“Tamaşaçıların istəyi ilə “Körpü” serialını davam etdirmək qərarına gəldik”.
Bu barədə Oxu.Az-a “Körpünün o tayında” serialının rejissoru Emil Quliyev məlumat verib.
Onun sözlərinə görə, bu mövsümdə hadisələr körpünün o tayında baş verir:
“Ümumiyyətlə, “Körpü” film kimi görünsə də, serialdır. Tamaşaçıların istəyini nəzərə alıb, “Körpü” serialının davamını çəkdik. Adından göründüyü kimi bu mövsümdə hadisələr körpünün o tayında daş verəcək. Körpü keçid rolunu oynayır. “Körpü” serialında ruhları digər tərəfə keçirirdilər. Bu mövsümdə qəhrəmanları körpünün o tayına yollayırıq. Hara keçdiklərini bilməsək də, o taya keçiririk”.
Rejissor “Körpünün o tayında” serialının süjet xəttindən bəhs edir:
“Yeni mövsümdə qəhrəmanlar arasında dəyişikliklər var. Lakin ötən mövsümdən qalanlar da var. Heyətin bəziləri qalmaq şərti ilə əksəriyyət dəyişib. İki baş qəhrəman var. Çox maraqlı aktyor və aktrisalarımız var imiş. Şübhəm yox idi. Amma birlikdə işləyəndən sonra görürsən ki, filmlərə çəkilməmiş maraqlı simalar var.
Süjet xəttindən yalnız bunu deyə bilərəm. Bu dəfə hadisələr körpünün o tayında baş verir. Bizim baş qəhrəman bir problemlə üzləşir. Problemin həllini burada axtarırlar. Lakin tapa bilmirlər. Qərara gəlirlər körpünün o tayına keçsinlər. Serial yeni mövsümdə ekranlara çıxacaq. İTV-də yayımlanacaq”.
Qeyd edək ki, “Körpü” filmi 2022-ci ilin dekabr ayında yayımlanıb. Serial komediya və dram janrındadır. Serial 8 seriya davam edib. Rejissoru Emil Quliyev, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədovdur. Serial borclarını ödəyə bilməyən, hər zaman əli darda olan Mamedin (Nofəl Şahlaroğlu) həyatı ilə başlayır. Aktyor kimi fəaliyyət göstərən Mamedin işləri heç vaxt doğru düzgün getmir. İşlərin qaydasında getmədiyi ərəfədə, heç kimsənin görə bilməyəcəyi yalnız tilsimli təsbehi əlinə alan şəxslərin görə biləcəyi Süleyman Elnur Hüseynov adlı ruhla tanış olur.
Nəzrin Vahid
www.RIA24.az