Cərrah bıçağı ilə əsər yaradan azərbaycanlı: “Yaponlar baxdılar, gözləri bizimki boyda oldu” – MÜSAHİBƏ + FOTO

Cəmiyyət


“Karandaş və fırça ilə hamı rəsm çəkir. Sırf mənim kimi cərrah bıçağı ilə rəsm çəkən yoxdur”.

Bu sözləri Oxu.Az-a müsahibəsində cərrah bıçağı ilə rəsm çəkən 71 yaşlı rəssam Hüseyn Mirtəqəvi deyib.

Müsahibəni təqdim edirik:

Hüseyn bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

– Əslən Təbriz şəhərindənəm. Təbrizdə qırğınlar zamanı ailəmiz məcbur olub, oradan çıxıb. O zamanlarda mən körpə idim. Təbrizdən Gəncəyə, daha sonra da Qubaya pənah gətirmişik. Sonda isə Bakıya üz tutdum. Mənim əsas dayağım babam olub. Mənim ilk rəsm dostum və müəllimim o idi. O hərtərəfli insan idi. Musiqidən tutmuş hər şey haqqında bilgili idi.

O, Təbriz miniatür məktəbini gözəl bilirdi. İlk rəsmləri mənə çəkib göstərən o olub. Ondan sonra mən özüm işləməyə başladım. 6 yaşımda məktəbə getdim. Dedilər ki, “bir il tez gəlmisən”. Məktəbdə özümü tanıtmaq üçün gündə bir rəsm çəkib, aparırdım. İlk Babəkin atı ilə birlikdə şəklini çəkdim. Özümün də xoşuma gəldi. Bu mənim rəsm sahəsinə marağımı artırdı. 12 nömrəli internat məktəbində oxuyurdum. 14 yaşım olardı. Bir gün internat məktəbinin direktoru barelyef hazırlamağımı istədi. Mən də hazırladım.

Sonradan bizim məktəbə Leninqraddan olan bir rəssam gəldi. Məktəbdə qalmağa yer axtarırdı. Dəniz peyzajları çəkməli idi. Direktorumuz rəssama dedi ki, “gəl bu uşaqlara rəssamlığı öyrət. Mən sənə həm dərs saatı, həm də qalmağa yer verim”. Rəssam bu minvalla 3 il məktəbimizdə qaldı. O hər şeyi öyrətdi. Hər kəs o vaxt güman edirdi ki, mən rəssam olacağam. Lakin sonradan fikrimi dəyişdim. Riyaziyyat təmayüllü məktəbə getdim. Mən riyaziyyat və təbiətə meyilli oldum. Rəssamlıqdan uzaqlaşdım. Mən Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirdim. Çox yaxşı oxuyurdum. Universiteti bitirdikdən sonra təyinatla Coğrafiya İnstitutuna gəldim. Bir qədər orada çalışdım. Sonra məni Leninqrada göndərdilər. Oradan geri dönəndən sonra Qızılağac Dövlət Qoruğunda elmi işlər üzrə direktor müavini oldum. Təbiəti daha yaxşı gördüm. Həmçinin orada rəssam olduğumu xatırladım.

Oradan da Rusiyaya getdim. Qayıdandan sonra “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində işə düzəldim.

– Necə oldu ki, cərrah bıçağı ilə rəsm çəkməyə başladınız?

– Mən şeirlərimə illüstrasiyalar edirdim. Birdən düşündüm ki, bunu taxta üzərində də edə bilərəm. Taxtanı rəngləyib elədim. 35-40 il əvvəl cərrah bıçağı ilə rəsm çəkməyə başladım. Lakin sonra yenidən dayandırdım. Çünki işlərim başqa idi. Elmi işləri daha üstün tutdum. Sonra sərbəstlik dövründə yenidən meyil etdim.

– Niyə karandaş yox, məhz cərrah bıçağı?

– Karandaş və fırça ilə hamı rəsm çəkir. Mən də çəkmişəm. Bu səbəbdən cərrah bıçağı ilə rəsm çəkməyə başladım. Gördüm ki, alınır. Gözəl çalarlar alınırdı. Düşündüm niyə də yox. 1980-ci illərdən faner üzərində cızıqlardan istifadə edirdilər.

– Sizdən başqa cərrahi bıçaqlarla rəsm çəkən varmı?

Məndən başqa cərrah bıçağı ilə rəsm çəkən yoxdur. Araşdırıblar, amma heç kim tapılmayıb. Varsa da, buyursunlar. Sırf mənim kimi çəkən yoxdur.

– Bu günə qədər neçə rəsm əsəri yaratmısınız?

– Bu günə qədər 200-dən yuxarı rəsm əsəri yaratmışam. Əksəriyyətini hədiyyə edirəm.

– Ən bəyəndiniz rəsm əsərləriniz hansılardır?

– Burada heyif ki, əksəriyyəti yoxdur. Yaradıcı insan öz rəsmlərini ayıra bilmir. Bəziləri deyir ki, yaratdıqlarıma övladım kimi baxıram. Mən övladım kimi baxmıram, sadəcə olaraq onlara yaratdığım əsər kimi baxıram. Çünki övlad başqadır. İnsani qiymət baxımından desəm, anamın şəklindən yuxarısı yoxdur. Ustadlıq baxımından isə ölümündən 10 gün öncə çəkdiyim Məhərrəm dayımın rəsmidir. Çox möhtəşəmdir.

– Sifarişləriniz olurmu?

– Sifarişlər olur. Lakin dediyim kimi, əksəriyyətini hədiyyə edirəm. Üzü gözəl olanların rəsmini çəkirəm. Hətta tanışlığım olmayanların da rəsmini çəkirəm. Bu əsərlərin qiyməti yoxdur. Lakin kim isə almaq istəyəndə yüksək qiymət də deyə bilmirəm. İsrar edən zaman deyirəm ki, “adi fəhlənin ay yarımlıq maaşını ver”. Mən əsərlərimi satmaq üçün işləmirəm. Çəkdiyim rəsmlərdən ləzzət alıram. Əgər personaj maraqlı insandırsa, onu işləmək asandır. Küt adamı işləmək də çətindir.

– Hüseyn bəy, rəssamlıq təhsiliniz var?

– Rəssamlıqla bağlı təhsilim yoxdur. İnternat məktəbindən rus müəllimdən aldığım dərs mənə bəsdir.

– Cərrah bıçağı ilə çəkilən rəsmlərin sirlərini bir qədər açmağınızı istərdim.

– Cərrah bıçağı ilə çəkilən rəsmlər unikaldır. Dünyada heç kəs etmir. Hətta yaponlar belə edə bilmir. Mənim əsərimi fərqli edən odur ki, fanerin üzərində orijinal olaraq rəsm qalır. Yanmır, pozulmur. Hansı üsulla yaratmaq, məncə, şərt deyil. Əsas ortalığa, dünya səviyyəsinə çıxartmaqdır.

Yaponlar da gəlib, baxdılar. Gözləri bizimki boyda oldu. Adi taxtanı rəngləyirəm, taxtanın üzü tünd olmalıdır. Ondan sonra isə bıçaq ilə qaşıyıram.

– Bir rəsm əsərini neçə günə ərsəyə gətirirsiniz?

– Bir rəsm ən azı ay yarım vaxt aparır. Elə rəsm əsəri var ki, dörd ay vaxtımı alır. Karandaşla rəsm çəkmək çox tez olur. Uzaqbaşı iki günə bitirirsən.

– Cərrah bıçağı ilə rəsm çəkməyi sizə kim öyrədib?

– Özüm öyrənmişəm. Kimsə öyrətməyib. İlk taxta üzərində rəsm edirdim. Sonra düşündüm ki, rəngləsəm necə olar. Sonra da gördüm ki, rəsm əsərinin qırışlarını açmaq lazımdır. Bıçaqla açdım. Mən əks rəsmi görürəm. Qaranın içərisindən ağı çıxarıram. Burada elə işləmək lazımdır ki, cizgilərə toxunmayasan. Bir xətt səhv edəndə insanın cizgisi pozula bilər.

– Cərrah bıçağı ilə rəsm çəkməyi sizdən öyrənmək istəyən varmı?

– Öyrənmək istəyənlər olub. Demişəm ki, et baxım. Bir az məşğul olandan sonra kənara atıb. Professional rəssam olsa belə, çəkə bilməz. Amma insan özünü toplamalıdır. Əks rəsmi həmişə beyində qurmalısan. Tələbə hazırlamaq həvəsində deyiləm. Pis müəllim olmaram. Sadəcə həvəsim, səbrim yoxdur.

– Bir qədər təhlükəli də ola bilər. Qarşı çıxanlar olubmu?

– Mən heç vaxt əlimi belə cızmamışam. Bir nəfər maraqlandı. Əlinə aldı. Edə bilmədi. Bu çətindir. Biri var – gözü çəkirsən, biri də var – gözü çıxarırsan. Ağın çıxarırsan göz qalır. Əks rəsmdir. Təxəyyül olmalıdır. Düşünməlisən. Qaranlığın içindən işıq açıram. Çox səbirli olmalısan. Özüm səbirsiz insanam. Amma burada səbirli oluram. Sevə-sevə edirəm. Mən belə anda tərki-dünya oluram. Çox vaxt adam istəyir ki, dünyadan ayrılsın. Xüsusi bir vaxt yoxdur. Bəzən gecənin bir aləmində də edirəm.

Pirquluya Rəsədxanaya gedəndə gecə yatmıram. Məşğul oluram. Faneri tam hamar edirəm. Ondan sonra rəng çəkirəm. Sonra eskizi köçürürəm. Əsas cizgiləri köçürürəm. Səhv olanda bıçaqla pozuram. Uzun prosesdir.  Pozulan portretim olmayıb. Çünki həssas yanaşıram. Daxildən gəlir. Hissiyyatım səhv etməyə imkan vermir.

Qarşı çıxan olmayıb. Hamı dəstəkləyib. Hər kəsə maraqlı gəlir. Yoldaşımla da məsləhətləşirəm.

– Ailədən sizdən başqa bu işlə məşğul olan varmı?

– Yoxdur. Təkcə mənəm. Üç oğlum var. Heç birinin bu sahəyə marağı yoxdur.

– Sırf qeyri-adi olduğu üçün seçmisiniz, yoxsa asan olduğu üçün ?

– Əksinə, çətin olduğu üçün seçmişəm. Amma burada imkanlar çoxdur. Karandaşla etmək adidir. Lakin bu çox çətindir. Amma nəticə çox gözəl alınır.

– Hüseyn bəy, sərgiləriniz olubmu?

– Pirquluda Rəsədxanada sərgilər olub. Mən əksər rəsmlərimi ora aparmışam. Sərgilər bir neçə dəfə olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Bioloji müxtəlifliyin qorunması xidməti var. Şamaxıdan başlayaraq sərgimiz olacaq. Sonra təbiətlə bağlı sözlərimiz olacaq. Həm ekoloq, həm də rəssam kimi çıxış edəcəyəm.

Emalatxana yaratmağı düşünməmişəm. İmkan da yoxdur. Ölkəmizin gözəlliklərini dünyaya tanıtmaq istəyirəm.

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir