Azərbaycan bizim üçün çox ciddi tərəfdaşdır. Hesab edirəm ki, İsraildə parlament seçkilərinin nəticələrinə baxmayaraq, strateji xətt dəyişməyəcək.
Caliber.Az-ın məlumatına görə, bunu tanınmış israilli şərqşünas, Yerusəlim Yəhudi Universitetinin əməkdaşı dr.Vladimir Mesamed İsraildə seçkilərin nəticələri və Azərbaycan-İsrail münasibətlərindən danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan İsrailin ən böyük neft tədarükçüsü və silah alıcısıdır.
“Azərbaycan və ümumiyyətlə, Cənubi Qafqaz İranla qonşuluq edir. Bu çox vacibdir və nəzərə alınır”, – deyə ekspert əlavə edib.
V.Mesamed B.Netanyahunun nüfuzunun İsraildə yüksək olduğunu vurğulayıb.
“Əhalinin koronavirusa qarşı peyvənd edilməsi onun şəxsi xidmətidir, bunu hamı bilir. Qlobal böhrana baxmayaraq ölkə iqtisadiyyatı inkişaf edir. Onun hökumətin başında qalma şansı yüksəkdir, bu da xarici siyasətdə, o cümlədən Cənubi Qafqazda böyük dəyişiklik gözlənilməməsi deməkdir”.
Ekspert həmçinin mart ayında İsraildə erməni icmasının təşkil etdiyi iki etiraz aksiyasına da münasibət bildirib. Xatırladaq ki, nümayişçilər İsrail silahlarının Azərbaycana tədarükünə etiraz edirdilər.
“… Siz Bakıda olduğunuz halda bu aksiyalar barədə məndən – İsraildə yaşayandan çox bilirsiniz (gülür). İnsanlar fikirlərini bildirmək hüququndan istifadə edirlər, amma onların nəyəsə ciddi şəkildə təsir edə biləcəklərini söyləməzdim. Keçən payızda – Qarabağda müharibə zamanı daha çox nəzərə çarpan nümayişlər oldu, lakin bunlar da heç nəyə təsir etmədi”, – deyə şərqşünas bildirib.
O, İsrailin öhdəliklərini və imzalanan müqavilələri yerinə yetirən ölkə olduğunu vurğulayıb.
“Üstəlik biz müharibəyə deyil, tərəfdaşlarımıza silah verdiyimizə inanırıq”, – deyə V.Mesamed sözlərini yekunlaşdırıb.