Vətən müharibəsinin iştirakçısı plastilinlə qeyri-adi, abstrakt heykəllər yaradır.
Oxu.Az xəbər verir ki, Bakıda yaşayan rəssam, heykəltaraş Fərid Məmmədov 2017-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olunub. 2020-ci ildə Vətən müharibəsində iştirak edib. Füzulidən Şuşaya qədər döyüş yolu keçib. “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Hazırda heykəltaraş kimi fəaliyyət göstərir.
Fərid Məmmədovun heykəltaraşlığa marağı uşaq yaşlarından yaranıb. İlk dəfə anası plastilindən gül düzəltməyi öyrədib. Müsahibimiz deyir ki, onu incəsənətə cəlb edən elə o plastilin olub:
“Həmin gündən sənətə marağım yarandı. Evdəkilər məni İncəsənət Gimnaziyasında təhsil almağa yönəltdilər. Mən də orada heykəltaraşlıq üzrə təhsilimi davam etdirdim. Plastilinlə daha çox eskizlər edirəm. Karandaşla olan eskizlərim çox azdır. 2009-cu ildən bəri sərgilərdə iştirak edirəm. Azərbaycanda cürbəcür sərgilər olur, əksəriyyətində iştirak etmişəm.
Orta təhsilimi başa vurduqdan sonra Memarlıq və İnşaat Universitetinə hazırlaşdım. Lakin imtahan vermək qismət olmadı. Daha sonra əsgər getdim. Əsgərlikdən gələndən sonra düşündüm ki, özümü heykəltaraşlıqda tapacağam. Ruhum onda dincəlir. Ondan öncə zərgərliklə də məşğul olmuşam. Sənətə aid bütün işlərdə fəaliyyət göstərmişəm. 2017-ci ildə Rəssamlıq Akademiyasına daxil oldum. Bu il də magistraturanı bitirdim”.
Heykəltaraş yaratdığı qeyri-adi heykəlləri haqqında məlumat verir:
“Köhnə Qarabağ ilə yeni Qarabağa aid heykəl yaratdım. Bu, “Qum saatı”dır. İşin adını dəyişib “Yeni gənclər” qoymaq istəyirəm. Çünki zamanı dəyişən bizim gənclər oldular.
Azərbaycanın formalaşdırdığı güclü oğullar Vətən uğrunda canlarından keçdilər. Onlara həsr etmişəm. O “Qum saatı”nı onlar çevirdilər. Biz də onların sayəsində başa düşdük ki, Vətən, torpaq və millət nədir. Bu “Qum saatı” Şuşa sərgisində üçüncü yerə çıxdı.
Digər çox təəccüblə qarşılanan heykəlimin adı “Başını burax” idi. 2018-ci ildə qəzaya düşdüm. Dərd mənə ağır gəlirdi. Hamı mənə deyirdi ki, “başını burax”. Axırda düşündüm ki, necə başını buraxmaq olur? Ağlıma belə bir ideya gəldi. Özümü təsəvvür etdim”.
F.Məmmədov ilk əl işindən söz açır:
“Bir dostum var idi. Bacısı xərçəng xəstəliyinə tutuldu. Kimyaterapiya alırdı. Hamı bilirdi ki, rəhmətə gedəcək. Skripka ifaçısı idi. Rəhmətə gedəndən sonra onun büstünü yaratmağı mənə həvalə etdilər. Onun son ifasına qulaq asa-asa mələk büstü düzəltdim. Adını da “Son ifa” qoydum.
Zodiak bürclərinə də fikir verirəm. Çox insan bürclərə inanmır. Bürclər insanları tanımağa mənə kömək edir. 12 bürc var. 12 nəfərdən birinin diqqətini çəkəcəyini düşünürəm. Ona görə bürcləri təsvir edən heykəllərə üstünlük verirəm. Eqoya aid heykəlim də var”.
Gənc heykəltaraş ötən il Sankt-Peterburqa, universitetdə praktikaya göndərildiyini söyləyir:
“Mən orada naturadan portret yaratdım. Bir də “Başını burax” heykəlinin başqa kompozisiyasını təqdim etdim. Çox təəccüblü gəldi. Məndən soruşdular ki, necə oldu, bunu yaratdın? Təcrübədən sonra orada qalmaq istəyirdim. Sonra düşündüm ki, bizdəki gənclərə aşılamaq lazımdır. Paxıl ol! Lakin yaxşı tərəfdən. Hər zaman bunu deyirəm.
Bizdə incəsənət sahəsində qazanc azdır. Məni yoran işlə məşğul olmamağa çalışıram. Kimin istedadı varsa, ruhlarının fərqində olsunlar. İşləsinlər, yaratsınlar. İnsanların istedadını üzə çıxarmaq istəyirəm. Təklif edirəm ki, paxıl insanlar gəlib öz maskalarını yaratsınlar”.
PhotoStock.az Fərid Məmmədovun abstrakt heykəllər yaratdığı emalatxanasından fotoreportaj hazırlayıb. Fotoları təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
www.RIA24.az