Həkim “allah”ların muzeyi: Tüpürcəklə müalicə, “baby box”, “kor” ginekoloq – REPORTAJ + FOTO

Mədəniyyət


Müxtəlif sahələrdə, xüsusilə təbabətdə iz qoyan şəxsiyyətlər, müəyyən nailiyyətlər barədə məlumatları, əsasən, internetdən axtarmağa öyrəşmişik. Bəzən bu ümumdünya şəbəkəsinin imkanları da məhdud olur, istədiyimizi əldə edə bilmirik. Ölkə səhiyyəsi ilə bağlı internetdəki bu boşluğu isə Azərbaycan Təbabəti Muzeyinin bazasının köməyi ilə qarşılaya bilərik – çünki burada səhiyyəmizin inkişaf tarixi, tibb işçilərimiz, onların fəaliyyəti haqqında məlumatlar, habelə onların Vətən və dünya elmindəki nailiyyətləri arxivləşdirilib.

Yolumuz təbabətin tarixi, loğmanlarımızın elmə miras qoyduqlarının qorunub-saxlandığı həmin muzeyədir.

Əvvəlcə onu deyim ki, 1984-cü ildə Azərbaycan SSR səhiyyə nazirinin əmri ilə yaradılan Azərbaycan Təbabəti Muzeyi rəsmi olaraq 29 yanvar 1986-cı ildə açılıb. Muzey 1889-cu ildə inşa edilmiş tarixi binada, keçmiş Qaraşəhər müalicəxanasının binasında yerləşir.

1914-17-ci illər arasında Həştərxan sürgünündən qayıdan görkəmli dövlət xadimi Nəriman Nərimanov bu müalicəxanada həkim kimi fəaliyyət göstərənlərdən biri olub. Bu barədə muzeyin giriş hissəsindəki qranit barelyef üzərindəki xatirə lövhəsində qeyd edilib.

Binaya daxil olub, pilləkənlərlə qalxırıq. Bizi muzeyin direktoru Sevinc Maniyeva qarşılayır.

Əslində, baxımsız, tozlu kitab rəflərinin olduğu otaqlar təsəvvür etmişdim. Amma gördüklərim təəccübləndirdi. Divarlardan həkim və tibb işçilərinin fotoları asılıb, köhnə tibbi avadanlıqlar, əlyazmalar, təbabətdə istifadə edilən otlar, məhlullar və s. səliqə ilə yığılıb.

Sevinc Maniyeva Oxu.Az-ın əməkdaşı ilə söhbət zamanı bildirir ki, fondda ümumilikdə 13 845 əşya saxlanılır:

“Onlardan 8 162-si əsas, 5 683-ü köməkçi fonda aiddir. Fond daim yeni materiallarla zənginləşir. Qədim tibb alətlərinin və materialların toplanması məqsədilə müntəzəm ezamiyyətlər təşkil olunur. Muzeyin ekspozisiya zallarında isə minə yaxın eksponat nümayiş olunur. Bu eksponatların bir qismi həkim və tibb işçilərinin özləri tərəfindən, bir qismi isə onlar vəfat etdikdən sonra ailə üzvləri tərəfindən muzeyə bağışlanıb”.

Muzeydə görkəmli şəxsiyyətlərdən Azərbaycanda tibb elminə verdiyi töhfələrlə minlərlə insanın xəstəliyinə çarə olmuş akademik Zərifə Əliyeva guşəsi mövcuddur.

O, Tibb İnstitutunu bitirdikdən sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçir. Bundan sonra o, 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi fəaliyyətə başlayaraq ordinatorluqdan baş elmi işçiyə qədər yol keçir, peşəkar mütəxəssis kimi formalaşır. Elmi fəaliyyətinin ilk dövründə Zərifə Əliyeva traxomanın erkən diaqnostikası, müalicəsi və profilaktikasına dair aktual elmi araşdırmalar aparır.

Azərbaycanda traxoma xəstəliyinin ləğvinə yönəldilmiş kompleks tibbi tədbirlər məhz Zərifə Əliyevanın adı ilə bağlıdır.

Kasıblara pulsuz tibbi yardım edən müəssisələr

XX əsrin əvvəllərində milli azadlıq məfkurəsi üzərində köklənən vətənpərvər ziyalılar nəslinə mənsub həkimlərimzidən biri isə Xudadat bəy Rəfibəyli olub.

