“Avropa İttifaqı bölgədə vəziyyəti qızışdırır və sonra da kənarda dayanıb prosesləri izləyir” – RƏY + FOTO

Siyasət


“Avropa İttifaqının Ermənistandakı missiyasının maşın karvanını hərbi konvoy kimi müşayiət etməsi onun riyakarlığının əyani təzahürüdür”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, uzun illər Azərbaycana qarşı ikili standartlardan çıxış edən Qərbin bəzi dairələrinin riyakarlığı, qızışdırıcı əməlləri yenə də özünü açıq büruzə verir.

Deputat qeyd edib ki, bu gün islamofobiyanın və rasizmin tüğyan etdiyi bəzi Avropa ölkələri çirkin iç üzlərini bu məsələdə də növbəti dəfə nümayiş etdirirlər:

“Avropa İttifaqının Quranın yandırılmasına qarşı heç bir tədbir görməməsi, bu azmış kimi, çirkin və anti-insani əmələ bəraət qazandırması rasizmin, dini və irqi ayrı-seçkiliyin artıq ictimai səviyyədən rəsmi strukturlar səviyyəsinə yüksəldiyini aydın göstərir. Artıq Avropa İttifaqı Komissiyası, Avropa Parlamenti, Avropa İttifaqı Şurası, Avropa Şurasında islamofobiyanın ən eybəcər formada təzahür etdirdiyi hamıya bəllidir”.

Milli Məclisin üzvü vurğulayıb ki, Avropa İttifaqı bu məsələdə faktiki olaraq qızışdırıcı mövqe nümayiş etdirir və sonra da prosesləri izləyir:

“Bu gün guya Qarabağdakı ermənilərin qayğısına qalan, mövcud vəziyyətdən narahatlıq keçirən Avropa ölkələri 90-cı illərdə Ermənistanın işğalı nəticəsində Azərbaycanda bir milyon qaçqın və məcburi köçkün yaranmasından, humanitar fəlakətdən niyə narahatlıq keçirmirdi? Bu gün də Naxçıvan Muxtar Respublikası blokadadır, Ermənistan kommunikasiyaların açılmasını əngəlləyir. Avropa İttifaqı bu məsələdən niyə narahat deyil? Ən azı, heç olmasa, öz simalarını saxlamaq naminə 30 ildən artıq müddətdə blokadada olan bu bölgəyə bir dəfə humanitar yardım məsələsini gündəmə gətirə bilərdilər”.

V.İskəndərov sonda onu da əlavə edib ki, bütün bu cəhdlər əbəsdir:

“Azərbaycanı öz qətiyyətli və haqlı mövqeyindən heç bir qüvvə çəkindirə bilməz. Bu gün regionda bir reallıq var. O reallığı da 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və Azərbaycan dövləti yaradıb. Həm Ermənistan, həm də onun xarici havadarları, o cümlədən, Qərbin bəzi riyakar dairələri bunu unutmasınlar. Onlar bir şeyi də bilsinlər ki, bütün bu oyunlara, çirkin məqsədlərə baxmayaraq, Azərbaycan öz ərazisində qeyri-qanuni fəaliyyətlərə legitimlik qazandırılması cəhdlərini birmənalı olaraq rədd edir və bu cəhdlərin qarşısını bundan sonra da qətiyyətlə alacaq”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir