Mədəniyyət hər bir xalqın maddi və mənəvi dəyərlərini özündə əks etdirən məfhumdur. Bir növ insan və cəmiyyətin inkişafının müasir səviyyəsi, el adətlərini nəsildən-nəslə ötürən mənəvi dəyərdir. Hətta xalq arasında belə bir deyim də var: “Bir milləti məhv etmək istəyirsənsə, öncə onun mədəniyyətini məhv etməlisən. Dirçəltmək istəyirsənsə, onun mədəniyyətini qoruyub, təbliğ etməlisən”.
Azərbaycanın mədəniyyətinin tarixi qədim dövrlərlə bağlıdır. Mədəniyyət müxtəlif tarixi mərhələlərdən keçərək bu günə gəlib çıxıb. “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi”ndə Azərbaycan tarixini, mədəniyyətini təbliğ edən müxtəlif əl işləri satılır.
“İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2012-ci ildə təsis edilib. Mərkəz İçərişəhər Tarix-Memarlıq Qoruğu ilə Birləşmiş Krallıqda yerləşən “Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi” arasında həyata keçirilən birgə layihənin nəticəsidir. “Ənənəvi İncəsənət Mərkəzi” İçərişəhər Memarlıq Qoruğunun ərazisində yerləşir və Qoruq İdarəsinin Köhnə Bakının “Canlı tarix” olaraq qorunması konsepsiyasının tərkib hissəsidir.
Oxu.Az-ın əməkdaşları vəziyyəti araşdırmaq üçün “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi”nə baş çəkiblər.
“İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi”nə daxil oluruq. Daxil olan zaman səssizlik müşahidə olunur. Ətrafa nəzər yetiririk. Bir-birindən maraqlı əl işləri ilə qarşılaşırıq. Xüsusilə də satışa qoyulan yerli gümüş aksesuarları və milli üslubda bəzədilən kəlağayılar göz oxşayır. Mərkəzin əməkdaşlarından hər biri haqqında məlumat alan zaman yerli mütəxəssislər tərəfindən hazırlandığını dilə gətirirlər.
Deyilənlərə görə, “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” 5 fərqli dekorativ tətbiqi sənət növündə keramika, batika, zərgərlik, taxta və dekorativ rəngkarlıq sənətkarlıq nümunələrinin hazırlandığı, bu növlər üzrə müxtəlif yaş qruplarına aid fərdi və kollektiv şəkildə ustad dərslərinin keçirildiyi incəsənət mərkəzidir. Mərkəzin məqsədi ənənəvi incəsənət növlərini öyrənmək istəyən həvəskarlara və dizaynerlərə təlim vasitəsilə Azərbaycanın ənənəvi incəsənət növlərini tədris etməkdir. Burada qədim prinsiplərlə çağdaş dövr arasında vəhdətin qorunması əsas meyardır. Məhsullar xüsusi təbii materiallardan hazırlanır.
Ümumi məlumat aldıqdan sonra mərkəzin emalatxanasına yollanırıq. Mərkəz ilə aralarında bir qədər məsafə var. Nəhayət ünvana yetişdik. Sanki yerin altına daxil oluruq. Bir qədər mənzərə qəribə gəlsə də, geri qayıtmırıq. İçəridə maraqlı iş prosesinin getdiyinin şahidi oluruq. İlk baxışdan yorucu görünsə də, hər biri əl işini sevə-sevə hazırlayır. Daxil olan kimi əməkdaşlardan biri ümumi məlumat verir:
“Ənənəvi İncəsənət Mərkəzi”nin qədim emalatxanasında hazırlanan bütün sənətkarlıq nümunələri üçün təbii boyalar, ənənəvi üsullar istifadə olunur və bədii tərtibatlar mərkəzin dizaynerlər qrupu tərəfindən hazırlanır. Hər bir məhsulun dizaynı, hazırlanması ümumilikdə bir neçə ay davam edir. Bədii tərtibat üçün Azərbaycan ərazisində mövcud olan qədim dövr və orta əsrlərə aid memarlıq abidələrinin, dekorativ tətbiqi sənət nümunələrinin bədii xüsusiyyətləri nəzərə alınır. Azərbaycanın hər bir bölgəsinin özünəməxsusluğu, milli ornament elementləri diqqətlə qorunub saxlanılır və zənginləşdirilir. Sənətkarlıq nümunələrinin hər biri Azərbaycan xalqının zəngin və özünəməxsus tarixinə bir bələdçidir”.
Məlumat aldıqdan sonra iş prosesi gedən ayrı-ayrı sahələr üzrə məlumat almaq qərarına gəlirik. İlk otağa yanaşırıq. Otaqdan ağac qoxusu gəlir. Bizi taxta sahəsi üzrə mütəxəssis Aynur Salamzadə qarşılayır. Sözə başlayır:
“Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr və magistratura səviyyəsində təhsil almışam. 2012-ci ildən buradayam. 200 nəfərin arasında 22-24 nəfər seçildi. Onlardan biri də mən idim. 3 il ərzində burada təhsil aldıq. 4 istiqamət üzrə hər birimiz eyni təhsili aldıq. İlk olaraq islam dünyasına aid olan əlyazmaları bəzəyən naxışların strukturunu öyrəndik. Bizə xaricdən gələn müəllimlər dərs deyirdi.
Taxta sahəsi üzrə mənə Əlcəzairdən olan müəllim dərs dedi. Batika və keramikanı da bilirdik. Lakin mən taxta sahəsini seçdim. Taxta üzərində hazırda müxtəlif məhsullar hazırlayırıq. Masa üzərində yazı dəstləri hazırlayırıq. Nərdin sırf taxta hissəsini hazırlayıram. Taxtanın içərisinə naqillər vasitəsilə naxış düzürük. Naxışlar gümüşdən ibarətdir”.
A.Salamzadə sədəflərin xaricdən gətirildiyini əlavə edib:
“Şuşanın ləmpəli xalçası var. Nərd taxtasının üzərinə hazırda bir fraqmentini tətbiq edirik. Sədəflər xaricdən gəlir. İstifadə etdiyim okean sədəfidir. Daşlarını da, zərini də özümüz hazırlayırıq. Zərlər gümüşlə bəzədilib. Digər zərlərdən fərqlidir.
Böyük foto çərçivələr də hazırlayırıq. İstehsal edən kimi ofisə veririk. Bizdə müştərilər sıraya düzülür. İş prosesi uzun çəkir. Mən dizayner və istehsalçıyam. Satış işinə biz baxmırıq. Əvvəllər əl ilə edirdik. İndi isə lazerlə. Əvvəllər dizaynı yığıb, kağıza naxışı yapışdırırdıq. Daha sonra çəkic və iskənə ilə edirdik. İndi lazerin köməyi ilə edirik. Kiçik şahmatın keramik daşlarını da hazırlayırıq. 2012-ci ildən buradayam. 7 ildir ki, burada sərbəst işləyirəm”.
Söhbəti yekunlaşdırdıqdan sonra yan otağa doğru irəliləyirik. Orada müxtəlif parçalar, rənglərlə qarşılaşırıq. Bizi batika sahəsi üzrə mütəxəssis Fizzə Nağıyeva qarşılayır. Bizə işi barədə məlumat verir:
“Mən burada işləməyə bir neçə aydır başlamışam. Sırf batika üzrə təhsil almışam. Soyuq və isti batika var. Batika parça üzərində naxış deməkdir. Onu əl ilə də edirik. İsti parafindən istifadə edirik. Ştamplayandan sonra parçanı təbii rənglərə salırıq. Rənglərə saldıqdan sona parafini ütü ilə çıxarırıq. Və o hissələr ağ qalır. Əgər ağ qalmasını istəmiriksə, onda birinci istədiyimiz tona salırıq. Daha sonra ştamplayırıq. Naxışlar həmin rəngdə qalır. İkinci tona salırıq. Naxışlar o zaman üzə çıxır.
3 il bu məkanda təhsil almışıq. 2012-ci ildən buradayıq. Bu dəqiqə təhsil alan yoxdur. İndi sırf təhsil yeri kimi deyil. Biz istehsal edirik. Qiyməti ilə məşğul olmuruq. Gün ərzində 2-3 parça istehsal edirik. Daimi müştərilərimiz var. Gözəl sənətdir, zövq alıram”.
F.Nağıyeva parçanı rəngləmə prosesində bəhs edir:
“Rəng piqmentləri toz halındadır. Birinci duz qatılır. Daha sonra su əlavə olunur. Suda hər biri həll olunur. Rənglər istədiyimiz qədər qramla əlavə edilir. Rəngi möhkəmləndirmək üçün soda qatılır. Parçanı suda saxlayırıq, daha sonra rəngdə 10-15 dəqiqədə saxladıqdan sonra çıxarırıq. Parafinlə ütüləyirik”.
Batika ilə tanışlıqdan sonra otaqdan çıxırıq. Qarşıdakı böyük otaqda gərgin iş prosesi gedir. Burada boşqab və vazaların üzərinə maraqlı naxışlar çəkilir. Hər biri göz oxşayır. Keramikanın sirlərini öyrənmək üçün mütəxəssis Şəhriyar Mərdiyev ilə danışırıq:
“Burada yaranan bütün formaları mən hazırlayıram. Bizim mərkəzin öz proqramı var. Məqsəd ənənəvi incəsənəti təbliğ etmək və qorumaqdıq. Müasir dil ilə insanlara çatdırırıq. Keçmiş dövrdən ilhamlanıb yeni əsərlər yaradırıq. Ümumiyyətlə bütün dizaynlar hamısı artıq bizə qədər olan keramikalardan ilhamlanıb yaradılıb. Biz yeni məhsul yaradarkən onun mövzusu olur. Şuşaya, Şirvanşahlar və ya Qarabağa aid araşdırma edirik. Nümunələrə baxırıq. Onun əsasında dizaynlar edirik. Mədəniyyəti təbliğ edirik. Sırf qablar üzərində deyil. Boşqab ən çox tələb olunan formadır. Lakin vazalar da var. Biz satışı ilə məşğul olmuruq. Mərkəzə müxtəlif sifarişlər verirlər”.
Keramika üzrə mütəxəssis Ş.Mərdiyev bu sahəyə marağının uşaqlıqdan olduğunu dilə gətirir:
“Atam rəssam olub. O, rəssamlığın müxtəlif sahələrində işlər görürdü. O da məndə maraq yaratdı. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil oldum. Tələbə olan zaman belə proyekt barədə eşitdim. 3 il təlim-tədris prosesi keçirildi. Layihənin məqsədi Azərbaycan incəsənət ənənələrini yaşatmaq və dünyaya çatdırmaq. Yeni mütəxəssislər yetişdirməyi düşünürdülər. Xüsusən rəssamlığı bitirənləri seçirdilər”.
Söhbətimizi tamamladıqdan sonra digər otağa daxil oluruq. Burada bir nəfər səssizcə iş görür. Yaxınlaşırıq. Məlum olur ki, həmin şəxs zərgərlik üzrə mütəxəssis Emil Almazovdur. Dərhal sözə başlayır:
“2012-ci ildən buradayam. Rəssamlıq üzrə təhsil almışam. İşimiz zərgərlikdən fərqlidir. Çünki ənənəvi üsullarla hazırlanır. Şəbəkə texnikası ilə işləyirik. Əsas ixtisasımız zərgərlikdir. Çəkdiyim dizaynlar metal sahəsinə daha uyğundur. Burada tək çalışıram. Bizdə əsas Qarabağ, Şirvanşahlar, Naxçıvan kolleksiyaları olur. Əsas sırğa hazırlayıram. Bəzən üzük və qolbaq da olur. Sifariş verənlər sırf turistlər deyil, adi insanlar da olur.
Bizdə əsas fərq odur ki, dizayn tirajlı şəkildə deyil. Barmaqla sayılası qədərdir. Dizaynı özümüz çəkirik. Dizayndan sonra yığırıq. Əsasən qızılla deyil, gümüşlə işləyirik. Bir dəfə fransız müştəri üçün işləmişik. Ona qızıldan qolbaq yığmışdıq. Mərkəz olaraq gümüşlə çalışırıq. Şəbəkə sənəti üzrə işləyirik. Sırğalar açıq və örtülü şəbəkə ilə hazırlanır. Qapalı arxası bağlı, digəri açıq olur. Biz sırf qiymət deyə bilmirik”.
Emalatxanadan xoş təəssüratlarla ayrılırıq. Ümid edirik ki, ənənəvi incəsənətimiz daha da inkişaf edəcək. Və gələcək nəsillərə qorunub, saxlanılacaq.
Qeyd edək ki, “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” Bəylər məscidinin bərpasını və Şirvanşahlar taxt-tacının dizaynının hazırlanmasını da həyata keçirib. “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi”ndə hazırlanan bütün sənətkarlıq nümunələri “Dastan” brendi ilə təqdim olunur. Brend 24 Dekabr 2016-cı ildə yaradılıb. “Dastan” sözü qədim Azərbaycan ədəbiyyatına aid olan eposlardan götürülüb.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
www.RIA24.az