Yeni sənədlər təhsil sahəsində hansı yeniliklərə səbəb olacaq? – FOTO

Siyasət


Prezident İlham Əliyev iyulun 24-də təhsillə bağlı sərəncam və fərmanlar imzalayıb. Bu sənədlərə əsasən, təhsil sahəsində hansı yeniliklər, dəyişikliklər olacaq?

“Qafqazinfo” bununla bağlı millət vəkillərinin və təhsil ekspertinin rəyini öyrənib.

Deputat Fatma Yıldırım bildirib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaradılması mühüm addımdır:

“Elm və təhsil sahəsində atılan bu addımları dəstəkləyirəm. İnanıram ki, bununla elm və təhsil sahəsində getdikcə çox mühüm nailiyyətlər əldə edəcəyik. Belə hesab edirəm ki, agentlik elm və ali təhsil sahəsində tənzimləmə və idarəetməni qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirməyə xidmət edəcək. Eyni zamanda, innovativ, çevik, nəticəyönlü və səmərəli idarəetmə modelinin yaradılması nəticəsində elm və təhsilin inteqrasiyası daha da sürətlənəcək.

Agentliyin yaradılması xüsusilə də əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığına dair tələbatın müəyyən edilməsinə və yeni ixtisasların yaranmasına zəmin yaradacaq.

Elmi və ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətinin Elm və Təhsil Nazirliyi tərəfindən əlaqələndirilməsi və istiqamətləndirilməsi, eləcə də elmi fəaliyyətlə tədris prosesinin inteqrasiyası elm və təhsilin inkişafında əhəmiyyətli dəyişikliyə səbəb olacaq”.

Digər parlamentari Aydın Mirzəzadənin sözlərinə görə, son dövrlərdə məktəbəqədər və ümumi təhsil sahəsində əhəmiyyətli işlər görülməkdədir:

“Tərbiyəçi-müəllimlər və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri imtahanla işə qəbul olunurlar. Ölkəmizdə müxtəlifmiqyaslı idman, bilik yarışları, fənn olimpiadaları və müsabiqələr keçirilir ki, bununla da xüsusi istedada malik təhsilalanlar müəyyən edilir və onların gələcək fəaliyyətləri stimullaşdırılır. Xüsusilə məktəblilərimizin beynəlxalq olimpiadalarda əldə etdikləri uğurlar görülən işlərin nəticəsi olaraq dəyərləndirilə bilər.

Prezidentin imzaladığı sərəncamla yaradılan Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi sayəsində məktəbəqədər və ümumi təhsil üzrə tənzimləmə və idarəetmə qabaqcıl beynəlxalq təcrübə əsasında daha təkmilləşdiriləcək. Eyni zamanda, bir sıra icra səlahiyyətlərinin agentliyə ötürülməsi müvafiq sahələrdə təhsilin əhatə dairəsinin genişləndirilməsinə və keyfiyyətinin artırılmasına imkan verəcək”.

Təhsil eksperti Adil Vəliyev qeyd edib ki, imzalanan mühüm sərəncam, qanun və fərmanlar sayəsində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əskini tapan elm və təhsil sahəsində strateji hədəflərə çatmaq baxımından xeyli irəliləyişlər olacaq:

“Dəyişikliklərdən biri müəllimlərin sertifikatlaşdırılması prosesinə dair idi. Ölkəmizdə artıq ikinci ildir ki, keçirilən sertifikatlaşdırma bu baxımdan mühüm əhəmiyyətə malikdir. Yeni dəyişikliklərə əsasən, müəllimlər 3 il işlədikdən sonra sertifikatlaşdırmadan keçə biləcəklər. Bu müddət əvvəlki qanunvericiliyə əsasən isə, 5 il idi. Əlbəttə ki, bununla da daha çox sayda müəllim sertifikatlaşdırma prosesinin maddi stimullaşma imkanı və karyera inkişafına töhfəsindən yararlana biləcək.

Məktəbəqədər təhsil müəssisələrində işləyənlərin də ilk dəfə olaraq sertifikatlaşdırmadan keçməsi ilə bağlı məsələ təhsil qanunvericiliyində öz əksini tapıb. Bu həm də məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərin maddi stimullaşdırılması və peşəkar inkişafına əsaslı təsir edəcək.

Əlavə olaraq, yaşı 60 və daha yuxarı olan müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllülüyü qəbul edildi. Bu müəllimlər özünüqiymətləndirmək və əməkhaqqı artımından yararlanmaq məqsədilə sertifikatlaşdırmada iştirak edə biləcəklər”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir