Dünyada Fransa qədər demokratiya, hüquq və azadlıqlardan bəhs edən ikinci bir dövlətə çətin rast gəlmək olar. Sözü ilə əməli uyğun gəlməyən dövlətlərin kateqoriyasında Fransa lider mövqeyini qoruyub saxlayır, desək, yanılmarıq. Bu “uğur”un və “status”un qazanılmasında sözsüz ki, prezident Emmanuel Makronun “əvəzsiz” rolu var. Avropada “demokratiya carçısı” tituluna iddialı kimi görünməyə çalışan Makron özünü dünyada insan haqlarının bir nömrəli müdafiəçisi kimi təqdim etmək, beynəlxalq ictimaiyyətə məhz bu obrazı sırımaq istəyir.
Götürək elə Fransada baş verən son hadisələri. Onun əlcəzairəsilli miqrantın güllələnməsinə hələ də lazımı reaksiya verməməsi bu qənaəti daha da möhkəmləndirir. Baş vermiş hadisələr əslində prezident Emmanuel Makron siyasətinin tam tənəzzülə uğramasının nəticəsidir. Artıq Fransa xalqı da anlayır ki, onun sonudur və getməlidir. Keçirilən rəy sorğuları da bunu deməyə əsas verir. Demokratiya mərkəzi olan Fransa artıq diktaturanın tüğyan etdiyi ölkəyə çevrilir. Elə həftə, ay, il yoxdur ki, Fransa qalmaqalların mərkəzində olmasın.
Onu da qeyd edək ki, E.Makronun xarici siyasəti də daxilini təkrarlayır. Cənubi Qafqazdan tutmuş, Asiya, Afrika kimi ölkələrdə onun mənfur və çirkin siyasətinin nəticələrinə rast gəlmək mümkündür. Fransa prezidenti tarixi cinayətlərlə dolu ölkəsinin törətdiyi soyqırımılara görə hələ də üzrxahlıq etməyib. Halbuki, təkcə, 1830-cu ildən 1960-cı ilə qədər fransız kolonistlərin əlcəzairlilərin başına gətirdikləri müsibətlər, soyqırımı siyasəti hər kəsə bəlli həqiqətdir. 1,5 milyondan çox əlcəzairlini soyqırımı nəticəsində məhv etmiş Fransa dövləti bu gün də eyni siyasəti müxtəlif formalarda davam etdirməkdədir. 17 yaşlı əlcəzairli gəncin polis tərəfindən vəhşicəsinə qətlə yetirilməsi də bunun əyani sübutudur. O sadəcə Fransa vətəndaşı olaraq güllələnməyib, məhz əlcəzairli olduğuna görə öldürülüb və bu, irqi zəmində baş verib. İrqçilik və insan haqlarının pozulması əslində Fransanın dövlət siyasətinin mühüm elementinə çevrilib. Ölkə daxilində yaşanan gərginlikləri səngitmək əvəzinə üzünü keçmiş koloniyalarına tutur, oradakı proseslərə müdaxilə edir.
Yaxud, Nigerdə cərəyan edən son hadisələri götürək. Bu ölkədə baş verən hərbi çevrilişdən sonra Fransa rəsmiləri hərbi müdaxilə planları barədə danışmağa başlayıb. Yayılan məlumatlara görə, E.Makron sadəcə Nigerdə yaşanan qiyamlar səbəbindən bu ölkədə uran yataqlarının itirilməsindən ehtiyat edir və isterik vəziyyətə düşüb. Bu səbəbdən də Nigerdəki hərbi çevriliş Fransa üçün xoşagəlməz sürpriz olub. Fransa bununla hesablaşmaq fikrində deyil. Nigerdə uran hasilatı Fransa xüsusi əməliyyat qüvvələrinin mühafizəsi altındadır. Nigerlə yanaşı, analoji hal digər keçmiş Fransa müstəmləkələrində yaşanır. E.Makronun keçmiş müstəmləkəsi hesab olunan Kaledoniyanın daxili işlərinə qarışmaq cəhdi də buna daxildir. 170 il sürən müstəmləkəçiliyin qurbanı olduqlarını qeyd edən kaledoniyalılar Fransanı dekolonizasiya siyasəti yürütməkdə ittiham edirlər.
Bu kontekstdə Bakıda iyulun 5-də keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünü xatırlamamaq olmur. Bu toplantı həmin hüquqları pozulan bölgələrin əhalisi üçün mühüm bir platforma rolunu oynayır. İlk dəfə olaraq məhz Bakıda Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında defakto mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində bu miqyasda tribuna önündə fikir mübadiləsi aparılıb. Qəbul olunan bəyanatda iştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılmasına dair razılığa gəliblər.
Görünür, elə bu səbəbdəndir ki, Fransa Azərbaycana qarşı özünün çirkin təbliğat kampaniyasına start verib. Bir vaxtlar ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan Fransa indi birmənalı şəkildə Ermənistanı müdafiə etməkdədir. 30 illik işğal dövründə, 44 günlük müharibə zamanı və sonrakı dövrdə də belə olub.
E.Makron hakimiyyəti döyüşlər davam etdiyi zaman Ermənistana silah və sursat göndərməklə yanaşı, ona hərtərəfli dəstək verirdi. Biz çox gözəl bilirik ki, Fransanın ali siyasi rəhbərliyi Prezident E.Makron başda olmaqla erməni separatizmini necə dəstəkləyib və bu gün də dəstəkləyir. O, bəlkə də beşinci respublika tarixində yeganə prezidentdir ki, öz ermənipərəst xislətini açıq şəkildə büruzə verir. Sosial şəbəkələrdə yazdığı tvitlərində belə, bəzən fikirlərini fransız dilində deyil, erməni dilində ifadə edirdi.
Başqa bir fakt. E.Makron hökuməti və onun təbliğat ruporu Qarabağda soyqırımlarda əli olan Vaqif Xaçatryanın Azərbaycan tərəfindən həbsinə özünəməxsus formada reaksiya verib. Məlumata görə, erməni diasporundan yemlənən 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsi ötən gün Fransa hökumətinə müraciət edərək “Dağlıq Qarabağa dəstək” verilməsi tələbi ilə çıxış ediblər. Müraciətdə həmişəki kimi Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirilib və ermənilərin guya “etnik təmizləməyə” məruz qaldığı iddia olunub. Onlar E.Makronu Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar qəbul etməyə çağırıblar.
Bir faktı da qeyd etmək yerinə düşər ki, Fransa və Ermənistanı soyqırımları törətmək təcrübəsi birləşdirir. İllər uzunu erməni terrorçulara sığınacaq verən Fransa onların hüquqlarının qorunmasını əsas hədəfi elan edib. Xocalı soyqırımında törədilən cinayətlərin çoxunun Fransa vətəndaşı olduğunu sübut edən faktlar istintaq materiallarında da öz əksini tapıb.
“Report” İnformasiya Agentliyi
www.RIA24.az