layihənin həyata keçirilməsində Azərbaycan Gənclər İttifaqının sədri Zakir Əliyevin böyük rolu olub.
Qeyd edək ki, tezliklə “Jam SS” uşaq teatr studiyası açılacaq. Hazırda isə uşaqlar üçün yay məktəbi studiyası uğurla fəaliyyət göstərir.
“Jam SS” teatrının rəhbəri Aziz Əzizov tamaşanın gələcək planlarını bölüşüb: “Sentyabrın 23-də “The Greatest Showmen”, oktyabrın 7-də “Mama Mia: Story of Donna” musiqili tamaşaları teatrsevərləri gözləyir, həm də oktyabrın 15-də “Corpse Bride”, “Monsters in Baku” və digər maraqlı tamaşalar uşaqlar üçün təqdim ediləcək”.
www.RIA24.az