Dünya şöhrətli müğənni və bəstəkar, daha çox Şineyd O`Konnor kimi tanınan Şuhada Sadakat vətəni İrlandiyada 56 yaşında vəfat edib.
Bu barədə mərhum ifaçının ailəsi xəbər verib. Ancaq ölümünün səbəbi açıqlanmayıb.
Bununla əlaqədar olaraq Oxu.Az məşhur ifaçının keşməkeşli həyatından vacib məqamlardan bəzilərini təqdim edir.
Şineyd şöhrətin zirvəsinə 1990-cı ildə müğənni Prinsin “Nothing Compares 2 U” mahnısının kover versiyası ilə qalxmağa başlayıb.
Musiqinin klipi “YouTube”da təxminən 400 milyon dəfə izlənilib.
Cəsarətli və açıqsözlü, üzündə dəyişməz iztirab ifadəsi, formasız kapüşonlu geyimləri və saçı dibindən qırxılmış halda o, dövrünün pop mədəniyyətində qadınlıq və seksuallıq stereotiplərinə meydan oxuyub.
Bu səbəbdən o, hər kəsin yaddaşında təkcə musiqisi ilə deyil, həm də din, seks, feminizm, müharibə ilə bağlı fikirləri ilə yadda qalıb.
Məsələn, 1992-ci ildə “Saturday Night Live” verilişində çıxış edərkən canlı yayımda o, Papa II İohann Pavelin fotosunu cırıb. O’Konnor daha sonra bu yolla kilsədəki cinsi zorakılıq probleminə və bu barədə danışılmamasına diqqət çəkmək istədiyini deyib.
“Bilirsiniz, hər kəs pop ulduzları istəyir, mən isə etirazçı müğənniyəm. Mənə sadəcə qəlbimdəkilər haqqında danışmaq lazımdır. Məni şöhrət cəlb etmir”, – deyə o, memuarlarında yazıb.
O’Konnor 2018-ci ildə “həyatının nuru” adlandırdığı İslamı qəbul edib və adını Şuhada Sadakat olaraq dəyişib. Bununla belə o, səhnə fəaliyyətini Şineyd O’Konnor kimi davam edib.
Şineyd həyatında ən böyük şoku 2022-ci ildə yaşadı – 17 yaşlı oğlu Şeyn intihar etdi. Bundan sonra ifaçı kədərdən xəstəxanaya düşdü. Oğlunun ölümündə özünü günahkar hesab edən ifaçı müsahibələrinin birində Şeynsiz həyatını mənasız hesab etdiyini və toxunduğu hər şeyi məhv etdiyini, bu səbəbdən oğlunun ardınca getməyə qərar verdiyini deyib.
Qeyd edək ki, O’Konnorun ümumilikdə 10 studiya albomu buraxılıb. 1990-cı ildə “I Do Not Want What I Haven’t Got” albomuna görə “Grammy” mükafatına layiq görülən ifaçının son albomu “I’m Not Bossy, I’m the Boss” 2014-cü ildə çıxıb.
2021-ci ildə O’Konnor “Rememberings” adlı xatirə kitabını nəşr etdirib.
www.RIA24.az