Pakistan AAQ-ın rəhbəri: “Azərbaycandan maliyyə auditi sahəsində biliklər öyrənəcəyik”

Siyasət


Pakistan İslam Respublikasının Baş auditoru Muhammad Acmal Qondal Azərbaycanda səfərdədir. Ötən həftə Şuşada Azərbaycan Hesablama Palatası və Pakistanın Baş Auditor Ofisi arasında Anlaşma Memorandumunun yenilənərək imzalanması mərasimi keçirilib.

Pakistanın Baş auditoru “Report”a müsahibəsində təmsil etdiyi qurumun fəaliyyəti, Anlaşma Memorandumu ilə bağlı, eləcə də Hesablama Palatası ilə əməkdaşlıq barədə fikirlərini bölüşüb:

– Pakistanın Ali Audit Qurumunun (AAQ) rəhbəri kimi Hesablama Palatasının fəaliyyəti barədə fikirlərinizi bilmək maraqlı olardı.

– Hesablama Palatası Azərbaycanda hesabatlılığın və şəffaflığın təmin olunması üçün möhtəşəm işlər görür. Pakistanın AAQ-ı Hesablama Palatasında həmkar qiymətləndirməsi aparıb. Palatanın əməkdaşları çox yüksək təcrübəyə və biliyə malikdirlər. Palata Türkiyə və Pakistan AAQ-ından sonra yaranıb, lakin çox böyük nailiyyətlər əldə edib. İnanırıq ki, əməkdaşlığımız davamlı olacaq. Bu qurumdan bizim üçün yeni olan məlumatlar əldə edərək, özümüzdə həmin məsələləri təkmilləşdirməyə çalışacağıq.

– Hesablama Palatası ilə imzalanmış memorandumdan gözləntiləriniz nələrdir və gələcək əməkdaşlıq istiqamətləri barədə nə deyə bilərsiniz?

– Ötən həftə Şuşa şəhərində Hesablama Palatası və Pakistanın Baş Auditor Ofisi arasındakı Anlaşma Memorandumu yenilənərək imzalandı. Sənəd özündə mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi, eyni zamanda, kənar dövlət maliyyə nəzarəti sahəsində potensialın artırılması istiqamətində birgə fəaliyyətlərin daha məhsuldar təşkilini ehtiva edir.

Bu sənədi Pakistanın hüquq-mühafizə orqanlarına, eyni zamanda, Nazirlər Kabinetinə təqdim edərək onların rəyini almışıq. Baş nazir tərəfindən təsdiq edildikdən sonra sənədi imzalamışıq. Bu, qarşılıqlı əməkdaşlıqdır. Ümid edirik ki, memorandum hər iki AAQ üçün çox faydalı olacaq. Azərbaycan AAQ-dan bir çox təcrübələri öyrənməyə hazırıq.

Pakistanın Ali Audit Orqanı olaraq Hesablama Palatası ilə əlaqələrimizi daha çox təlimlər vasitəsilə təkmilləşdirməyə çalışacağıq. Palatanın və Pakistan AAQ-ın nümayəndələrinin qarşılıqlı səfərləri nəzərdə tutulur. Bundan başqa, bizim səmərəlilik auditi sahəsində güclü təcrübəmiz olduğu üçün Palataya təkliflərimizi verəcəyik, Azərbaycan tərəfdən isə maliyyə auditi sahəsində bilikləri öyrənə biləcəyik.

– Fəaliyyətiniz barədə bir sıra məqamlar üzərində dayanmaq istərdik. Pakistan İslam Respublikasında auditlərin nəticələri parlamentə ayrıca təqdim edilir və müzakirə olunurmu? Bu proses ölkənizdə necə təşkil olunur?

– Biz hansısa təşkilatda audit apardıqdan sonra hesabatı həmin quruma təqdim edib müzakirələr aparırıq. Audit hesabatı yekunlaşdıqdan sonra onu Pakistan parlamentinə ölkənin prezidenti vasitəsilə təqdim edirik. Parlamentin rəhbərliyi onu qurumun nəzdində fəaliyyət göstərən Dövlət Büdcə Komitəsinə göndərir. Dövlət Büdcə Komitəsi, parlament rəhbərliyi, auditor, büdcə komitəsinin üzvləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, Ədliyyə Nazirliyinin iki hesabatlılıq idarəsi müzakirələrdə iştirak edirlər. Hesabatın hər bir maddəsi ayrı-ayrılıqda müzakirəyə çıxarılır. Qərarı isə Dövlət Büdcə Komitəsi verir. Bu qərar cəza, həbs, xidmətin dayandırlması və ya bərpaedilmə də ola bilər.

– Pakistan AAQ ilə parlament arasında münasibət necə qurulur?

– Münasibətlər çox yaxşı qurulub. Pakistan Konstitusiyasının birinci maddəsində belə bir bənd var ki, ölkədə heç bir qurum baş auditora müdaxilə və ya təsir edə bilməz. Baş auditor auditin aparılıb-aparılmayacağına, nə vaxt və necə aparılacağına, hansı audit növünün aparılacağına özü qərar verir. Nə parlament, nə prezident, nə də baş nazir baş auditorun işinə müdaxilə edə bilər. Onlar məsləhət edə bilərlər, lakin hər bir halda son qərar baş auditorundur.

– İl ərzində hüquq-mühafizə orqanlarına neçə material göndərilir, onlar necə izlənilir? Korrupsiya halları ilə qarşılaşırsınızmı? Bu halda reaksiya necə olur?

– Hesabat hazır olduqdan sonra Pakistan AAQ onu parlament sədrinə və Dövlət Büdcə Komitəsinə göndərir. Pakistanda baş auditor bu hesabatın hüquq-mühafizə orqanlarına göndərilib-göndərilməyəcəyinə qərar vermir. Sonda qərarı parlament sədri və Dövlət Büdcə Komitəsi verir. Çünki Pakistan AAQ hesabatı təqdim edən zaman orada pozuntu halları və ya araşdırmalı məsələlərin olduğunu qeyd edir. Araşdırılma aparıldıqdan sonra biz nəticəni Dövlət Büdcə Komitəsi vasitəsilə öyrənirik.

– Auditlərin nəticələri KİV-də müzakirə edilirmi, ekspertlər və müxalifət münasibət bildirirmi?

– Audit hesabatları Pakistan AAQ-ın rəsmi internet səhifəsində yerləşdirilir. Pakistan AAQ baş naziri, Prezident Administrasiyasını, parlamenti də audit edir. AAQ hansı qurumlarda audit aparacağı barədə bir illik proqram hazırlayır və bunu da qurumun veb-saytında yerləşdirir. Biz bu zaman həm də ictimaiyyətin fikrini öyrənirik. İstənilən vətəndaş fikir bildirə bilər ki, hansı təşkilatda audit aparılmasını istəyir.

Hazırda 6 500 audit olunacaq təşkilatın siyahısı saytımızda yerləşdirilib. Lakin sonda hansı təşkilatda hansı auditin aparılıb-aparılmayacağı barədə baş auditor qərar verir. Pakistanın Dövlət Büdcə Komitəsinin sədri müxalifət partiyasındandır və 25 üzvü var. Onlar parlamentin üzvləri və senatorun üzvləridir. Dövlət Büdcə Komitəsində əksəriyyət müxalifətdən olanlardır. Komitənin iclasları açıq keçirilir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir