“Prezident İlham Əliyevin Şuşada “Euronews” televiziyasına müsahibəsi bölgədə cərəyan edən son proseslər fonunda sülh gündəliyinə, Qarabağın erməni icmasının reinteqrasiyasına və üçüncü tərəflərin regionda situasiyaya təsirlərinə konseptual baxışın bir daha dəqiqləşməsi baxımından mühüm hadisədir”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
“Təbii ki, Azərbaycanın prioritetləri, niyyəti aydındır, lakin yeni reallıqları qəbul etmək istəməyən, regionda gərginliyin aradan qalxmasını arzulamayanlar üçün proseslərin hansı səmtdə inkişaf edə biləcəyi ilə bağlı cənab İlham Əliyev dünyanın 160 ölkəsində yayımlanan və 400 milyonluq auditoriyası olan bir platformada aydın yol xəritəsi cızdı. Diqqət yetiriləcək digər vacib məqam müsahibənin məkanı və dövlət başçısının məhz Şuşadan qalib kimi sərgilədiyi siyasi qətiyyət oldu. Azərbaycanın mədəniyyət paytaxtında, müsahibəyə fon olaraq Xan qızının – Natəvanın işğal dövründə, erməni vandalları tərəfindən dağıdılmış imarətinin xarabalığını seçməklə Prezident artıq bir neçə addım öndən başlayaraq prosesin idarəçiliyini ələ aldı. Dövlət başçısı göstərdi ki, daşa, divara, mədəni irsə, təbiətə qənim kəsilən bir düşmənlə üz-üzə qalmışıq və bu gün məhz bu adamları sülhə, birgəyaşayışa, əməkdaşlığa dəvət edirik”, – o qeyd edib.
Milli Məclisin üzvü bildirib ki, müsahibənin məzmununa gəlincə, həm haqlı, həm güclü tərəf olması İlham Əliyevə imkan verdi ki, hər kəsi maraqlandıran, hətta dost olmayanların belə reaksiya gözlədiyi məsələlər üzrə açıq və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirsin:
“İlk növbədə, dövlət başçısı müxtəlif manipulyasiyalarla bölgəyə “sülh” gətirmək istəyənlərə açıq mesaj verdi, “əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək, ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də, ilin sonunadək sülh variantını tapa bilərik”. Yəni, Azərbaycan Prezidenti açıq formada dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, sülh prosesini ləngidən tərəf bəllidir və əgər həqiqətən kimsə regionun sabit əməkdaşlıq mühitinə çevrilməsində maraqlıdırsa, anlamalıdır ki, maneə Ermənistanın tutduğu qeyri-konstruktiv mövqedir. İkincisi, Azərbaycan sülh prosesinin özündə maraqlıdır, bu istiqamətdə bütün sağlam platformalar bizim üçün məqbuldur və Rusiyanın, yaxud Qərbin vasitəçiliyinin rəqabətə çevrilib-çevrilməyəcəyinə fokuslanmamışıq. Prosesin kimin tərəfdən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Vacib olanı nəticəyə gəlməkdir. Amma, eyni zamanda, dövlət başçısı maraqlı görünən tərəfləri haqlı olaraq fakt qarşısında qoydu – Ukrayna və Gürcüstanda separatizmlə mübarizədə Qərbin necə birləşdiyini görürük, eyni mənşədən olan separatizmə son qoymaq üçün Azərbaycanın legitim istəyi isə sual altına alınır. Əlbəttə, bu, ən azı avropalı siyasətçilərin “Euronews”un qoca qitədəki 250 milyonluq tamaşaçısı önündə izah etməli olduğu ikili standartdır ki, möhtərəm Prezident böyük siyasi ustalıqla bu haqlı məsələni siyasi dövriyyəyə buraxdı”.
Onun sözlərinə görə, heç şübhəsiz ki, “Euronews”u regionla bir daha maraqlanmağa təhrik edən səbəblərdən biri Laçın yolundakı vəziyyətə dair dünya gündəmini zəbt edən manipulyasiyalar idi:
“Möhtərəm Prezident bu imkandan da milli maraqlarımızın təmin edilməsi naminə məharətlə istifadə etdi və əslində, sağlam düşünə bilən və manipulyasiyalara “fürsət” kimi yanaşmayan normal dairələr üçün yetərli cavab oldu. Mövqe isə çox sadədir, “sərhəd keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın iki mindən artıq sakini asan şəkildə bu yoldan istifadə edib, iyunun 15-də Ermənistanın hərbi təxribatı araşdırılan zaman yol müvəqqəti bağlansa da, təkrar açılıb və Qırmızı Xaç Komitəsi də humanitar məqsədlərlə yoldan istifadə edir”. Hətta o qədər səviyyədə sərbəst formada istifadə edir ki, bu, BQXK-da o qədər özgüvən formalaşdırıb ki, onlar artıq qaçaqmalçılıq, beynəlxalq axtarışda olan şəxslərin proteksiya edilərək məsuliyyətdən yayındırılması kimi birbaşa cinayətkar qəsdlərə əl atırlar. Yaxud Azərbaycanın təmkinli davranışından BQXK sui-istifadə edərək hələ də Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə bağlı saxlayır və cənab İlham Əliyev də müsahibədə Azərbaycanın legitim tələbini bir daha dilə gətirməklə Qırmızı Xaç Komitəsini ifşa etdi”.
Deputat əlavə edib ki, “Euronews”a müsahibənin məqamlarından biri də dövlət başçısının bölgədə yeni reallıqların yaradıcısı və qalib lider kimi Qarabağın erməni sakinləri və Ermənistan əhalisinə müraciəti oldu:
“Çağırışda iki vacib istiqamət nəzərə çarpır: Birincisi, Qarabağdakı ermənilər ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Dövlət başçısı bəyan etdi ki, “Qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək”. İkincisi, Ermənistan erməniləri anlamalıdır ki, Azərbaycan sülh arzulayır. Ermənilər artıq reallıqların fərqinə vararaq hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etməlidirlər”.
B.Məhərrəmov vurğulayıb ki, müsahibədə ən diqqətçəkən məqam isə artıq Azərbaycanın qalibiyyətinin qəbul edilməsi ilə bağlıdır:
“Müvafiq sualdan da göründüyü kimi, 400 milyonluq auditoriyası olan “Euronews” Azərbaycan Prezidentini istisnasız qalib kimi çəkinmədən təqdim edir. Azərbaycan Prezidenti isə bu qalibiyyəti, əslində, beynəlxalq ədalətin bərpası, beynəlxalq hüquq prinsiplərinin bərqərar olunması prizmasına salır”.
www.RIA24.az