“Bütün Xocalı sakinləri istəyirlər ki, Meşəlidə cinayət törədən şəxslər cəzalandırılsınlar”.
Bunu “Report”un Qərb bürosuna verdiyi müsahibədə Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva bildirib.
Onun sözlərinə görə, Vaqif Xaçatryanın saxlanılması onu göstərir ki, Qarabağda törədilən qətliamların günahkarları gec-tez cəzalarını alacaqlar:
“Dövlət başçısının siyasəti nəticəsində şəhidlərimizin qisası alınır. Belə ki, “Laçın” sərhəd-buraxılış məntəqəsində Meşəli kəndində, daha sonra Xocalı rayonunda günahsız insanların qanına əli batmış Vaqif Xaçatryanın saxlanılması xəbəri sevindiricidir. Beynəlxalq təşkilatların illərdir yerinə yetirmədiyi məsələləri dövlət başçısının iradəsi sayəsində həll olunur”.
L.Qarayeva şəhid Yusifəli Qarayevin qızıdır. 1992-ci il soyqırımı zamanı Xocalıdan qaçan 250-yə yaxın dinc sakini müdafiə edən batalyonun 13 üzvündən biri olub. Onlar 3 gün meşədə qaldıqdan sonra əsir düşüblər. Sonra 13 döyüşçü ermənilər tərəfindən güllələnib.
Qeyd edək ki, V.Xaçatryan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.
Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Vaqif Çerkezoviç Xaçatryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.
Ötən gün Meşəli soyqırımı qurbanlarının yaxınları bu gün beynəlxalq ictimaiyyətə və təşkilatlara müraciət ünvanlayıblar. Müraciətdə bildirilib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri cinayətkarların sığınacaq yeri olmamalıdır.
www.RIA24.az