Sumqayıt şəhərində 1954-cü il təvəllüdlü Xalid münaqişə zəminində həyat yoldaşı Səkinəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində baş verib.
Xalid idarə etdiyi “Mercedes-Benz” markalı avtomaşının salonunda həyat yoldaşı Səkinənin sifətinə əli ilə vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Xalidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xalid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, zərərçəkmiş Səkinə onun həyət yoldaşıdır, onlar eyni ünvanda yaşayırlar:
“Hadisə günü, saat 12 radələrində yaşadığım binanın həyətində arxa tərəfdə olan zaman Səkinə yanıma gəldi. Məndən keçən ay verdiyi su pulunu nə üçün ödəmədiyimi soruşdu, bu ay onun iştirakı ilə su pulunu ödəməli olduğumu dedi. Sonra Səkinə idarə etdiyim “Mercedes-Benz” markalı avtomobilə qabaq sağ oturacağında əyləşdi. Məndən avtomaşını sürməyimi, su pulu ödəməyə aparmağımı bildirdi. Mən də avtomaşının sükanı arxasına əyləşdim. Səkinəyə avtomaşından yerə düşməsini bildirdim. Lakin Səkinə avtomobildən düşmədi. Bu səbəbdən aramızda mübahisə oldu. Mən də əsəbiləşərək Səkinənin avtomobildən yerə düşməsi üçün əlimin arxası ilə gözünə vurdum. Lakin Səkinə yenə də avtomobildən düşmədi. Bu səbəbdən Səkinəni avtomobildə qoyaraq özüm düşdüm və oradan kənarlaşdım”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Xalidin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
www.102info.az