ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Metyu Brayza Report İnformasiya Agentliyinə müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
Cənab Brayza, sizi bir daha burada gördüyümüz üçün şadıq. Biz sizinlə Davosda Dünya İqtisadi Forumu zamanı məruzəçilərdən biri olduğunuz “Caspian Week 2020”də görüşmüşdük.
O zaman Xəzər bölgəsindəki bir sıra yeniliklər barədə sizinlə müsahibəmiz olmuşdu.
Martın 18-də ABŞ-da keçirilən Horasis Fövqəladə Yığıncağında (https://horasis.org/) fikirlərinizi izləyən biri kimi, son bir ildə Mərkəzi Asiya bölgəsinin necə dəyişdiyini və gələcəkdə bölgə üçün proqnozlarınızı eşitmək istərdik.
– Xəzər dənizindəki “Dostluq” yatağının birgə kəşfiyyatı və işlənməsinə dair Memorandum 21 yanvar 2021-ci ildə imzalanmış və daha sonra Azərbaycan və Türkmənistan Parlamentləri tərəfindən təsdiq edilmişdir. Bu tarixi hadisə bölgəyə necə təsir edəcək və hansı yeni imkanlar aça bilər?
– “Dostluq” yatağının birgə kəşfiyyatı və işlənməsinə dair 21 yanvar razılaşması, həqiqətən, tarixi bir müqavilədir. Bu razılaşma yalnız Azərbaycan və Türkmənistan arasında deyil, Xəzər regionunun bütün ölkələri üçün əməkdaşlıq üçün bir sıra yeni imkanlar yaradır.
Müqavilə Azərbaycan və Türkmənistan arasında daha geniş və dərin əməkdaşlıq üçün əsas maneəni aradan qaldırır. ABŞ diplomatı olaraq fikrini əsasən bölgəyə toplamış biri kimi, mənim zamanımda bu, iki ölkənin münasibətləri üzərində daima asılı vəziyyətdə olan, o zaman “Kəpəz” və ya “Serdar” kimi tanınan neft sahəsi ilə bağlı mübahisə idi. Artıq otuz ildir ki, bu məsələ ətrafındakı fikir ayrılığı iki ölkə arasında inamsızlıq hissi yaratdı. Beləliklə, bu mübahisənin indi həll edilməsi ilə əvvəllər mümkün olmayan bir çox məsələdə indi əməkdaşlıq üçün yol açıqdır.
Bu məsələlərdən birincisi, sözsüz ki, iki ölkənin “Dostluq” yatağının işlənməsi üçün birlikdə çalışmasıdır. Bu, layihənin kommersiya baxımından faydalı olmasını təmin etmək üçün iki ölkə arasında bir sıra əlavə razılaşmalar əldə etmələrini tələb edəcəkdir. Bu ilk layihədəki birgə uğurlu təcrübələr, neft və təbii qazdan əlavə, iqtisadi sahələrdə də investisiyalara və yeni iş qurmalarına səbəb ola bilər.
Bu yeni əməkdaşlıq sahələrindən digəri də Türkmənistan qazının Xəzər dənizi üzərindən Azərbaycana və xaricə ixracı ola bilər. Azərbaycan sənayesi, xüsusən də neft-kimya sahəsi Türkmənistandan yeni qaz tədarükündən faydalana bilər. Əlavə olaraq, qərb də bu cür yeni qaz təchizatı ilə təmin oluna bilər ki, bu da Azərbaycan və Ermənistanda və əlbəttə ki, Türkiyədə yeni iş yerlərini təmin edə biləcək və iqtisadi inkişafa imkan yaradacaq yeni sənaye layihələrini inkişaf etdirməyə və bununla da İkinci Qarabağ müharibəsinin yaralarını sağaltmağa imkan verəcək.
İndi Azərbaycan və Türkmənistanın əməkdaşlıq edə biləcəyi digər bir məsələ də Xəzər dənizinin mühitinin qorunmasıdır. Dənizə edilən neft axıtmaları ölkələrin sərhədlərinə hörmətsizlik kimi hesab olunur. Bu səbəbdən Azərbaycan və Türkmənistan, eləcə də Rusiya, Qazaxıstan və İran birgə Xəzər dənizinin Türkmənistan və Azərbaycan hissəsində əvvəlki neft dağılmalarının vurduğu zərərin azaldılması, gələcəkdə bu cür hadisələrin qarşısını almaq və göstərilən səylərə baxmayaraq, baş verə biləcək qəzaların nəticələrini azaltmaq üçün birlikdə çalışmaqda maraqlıdırlar.
Bütün bu yeni əməkdaşlıq nümunələri gerçəkləşdikcə Orta Asiyanı, o cümlədən Əfqanıstan və Cənubi Qafqazı, həmçinin Avropanı Qara Dəniz və Türkiyə üzərindən birləşdirən nəqliyyat dəhlizi güclənəcək. Nəqliyyat dəhlizi dedikdə mən yalnız neft və qaz üçün deyil, həm də dəmir yolu, magistral yollar və gəmilərlə konteyner daşımaları, eləcə də inkişaf etməkdə olan fiber optik şəbəkələr vasitəsilə rəqəmsal nəqliyyatı nəzərdə tuturam.
Bu müxtəlif nəqliyyat şəbəkələri bir araya gətirilərək Əfqanıstanda vəziyyətin sabitləşməsinə, Ermənistanla Azərbaycan arasında sülhün möhkəmləndirilməsinə və həm Çin, həm də Rusiyanın cənub sərhədləri boyunca yerləşən ölkələrə rəqabətədavamlı bir iş mühiti yaradan nəqliyyat variantları təqdim etməkdə böyük iş imkanları təmin edilə bilər. Öz şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, hər kəs ədalətli rəqabət apardığı təqdirdə, şirkətlər və ölkələr arasında sağlam işbirliyi əslində əməkdaşlığı stimullaşdırır.
– 18 mart tarixində ABŞ-da keçirilən Horasis Fövqəladə Toplantısında çıxışınızda Trans-Xəzər qaz kəməri layihəsinə toxundunuz. Mümkünsə bu layihənin necə inkişaf edə biləcəyi barədə fikirlərinizi bizimlə daha ətraflı şəkildə bölüşə bilərsiniz?
– “Dostluq” razılaşması ilə qüvvədə olan Transxəzər qaz kəməri üçün əsas siyasi əngəl aradan qaldırıldı. Növbəti addım belə bir layihənin potensial investorlar üçün ticari cəhətdən cəlbedici olmasından əmin olmaqdır. Dostluq yatağı hələ işlənmədiyindən, orada nə qədər təbii qaz hasil ediləcəyini bilmək mümkün deyil. Lakin “Dostluq” Transxəzər boru kəməri üçün mümkün olan yeganə qaz mənbəyi deyil. Azərbaycanın əsas təbii qaz istehsalı infrastrukturundan 90 km-dən az məsafədə yerləşən “Block One” kimi tanınan Türkmənistan qaz yatağı başqa bir alternativ variantdır. İllərdir “Block One”dan qazın coğrafi mövqeyi nəzərə alınmaqla, Türkmənistanın qərbində, yəni Azərbaycan və onun hüdudlarından kənarda təbii bir bazara sahib olduğuna inanırdım.
Beləliklə, indi düşünürəm ki, Azərbaycan və Türkmənistan üçün əsas vəzifə birgə çalışmaq və potensial investorlar ilə birlikdə potensial cəhətdən yeni Xəzər təbii qaz tədarükünün qərbə doğru ixracı üçün bir plan müəyyənləşdirməkdir.
– 30 ildən sonra Dağlıq Qarabağın Azərbaycana qayıtması faktını görməməzlikdən gəlmək olmaz. Bildiyiniz kimi, Prezident İlham Əliyev işğaldan azad edilən torpaqların inkişafına böyük diqqət yetirir və indi Azərbaycanın əsas hissəsindən Cənubi Ermənistan və Naxçıvan yolu ilə Türkiyəyə nəqliyyat əlaqələrinin qurulması planlaşdırılır.
– Bəli, Prezident Əliyev, Baş nazir Paşinyan və Prezident Putin arasında imzalanmış 10 noyabr tarixli bəyanat Azərbaycan tarixindəki ən böyük hərbi və diplomatik qələbədir. Bu ifadə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin Azərbaycanın nəzarətinə qaytarılmasını tələb edən dörd qətnaməsinin şərtlərini yerinə yetirir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının otuz ildən artıq bir müddətdə öz qətnamələrini sülh yolu ilə icra etmək üçün bir yol tapa bilməməsindən təəssüf hissi duyuram.
Lakin, çox şadam ki, 10 Noyabr tarixli bəyanat Ermənistan və Azərbaycan arasında barışıq sazişi üçün bir çərçivə müəyyənləşdirən və 2009-cu ilin yanvarında iki ölkənin başçıları tərəfindən qeyri-rəsmi olaraq qəbul edilən ATƏT-in Minsk Qrupu ilə razılaşdırılmış “Madrid prinsipləri” ilə tam uyğundur.
Bu yeni vəziyyətdə həm Azərbaycan, həm də Ermənistan üçün bölgədəki bütün nəqliyyat marşrutlarının yenidən açıldığını elan edən 9/10 Noyabr bəyanatının son bəndindən faydalanması vacibdir. Bu müddəa Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə tranzit əlaqələrini bərpa etməsi və zaman keçdikcə regional iqtisadiyyata birləşməsinin yolunu tənmizləyir.
Ancaq bu gün Ermənistanın mövcud siyasi böhranı bu cür əməkdaşlığı psixoloji cəhətdən qeyri-mümkün edir. Erməni cəmiyyəti müharibənin nəticələrini qəbul etməyə və silahlı münaqişəyə qayıtmağı dəstəkləyənlərə qarşı yeni və çiçəklənən bir Ermənistan qurmaq üçün irəliləməyə hazır olan kütlələr arasında dərin bir şəkildə bölünüb. Azərbaycan, Azərbaycanla və Türkiyə ilə iqtisadi əməkdaşlıq yolu ilə bu ölkə üçün daha etibarlı və zəngin bir gələcək axtaran ermənilərə bahis oynayır.
Bu səbəbdən Azərbaycan Hökuməti həm bərpa olunmuş torpaqlarındakı azərbaycanlılar, həm də erməni qonşuları üçün iqtisadi inkişaf və iş yerlərinə imkan yaradacaq layihələrə infrastruktur investisiyaları hazırlayır. Bunlara yeni magistral yollar, dəmir yolları, təbii qaz kəmərləri, elektrik və su əlaqələri və sənaye obyektləri daxil olacaqdır. Bir fikir Azərbaycan (Naxçıvanda), Ermənistan və Türkiyə ərazilərində yerləşə biləcək mümkün sənaye zonasıdır. Birlikdə bu layihələr Ermənistanın regional iqtisadiyyata birləşməsinə və Orta Asiyadan Avropaya qədər uzanan geniş bir bölgədə yeni ticarət və investisiya əlaqələrini inkişaf etdirməsinə imkan yarada bilər.
Bu baxımdan qeyd etmək vacibdir ki, istər müharibə dövrünədək istərsə də bu gün Prezident İlham Əliyev davamlı olaraq Dağlıq Qarabağdakı erməni sakinlərinin evlərində qalacaqlarına və nəticədə öz torpaqlarına qayıdan azərbaycanlılarla yenidən çiyin-çiyinə yaşamaq şansını xoş qarşılayacaqlarına ümüd bəsləyir. Buna nail olmağın əsas yolu isə bölgədə canlı yerli iqtisadiyyatı bərpa etməkdir.
ABŞ, Avropa Birliyi və Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumları tərəfindən müharibə yaralarını sağaltmaq və iqtisadi əməkdaşlıq sahəsində gələcək bir baza yaratmaq məqsədi ilə bu layihələr üçün güclü dəstəyin təklif ediləcəyinə inanıram.
– Keçən ilin dekabr ayında daha öncəki diplomatik fəaliyyətiniz dövründə sizə tanış olan Azərbaycanın Türkmənistan və Əfqanıstandakı keçmiş səfiri Vahdet Sultanzadə ilə müsahibəmiz olmuşdu. Müsahibəsində cənab Sultanzadə Türkmənistan şirkətləri üçün Azərbaycan iqtisadiyyatının hansı sahələrinin perspektivli ola biləcəyi barədə fikirlərini bildirdi. Siz bu barədə nə düşünürsünüz və sizcə Qərb şirkətləri iki ölkə arasındakı bu cür iş birliyindən necə istifadə edə bilər?
– Səfir Vahdet Sultanzadədən başqa Türkmənistan vətəndaşı olmayan birinin o ölkənin mədəniyyəti, tarixi və xalqı haqqında onun qədər çox şey biləcəyini təsəvvür etmək çətindir.
Mübaliğəsiz onu Azərbaycan-Türkmənistan münasibətləri tarixində əfsanəvi şəxsiyyət adlandırmaq olar. O, 13 il Türkmənistan üzrə səfirin müşaviri və Azərbaycanın Türkmənistan və Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışıb. Keçən dekabr ayında səfir Sultanzadə ilə adını çəkdiyiniz reportajı oxumaqdan zövq aldım. Burada səfir Türkmənistan və Azərbaycan şirkətləri arasında neft-kimya, tekstil, aqrobiznes, nəqliyyat və logistika sahələrində potensial birgə investisiya layihələrindən bəhs edib. Bu məhsulların əksəriyyətinin bazarlarının Böyük Xəzər Bölgəsi olacağına baxmayaraq nəqliyyat və loqistika şirkətləri Cənubi Asiyadakı bazarları Avropaya birləşdirərək daha geniş bir coğrafi əraziyə sahib ola bilərlər. Rəqəmsal İpək Yolu adlı yeni ortaya çıxan bir layihə var ki, bu da Avropa ilə Orta Asiya arasında, bəlkə də Xəzər dənizinin altındakı bir kabel vasitəsilə Azərbaycan arasında fiber optik əlaqələr təmin edəcəkdir. Bu yeni şəbəkə istehlakçılar üçün qiymətləri endirərkən internet xidmətinin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaqdır.
– Orta Asiya ilə əlaqəli digər məsələlərə gəldikdə, Lapis-Lazuli Dəhlizinin inkişafına dair proqnozunuzu da bilmək istərdim.
– Lapus-Lazuli Dəhlizi, bayaq qeyd etdiyim çoxşaxəli nəqliyyat və lojistik əlaqələrini stimullaşdırmaq üçün iddialı bir təşkilatçılıq konsepsiyası təqdim edir. Daha dramatik şəkildə söyləsək, bu, dənizə çıxışı olmayan Əfqanıstanın həm Hindistan, həm Pakistan, həm də Orta Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropaya açılan Şərq-Qərb qapısı olmasına imkan yaradır. Bu səbəbdən Lapus Lazuli Dəhlizi Əfqanıstana dünyadakı mövqeyini pozitiv və tarixi bir şəkildə dəyişdirmə şansı verə bilər. ABŞ-a görə yeni dəhliz Əfqanıstan xalqına iqtisadi inkişaf, investisiya cəlb edilməsi və sabitliyi bərpa etmək imkanları təqdim etməklə böyük strateji əhəmiyyətə malik ola bilər. Bu günlərdə Bayden rəhbərliyi Əfqanıstan Hökuməti ilə Taliban arasında sülh razılaşması üçün yeni və intensiv şəkildə diplomatik səy göstərir. Türkiyə bu təşəbbüs çərçivəsində ilk böyük görüşə ev sahibliyi etmək üzrədir. Həqiqətən də bir razılaşma əldə edilə bilərsə, Lapus-Lazuli Dəhlizi nəticələnən barışı qorumaq və möhkəmləndirmək üçün kritik rol oynaya bilər.
– Müsahibəmizi yekunlaşdırarkən və bölgədə son illərdəki böyük dəyişiklikləri nəzərə alaraq, Orta Asiya ölkələrində Qərb investorları üçün maraqlı ola biləcək layihələr növləri barədə fikirlərinizi öyrənirik.
– Qərb şirkətləri son bir neçə on ildə Orta Asiyada, əlbətdə ki, neft və təbii qaz sektorunun əsas investorları olmuşlar. 1990-cı illərin sonlarında Prezident Bill Klintonun rəhbərliyi dövründə mən özüm ABŞ-ın Türkiyə ilə birlikdə Xəzərdən Türkiyəyə və ondan kənarda Azərbaycan və Gürcüstan üzərindən və Rusiyadan keçməklə Türkiyəyə neft və təbii qaz boru kəmərlərinin inkişafına dair səylərində intensiv olaraq fəal iştirak etmişəm. Bu səylərin bu gün Avropa Birliyinin Cənub Dəhlizinin təməli olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk və Xəzər Boru Kəməri Konsorsiumu neft boru kəmərləri misalında necə müvəffəqiyyətli olduğunu görürük. Bu layihələr artıq Azərbaycan və Gürcüstanı Transatlantik birliyi ilə birləşdirir, bu da Azərbaycandan əlavə Türkmənistan və Qazaxıstan da daxil olmaqla regional neft istehsalçılarına qlobal bazarlara çıxış təmin edir.
Hələ Prezident Klintonun rəhbərliyi dövründə ABŞ Türkmənistanı Transxəzər təbii qaz kəməri ilə Cənubi Dəhlizə çevrilən əraziyə daxil etmək istədi. Daha əvvəl də qeyd etdiyim kimi, “Dostluq” sazişi və Azərbaycanın azad olunmuş torpaqlarını yenidən bərpa etmək həvəsi sayəsində belə bir qaz kəmərinin perspektivləri son iyirmi ilin hər dövrünə nisbətən daha parlaq görünür.
Neft və təbii qaz xaricində daha əvvəl də qeyd etdiyim Rəqəmsal İpək Yolu da daxil olmaqla, Qərb şirkətləri tərəfindən digər investisiya imkanları yaranır. Özbəkistan və Qazaxıstanda iddialı iqtisadi və siyasi islahatlar irəlilədikcə bankçılıq, aqrobiznes, istehlak malları istehsalı və logistika sahələrində Qərb investisiyaları üçün yeni imkanlar yaranır.
Sonda Report.az-ın Türkmənistanda akkreditə olunmuş bir jurnalist qurumu olması, həmçinin Dünya İqtisadi Forumu zamanı Davosda keçirilən Xəzər Həftəsində iştirak etməsi münasibətilə sizi də təbrik edirəm. Bu, bir tərəfədən məni Report.az saytının jurnalistləri də daxil olmaqla, iş, hökumət və mədəniyyət sahələrindəki bəzi mötəbər insanlarla əlaqələr qurmağıma şərait yaratmaqla yanaşı ağlımı yeni, yaradıcı şəkildə işlətməyə kömək edən çox vacib bir toplantı oldu.