Azərbaycandakı bir sıra qeyri-hökumət təşkilatları Ermənistanın yaratdığı mina təhlükəsi ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət ediblər.
Müraciətdə deyilir:
“Biz – Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri – BMT-nin Baş katibi Antonio Quterreşə, BMT Baş Assambleyasının prezidenti Çaba Köröşiyə, BMT-nin İnsan Hüquqları Şurasının prezidenti Vatslav Balekə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkə, BMT-nin Mina Təhlükəsizliyi Xidmətinin direktoru İlen Köhnə, Avropa İttifaqı, Avropa Şurası təsisatlarının və bu qurumlara üzv olan ölkələrin rəhbərlərinə, Böyük Britaniya rəhbərliyinə müraciət edərək onların hər birini Ermənistanın Azərbaycan Respublikası ərazisində yaratdığı mina təhlükəsini tezliklə aradan qaldırmağa güclü dəstək verməyə çağırırıq.
Dünyanın 60-dan çox ölkəsi bu gün mina təhlükəsi ilə üzləşib. Azərbaycan minalar və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında ilk yerlərdən birini tutur. İlkin məlumatlara görə, Ermənistan işğal dönəmində Azərbaycan torpaqlarına bir milyondan çox mina basdırıb.
Biz mina və partlamamış hərbi sursatların yaratdığı real təhlükəni gündəlik fəaliyyətimizdə hiss etməkdəyik. 2020-ci ildə 44 günlük müharibədən sonra 303 nəfər işğaldan azad edilmiş ərazilərdə mina qurbanı olub. Onlardan 55 nəfəri həlak olub, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar içərisində doqquz nəfəri uşaq və gənc, iki nəfəri isə qadındır. 1991-ci ildən ötən dövr ərzində Ermənistanın basdırdığı minalardan zərər çəkənlərin ümumi sayı 3 400 nəfərə yaxınlaşır.
Azərbaycan hökuməti bütün resurslardan istifadə edərək işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi əməliyyatlarını həyata keçirir. Bir milyona yaxın məcburi köçkün öz doğma yurdlarına təhlükəsiz qayıdışı səbirsizliklə gözləyir. Qayıdış üçün həmin ərazilər sürətlə minalardan təmizlənməlidir, bunun üçün beynəlxalq donorların minatəmizləmə işlərinə, minadan zərərçəkənlərə güclü dəstəyinə böyük ehtiyac var.
Minatəmizləmə işlərində müasir texnikalardan istifadə edilməsinə baxmayaraq, ərazilərin kütləvi şəkildə minalarla çirkləndirilməsi, basdırılmış minaların coğrafiyasının müxtəlifliyi və bu vaxta qədər Ermənistan tərəfindən dəqiq xəritələrin təqdim edilməməsi minaların yerlərinin müəyyənləşdirilməsi və təmizlənməsi işlərində hədsiz çətinliklər yaradır.
Apardığımız tədqiqatlara əsasən qeyd edə bilərik ki, mina insidentlərinin təqribən 71 faizi əvvəllər “təmas xətti” olan ərazilərdən kənarda baş verib. Bu isə onların xüsusilə dinc insanlara qarşı yönəldilməsinin növbəti sübutudur. Mina insidentləri dağıdılmış yaşayış məskənləri, məzarlıqlar, bulaqlar, yol keçidləri, meşə massivi və kənd cığırlarında da qeydə alınıb.
Ermənistan tərəfinin real mina xəritələrini verməkdən imtinası, bu mövzuda dünya ictimaiyyətini aldatmaq yolunu tutaraq, guya mina xəritələri vermə imitasiyası yaratması humanitar fəlakətin aradan qaldırılmasına xidmət etmir. Bu həm də gələcəkdə iki ölkə arasında sülhün və barışın, dayanıqlı inkişafın bərqərar olmasına olan etinasızlıqdır.
Ermənistanın 44 günlük müharibədən sonra da Azərbaycan ərazilərini minalamağa davam etməsi, ötən dövrdə müxtəlif ərazilərdə 2021-ci ildə istehsal edilən minaların aşkarlanması insanlıq əleyhinə cinayətlərin növbəti seriyasıdır.
Minatəmizləmə həm də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün əsas şərtlərdən biridir. Məhz bu səbəbdən Azərbaycan özü minatəmizləmə üzrə Dayanıqlı İnkişaf Məqsədi formalaşdıraraq onu milli məqsəd kimi qarşısına qoyub. Minalar və partlamamış hərbi sursatlara qarşı mübarizədə beynəlxalq tərəfdaşlığın qurulması, resursların mobilizasiyası, minadan zərər çəkən ölkələrə xüsusi diqqətin ayrılması üçün qlobal miqyasda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycan humanitar minatəmizləmə üzrə yeni və xüsusi – 18-ci Dayanıqlı İnkişaf Məqsədini də təklif edib. Hesab edirik ki, bu dünya birliyinin diqqətinin qlobal mina təhdidinə yönəldə bilər.
Biz vətəndaş cəmiyyəti təşkilatları olaraq, sizi Azərbaycanın mina probleminin aradan qaldırılmasına yaxından dəstək verməyə, Ermənistana təzyiqlər etməyə, mina təhdidinin aradan qaldırılmasında ədalətli mövqe nümayiş etdirməyə çağırırıq.
Biz humanitar minatəmizləmənin sülhün qurulması prosesindəki böyük potensialına inanırıq.
Biz mina təhlükəsi ilə mübarizədə dəyərli tərəfdaşlığınıza, xoş niyyətinizə ümid edirik, mina və partlamamış sursatların törətdiyi təhdidlərin aradan qaldırılmasında dəstəyinizə güvənirik”.
Müraciəti Azərbaycan vətəndaş cəmiyyətinin aşağıdakı təmsilçiləri imzalayıblar:
1. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov
2. Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası, Rey Qasımov (Rey Kərimoğlu)
3. Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli
4. “Avrasiya” Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov
5. “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli
6. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev
7. “Çıraq” Humanitar və İnkişaf İctimai Birliyinin sədri Nadir Cəfərov.
www.102info.az