Hər kəs onu fəaliyyəti dövründə heç bir xəstədən bir qəpik belə almayan ziyalı kimi tanıyıb, hörmət edib.

Mənbələrə görə, o, yanına gələn xəstənin dərman almağa pulu olmayanda onun cibinə pul qoyur, ona müalicəsini davam etdirə bilməsi üçün maddi yardım göstərirmiş.

Xudadat bəy Rəfibəyli peşəkar cərrah, həm də olduqca savadlı terapevt olub. O vaxt 6 saylı Gəncə Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Birinci Dünya müharibəsi ərəfəsində, 1914-cü ildə Xudadat bəy tanınmış ictimai xadim Həsənbəy Ağayevlə birlikdə Gəncə Tibb Cəmiyyətini təsis edib. Cəmiyyətin əsas vəzifəsi kasıb adamlara pulsuz tibbi yardım göstərmək, aclıq və xəstəlikdən əziyyət çəkən yüzlərlə insanın həyatını xilas etməkdən ibarət olub. Gəncə Tibb Cəmiyyəti, xüsusilə, xəstə kasıb uşaqlarının müalicəsini diqqət mərkəzində saxlayır, hər il onların müalicəsinə xeyli vəsait xərcləyirmiş.

Şərqdə ilk demokratik respublika qurulduqdan sonra Xudadat bəy Rəfibəylini Azərbaycan Xalq Cümhuriyyətinin səhiyyə və sosial təminat naziri vəzifəsinə təyin edirlər. Bu vəzifədə o, ölkəmizdə yeni səhiyyə ocaqlarının yaradılmasında, həmin dövrdə tüğyan edən yoluxucu xəstəliklərin aradan qaldırılmasında böyük əmək sərf edir.

1918-ci ilin dekabrında Fətəli xan Xoyskinin hökuməti istefa verdikdən sonra Xudadat bəy Rəfibəyli ölkənin səhiyyə və sosial təminat naziri vəzifəsini tərk edərək, yenidən Gəncəyə qayıdır.

Həmin ərəfələrdə bölgələrdə daha çox taun xəstəliyi yayılmışdı. Xudadat bəy həmfikirləri ilə birlikdə Gəncə yaxınlığındakı Zurnabad kəndində taun əleyhinə stansiyanın yaradılmasına nail olur. Bu vasitə ilə o, qorxulu bir bəlaya çevrilən taun xəstəliyinin qarşısının alınması istiqamətində mühüm işlər həyata keçirir.

Ancaq sovet hökuməti qurulandan sonra, 1920-ci ilin mayın 12-də Xudadat bəy Rəfibəylini həbs edirlər. O, silahlı əsgərlərin nəzarəti altında Gəncədən qatarla Bakıya gətirilir. Sofikyan soyadlı erməni müstəntiq Rəfibəylinin erməni kəndlərinin yandırılması və yerli əhaliyə divan tutması iddiası ilə mühakimə edilməsinə nail olur və iyunun 1-də onu gizlicə Xəzər dənizindəki adalardan birinə apararaq güllələyirlər.

Yalnız ölümündən 70 ildən sonra Xudadat bəy Rəfibəyliyə bəraət verilir.

İlk ali təhsilli həkim qadın

Azərbaycanın ilk qadın oftalmoloqu Sona İbrahim qızı Vəlixanova olub. O, 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirib və Azərbaycanda ilk ali təhsilli həkim qadın kimi çalışıb.

1933-cü ildə tibb elmləri doktoru elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub. Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi olan, 1931-ci ildə yazdığı “Endoftalmitin patoloji anatomiyasına dair” məqaləsi Nobel Komitəsinin diqqətini cəlb edib. Nobel mükafatına namizədliyi qeydiyyata alınıb. İkinci Dünya müharibəsinin başlanması səbəbindən onun elmi işi müvəffəqiyyət qazanmayıb. “Qırmızı ulduz” ordeni, “Tibb əlaçısı” döş nişanı, eləcə də iki medalla təltif olunub.

Musiqili cərrahiyyə

Sevinc xanım deyir ki, dahi Üzeyir Hacıbәyov bu cərrahı “tәbabәtin filosofu vә bәstәkarı” adlandırırdı:

“Söhbət Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri olan Mustafa Topçubaşovdan gedir. O, cərrahiyyə əməliyyatlarını pasiyentlərin ən sevdiyi musiqilərin sədaları altında icra edirdi və müsbət nəticə alırdı. Bunu müasir tibdə yeni-yeni tətbiq edirlər, amma M.Topçubaşov öz dövründə bundan istifadə edirdi.

M.Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu – inyeksion efir-yağ narkozunu – anelgeziya üsulunu kəşf edib. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasiya narkozu zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyası və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlanıb.

Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının “Analgezin” adı altında istehsal edilməsinə icazə verilib. 1953-cü ildə o, Stalin mükafatı laureatı və 1975-ci ildə “Sosialist Əməyi Qəhrəmanı” yüksək adlarına layiq görülüb”.

Azərbaycan Təbabəti Muzeyinin yeddi zalında Mustafa Topçubaşovun həyat və fəaliyyətini əks etdirən guşələr mövcuddur. Həkim-jurnalist Məhəmməd Süleyman M.Topçubaşovla çox yaxın dost olub. M.Süleyman özünün “And içirəm” kitabında yazır ki, M.Topçubaşovla söhbət zamanı bir dəfə ölümün tərifini verərkən belə deyib:

“Mənim dilimdə “ölüm” sözü yoxdur. İnsanda daxili üzvlərdən birinin funksiyasının tam itirilməsi insanın ölməsi demək deyil. Çoxlarının həyatı bu itkidən sonra başlayır”.

“Uşaqların allahı” adlandırılan həkim…

Çox maraqlı bir cümlə məni düşünməyə vadar etdi: “Mənim Vətənim uşaqlardır”… Azərbaycan səhiyyəsinə əvəzsiz töhfələr vermiş Yevsey Yakovleviç Gindes ondan harada yaşadığını soruşan hər kəsə bu cür cavab verirmiş.

Milliyyətcə yəhudi olan bu alim səhiyyəmizdə pediatriyanın inkişafında silinməz izlər qoyub.

Ekskursiya aparıcısı Zemfira Dadaşovanın sözlərinə görə, XX əsrin əvvəllərində Azərbaycanın səhiyyə tarixində Yevsey Yakovleviç Gindesin adı keçir:

“Çoxları onu cümhuriyyət naziri, ya da uşaq həkimi kimi tanıyırlar. Yevsey Gindes təhsilini Kiyev Universitetinin Tibb fakültəsində alıb. Bakıya təyinatına qədər doktor Kiyev şəhərində yaşayıb, Aleksandrovskaya xəstəxanasında çalışıb. Ümumrusiya müsabiqəsində qalib gələrək Bakıda, Qaraşəhərdə 150 çarpayılıq ilk uşaq xəstəxanasının müdiri təyin edilib.

Etdiyi fədakarlıqlara görə repressiya dövründə bu təqib ondan yan keçir. O qədər ki xəstə uşaqların arxasınca gedir, onların müalicəsi üçün öz cibindən pul xərcləyirdi, hər kəs onu çox sevir, hörmət edirdi.

Bir dəfə Y.Gindes tramvaya minir, kənarda ayaq üstə dayanır. Yaşlı bir bakılı onu görür və ayağa qalxaraq bütün sərnişinlərə səslənir:

“Siz tanıyırsınız bu kimdir? O, Yevsey Yakovleviç Gindesdir, uşaqların Allahıdır”.

Y.Gindes 1918-ci ilin 26 dekabrından 1919-cu ilin 14 martına qədər Azərbaycan Xalq Cümhuriyyətinin xalq səhiyyəsi naziri vəzifəsini şərəflə daşıyıb. İşinə hədsiz vicdan və məsuliyyətlə yanaşan Gindes “Şamaxinka”da yerləşən uşaq xəstəxanasının təşkilatçısı və 1922-ci ildən baş həkimi olub. 150-dən artıq elmi əsərin müəllifi olan Y.Gindes 1941-ci ildə dissertasiya müdafiə etmədən tibb elmləri doktoru, professorluğa kimi yüksəlib. 1932-ci il noyabrın 4-də Ümumazərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin qərarı ilə professor Y.Y.Gindesə “Azərbaycan SSR Əmək Qəhrəmanı” adı verilib. Yevsey Gindes 1954-cü il sentyabrın 5-də Bakıda vəfat edib”.

Ölkənin altı mütəxəssisindən biri

Muzeydə Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynayan həkimlər sırasında M.Mirqasımov, görkəmli cərrah M.Topçubaşov, Ə.Qarayev və başqaları ilə yanaşı, Mustafa Mahmud oğlu Hacıqasımov barədə də məlumatlar yer alır.

M.Hacıqasımov Azərbaycanda akuşer-ginekoloji xidmətin təşkilatçılarından biri idi. Deyilənə görə, XX yüzilliyin əvvəllərində respublikada akuşer-ginekologiya üzrə altı mütəxəssisdən biri olub. Onlardan yalnız biri azərbaycanlı olub, o da Mustafa Hacıqasımov idi.

1883-cü ildə Ağstafada anadan olan M.Hacıqasımovun Hacı Zeynalabdin Tağıyevin təqaüdü ilə təhsil aldığına dair məlumatlar var.

Zemfira Dadaşova deyir ki, o, 1919-cu ildən 1938-ci ilədək Əzizbəyov adına xəstəxananın ginekologiya şöbəsinin müdiri olub:

“Eyni zamanda, akuşer kurslarına rəhbərlik edirdi. Mənbələrdə 1927-1938-ci illərdə doğum evinin direktoru vəzifəsində çalışdığı qeyd edilib. Onun xəstəxanada işlədiyi müddətdə çarpayıların sayı 24-dən 400-ə çatdırılıb, rəhbərlik etdiyi dövrdən 1938-ci ilədək 6 000 əməliyyat icra olunub. Sonralar bu Xəstəxana Azərbaycan Tibb Universitetinin kadr hazırlığı üzrə bazasına çevrilib. M.Hacıqasımov doğum evi ilə bərabər, Azərbaycan Tibb Universitetinin akuşer-ginekologiya klinikasında da çalışıb. Azərbaycanda akuşer-ginekologiya üzrə ilk milli kadrlardan biri olan M.Hacıqasımovun adının əbədiləşdirilməsi məqsədilə uzun illər fəaliyyət göstərdiyi Əzizbəyov adına 1 saylı doğum evinə onun adı verilib”.


(Orta əsrlərdə həkimlərin istifadə etdikləri tibbi alətlərin imitasiyası).


(Həcəmət, dəllək ülgücü, küpə. Bununla hicama prosesi həyata keçirilirdi).

Əsrdən çox yaşı olan eksponatlar, Nobel mükafatına iddia edən ixtira

Muzeydə 1900-cü, 1930-cu illərə aid olan tibbi alətlər – stomatoloqların, oftalmoloqların, laboratoriya şəraitində istifadə edilən cihazlar, mikroskoplar və s. sərgilənir. Hər biri də həkimlərin özləri və ya ölümündən sonra ailə yaxınları tərəfindən muzeyə bağışlanıb.

Qeyd edim ki, muzeyə giriş tam ödənişsizdir və öz hesabına maliyyələşir.

Bu guşədə isə müxtəlif xəstəliklərin müalicəsində şirəsindən, suyundan, özündən istifadə olunan bitkilər sərgilənir. Bunlar xüsusi əttarlar tərəfindən toplanıb, hazırlanırdı.

Eksponatlar arasında ilk sanitar işçinin geyimi də xüsusi diqqət çəkir. Eləcə də, burada səhiyyəmizdə istifadə edilən elektroterapiya cihazı da sərgilənir.

Mustafa Topçubaşovun yad cisimlərin orqanizmdən çıxarılması ilə bağlı ixtira etdiyi cihazın imitasiyasını da burada görmək olar.

Sevinc xanım deyir ki, bu aparata görə M.Topçubaşova 1978-ci ildə Nobel mükafatı veriləcəkdi, lakin erməni lobbisi buna mane olub.

Topçubaşov həm də ilk dəfə müharibə vaxtı dəniz suyunu qan əvəzi istifadə edərək, yaralıların həyatını xilas edib.

Muzeydə aldığımız məlumatlardan təəccüblənməmək əldə deyil. Azərbaycanda 64 ədəd evakuasiya hospitalı olub ki, onlar vasitəsilə müharibə dövrlərində yaralılar xüsusi marşrut xətti ilə hərəkət edən sanitar qatarları ilə hospitala gətirilirmişlər.

1992-ci ildə Xocalı həkimlərinin əlyazmaları…

Sevinc xanım aparılan araşdırmalar zamanı arxivdən Xocalı qətliamı dövründə çalışan həkimlər barədə qeydlərin üzə çıxdığını deyir:

“Həmin tapılan sənədlərə əsasən, Xocalı həkimlərinin 1992-ci ilin avqust ayında buraya gəldikləri məlum olur. Bu qeydlər onların öz əlyazmaları olub. Təsəvvür edin, o həkimlərin adları, kimlikləri barədə çox yerdə geniş məlumat yoxdur. 30 ildən sonra biz bu qeydləri tapdıq, məlumatlarını yazdıq. Bilmirəm, onlar indi sağdırlar, yoxsa yox. Amma o vaxt ölkə başçısı onlara fəxri adlar da verib”.

Fransaya gedib çıxan Naftalan nefti

Hələ qədim zamanlardan Naftalan nefti Nizaminin əsərlərində yer alır və onun müalicəvi əhəmiyyətindən danışılır.

Zemfira Dadaşova deyir ki, 19-cu əsrin sonlarında Yeger adlı alman mühəndis Azərbaycana gəlir və Naftalanda araşdırma aparır:

“Araşdırma apardığı müddətdə Naftalanda zavod tikdirir. Bu zavodda Naftalan neftindən məhlul hazırlayır və tərkibini gizli saxlayır. “Yeger” adlandırılan bu məhsul Fransada gözəllik salonlarında, kosmetoloji klinikalarda istifadə edilir. Daha çox üzdə qırışların, qocalmaların qarşısını almaq üçün istifadə edilir. Bir çox Avropa ölkələrində bu məhlul çox böyük rəğbət qazanır. Birinci Dünya müharibəsi dövründə yapon əsirlərin çantasından bu məhlul tapılmışdı. 1935-ci ildən sonra Naftalanda sanatoriyalar tikdirilmişdi. Bu sanatoriyalarda 100-dən çox xəstəliyin müalicəsində Naftalan neftindən və ondan hazırlanan məhlullardan istifadə edilir”.

“Qadınların allahı” adlandırılan həkim-ginekoloq

Sevinc Maniyevanın sözlərinə görə, o dövrdə həkim-ginekoloq işləyən Fyodr İlyin 1898-ci ildə Nikolayevsk Dəniz Akademiyasını bitirib:

“Varşavada artilleriya briqadasında həkim kimi xidmət keçməklə bərabər, Varşava Universitetində təcrübə keçib və burada doktorluq imtahanı verib. Sonra o, Varşavadan Uzaq Şərqə göndərilib, burada Rusiya İmperator Donanmasının sərnişin və hərbi gəmilərində xidmət edib.

1906-cı ildə istefaya çıxıb və özünü təbabətə həsr edib. Mübaliğəsiz olaraq onu Sovet Rusiyasında, daha sonra Azərbaycanda mamalıq və ginekologiyanın banisi adlandırmaq olar. F.İlyin 1920-ci ildə mütəxəssis həkimlərdən ibarət qrupun tərkibində Bakıya ezam olunub və ömrünün sonunadək burada qalıb. O, həm də Teo Eli təxəllüsü ilə yazıçı kimi də fantastik əsərlər yazıb.

Birinci Mamalıq-ginekologiya kafedrası 1920-ci ildə respublikanın yeganə ali təhsil ocağı olan Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinin nəzdində təşkil edilmişdi. Kafedranın yaradıcısı və ilk rəhbəri professor F.N.İlyin olmuşdu.

F.İlyin 1959-cu ildə vəfat edib. Onun barəsində gənc azərbaycanlı kinorejissor Rauf Əliyev və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) əməkdaşı Dmitri Ponomaryov tərəfindən “Qadın tanrısı” adlı sənədli film çəkilib.

Fyodr İlyinin fəaliyyəti illərində gözləri tutulur. Bu zaman hər kəs onun karyerasının bitəcəyini zənn edir. Lakin o dövrdə bunu bilən qadınların hamısı məhz onun qəbuluna yazılır və müalicə alırlar. Gözləri tutulsa da, müalicə və diaqnozları düzgün qoyan F.İlyin ikinci dəfə məşhurlaşır. Qadınlar ginekoloqa getməyə utanırdılar. Bu səbəbdən də gözləri görməyən F.İlyinin yanına getməyi üstün bilirdilər. Beləliklə də peşəkar ginekoloq “qadınların allahı” kimi tanınmağa başlayıb. Hətta o dövrdə bəzi həkimlər onun gözlərinin gördüyünü, yalandan özünü korluğa vurduğunu deyirdilər. Amma həkim sənədləri və müayinələr F.İlyinin, həqiqətən, gözlərinin görmədiyini sübut edirdi”.

Hazırkı Kliniki Tibbi Mərkəzin ərazisi

Zemfira Dadaşova deyir ki, hazırda paytaxtdakı Kliniki Tibbi Mərkəzin ilk fəaliyyəti vəba xəstəliyinin sağaldılması istiqamətində olub:


(Kliniki Tibbi Mərkəzin binasının 1914-1917-ci illərdə Vəba barakları)

“Belə ki, 1914-17-ci illərdə Bakıda vəba xəstəliyi geniş yayılır. Bu xəstəliyin qarşısını almaq üçün həmin ərazidə 19 vəba barakası tikilir. Daha sonra bu baraklar sökülür. Onun yerində fəaliyyəti dövründə adı üç dəfə dəyişdirilən, hər kəsin “Semaşko” kimi tanıdığı Kliniki Tibbi Mərkəz fəaliyyət göstərir. Keçən əsrin əvvəllərində Bakıda asfalt, yaşıllıq ərazilər, demək olar ki, yox idi, paytaxtımız isə hər zaman küləklər şəhəri olub. O ərəfələrdə traxoma göz xəstəliyi geniş yayılır. Onun qarşısını almaq üçün isə süni şəkildə mazut gölməçələri yaradılmağa başlanılır”.

Əliağa və Nigar Şixlinskilərin təşəbbüsü ilə Qırmızı Aypara Cəmiyyətinin yaradıldığını deyən Z.Dadaşova onların bu sahədə çox böyük rolu olduğunu qeyd edib.

1900-cü illərdə atılmış uşaqlar üçün “baby box”lar

Zemfira xanım deyir ki, o dövrdə Bakılılar Xeyriyyə Cəmiyyəti küçəyə atılan uşaqların həyatını xilas etmək üçün Bakıda uşaq evləri yaradırdı:

“O vaxt tez-tez küçəyə atılan uşaqlara rast gəlinirdi, bu səbəbdən də uşaq evləri tikildi. Uşaq evlərinin qarşısında, fotoda gördüyünüz kimi, dəmir qablar qoyulurdu. Uşağından imtina edən şəxslər körpələri oraya atırdılar və qutunun qapağı açılıb-bağlananda içəridə zəng çalınırdı. Bu zaman qutuya uşaq atıldığını bilib, işçilər dərhal uşağı götürürdülər. Foto real atılmış uşağın şəklidir”.

“Tüpürcəklə müalicə” metodu

Muzeydə sərgilənən, rəssam Əzim Əzimzadənin müəllifi olduğu rəsmlərdə o dövrdə bir sıra xalq təbabəti üsulları təsvir edilib.

Zemfira Dadaşova deyir ki, rəsmlərin birində molla boğaz ağrısını müalicə edir:


“Rəvayətə görə, o vaxt boğaz ağrısı olan şəxs mollaya müraciət edərdi. O isə bir sıra dualar oxuyub həmin şəxsin ağzına tüpürərdi. Bununla da boğaz ağrısı keçirdi. Nə dərəcədə doğru olduğunu deyə bilmərik, amma bu və digər qeyri-adi “müalicə” metodları bu gün də bəzi ucqar kəndlərdə davam edir. O səbəbdən, bəlkə də, həqiqətən belə olub. Digər şəkildə təbii doğum prosesi təsvir edilib. Yenə molla dua oxuyaraq doğumu həyata keçirir. Növbəti rəsmdə isə molla uşağı ox və yay ilə qorxudaraq bir növ çıldağ edir (qorxuluğunu çıxarır). Möhür və digər dualar, oxunmuş boyunbağılar da bir sıra müalicəvi proseslərdə istifadə edilirdi”.

Adam muzeydən ayrılmaq istəmir. Burada tibb işçiləri, həkimlər barədə minlərlə maraqlı informasiyalar toplamaq olar. Bu muzeyi kəşf etmək üçün bir yazı kifayət etməz. Düşünürəm ki, bu muzeydən hələ çox və daha maraqlı məlumatlar yazacağam. Hələlik vaxtımız məhdud olduğundan muzeyin qapılarını elə rəhbərliklə birlikdə bağlayıb, çıxırıq.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir