SOCAR və ərəb şirkəti arasında imzalanan müqavilə Azərbaycana hansı üstünlüklər gətirəcək? – ŞƏRH + FOTO

Siyasət


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “TotalEnergies” və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında müqavilənin imzalanma mərasimi keçirilib.

Məsələni “Trend”ə şərh edən enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) Azərbaycanın layihələrində təmsili Xəzər dənizinin ölkəmizin sektorundakı layihələrə yeni bir nəfəs və baxış formalaşdıracaq:

“Azərbaycanın son 10 ildə ərəb ölkələrilə ticari və siyasi əlaqələri genişlənməkdədir. BƏƏ-də neftin 90%-dən çoxu Əbu-Dabi əmirliyində hasil edilir. Orada da əsas şirkət Əbu-Dabi Milli Neft Şirkətidir. Belə bir şirkətin təmsilçiliyi qərblə şərq arasında yeni münasibətlər yaradacaq”.

Ekspert qeyd edib ki, Azərbaycanın indiyə qədər imzaladığı 40-a yaxın hasilatın pay bölgüsü və risk servis tipli müqavilələri çərçivəsində faktiki olaraq ərəb şirkəti yox idi:

“Bir vaxtlar Azəri-Çıraq-Günəşlidə yarıərəb şirkəti olub, ancaq onlar da sonradan paylarını satıb gediblər”.

İ.Şaban əlavə edib ki, “Abşeron” qaz-kondensat yatağı “Şahdəniz-2” kimi mürəkkəb geoloji struktura malikdir:

“Lakin “Şahdəniz-2” layihəsindən daha dərində yerləşir. Ona görə də “Abşeron” qaz-kondensat yatağında da manifold texnoloji üsulu ilə hasilatın həyata keçirilməsi baş verəcək. Bu isə çox bahalı layihədir. Bu baxımdan da SOCAR və “TotalEnergies” yarıbayarı paya malik idilər. Onlar öz paylarından hərəsi 15% kəsib ərəb şirkətinə satışa çıxardılar. Bu, “Abşeron-2” layihəsi üzrə mümkün kapital yatırımında risklərin daha da azaldılması mənasını verir”.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) Anlaşma Memorandumu imzalayıblar. İmzalanmış sənəd SOCAR-ın Əbu-Dabidə kəşfiyyat və hasilat üzrə layihələrdə iştirakını və ADNOC tərəfindən müvafiq dəstəyin göstərilməsini nəzərdə tutur. Tərəflər, həmçinin, üçüncü ölkələrdə neft-qaz sektorunda investisiya imkanları ilə bağlı potensial əməkdaşlıq istiqamətlərini araşdıracaqlar. Şirkətlər, o cümlədən, bərpa olunan enerji və aşağı karbon həlləri sahəsində əməkdaşlıq edəcəklər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir