Avqustun 7-si saat 13:30-da Ermənistan silahlı qüvvələrinə məxsus “DJI Mavic 3” kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində kvadrokopter xüsusi texniki vasitələrlə endirilib.
Ermənistanın sərhəddə kəşfiyyat uçuşları həyata keçirməsi onun Azərbaycan mövqelərinin koordinatlarını çəkmək, buna qarşı təxribatlar təşkil etmək hazırlıqları kimi başa düşülə bilər.
Ona görə də sərhəddə mümkün təxribat ehtimalları güclənir, bu isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün aparılan danışıqlar, onun nəticələrini korlamaq cəhdlərinə xidmət edir.
Burada hansı aktorlar maraqlıdır – bu mövzuda xeyli sayda yazımız olduğundan biz məsələni daha çox hərbi kontekstdə izah etməyə çalışacağıq.
Azərbaycan sərhədlərin delimitasiyası kontekstində tərtib etdiyi cədvəlin praktiki icrasında qətiyyətlidir, Ermənistanın addımını həmin planı pozmaq kimi qiymətləndirmək mümkündür.
Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etməkdən ötrü prosesi Ermənistana münasibətdə şərti sərhəd anlayışından çıxarıb dəqiq koordinatlar müstəvisinə köçürmək çağırışlarını həyata keçirir.
Sərhədlərin diplomatik-siyasi yolla delimitasiyasına dair danışıqlar Bakı üçün istənilən nəticəni verməyəndə o, təhlükəsizlik zonası yaratmaq üçün sərhəddə hərbi möhkəmlənmə işləri aparmağı vacib sayır.
Deməli, Azərbaycan təhlükəsizliyini xarici siyasət vasitələri və hərbi tətbiqləri bir əldə tutaraq təmin edir.
Bu, Azərbaycanın ümumi təhlükəsizlik çağırışlarından irəli gələn prosedurların həyata keçirilməsidir.
Proses Azərbaycanın Ermənistanla sərhəd boyunca İrəvandan tələb etdiyi bufer zonanın son nöqtəsinin təmininə qədər davam edə bilər.
Bu, delimitasiya, Zəngəzur dəhlizi layihəsi və Azərbaycanın gələcək təhlükəsizliyi kontekstində əhəmiyyətli məqamdır. Ermənistan isə Azərbaycanın şərt və tələblərini icra etmək üçün davamlı hərəkətliliyində fasilə yaratmağı planlaşdırır.
Buna görə də sərhəddə təxribatlara əl ataraq Azərbaycanın artan diplomatik-siyasi və hərbi təzyiqləri önündə alternativ formalaşdırmağa çalışır.
Lakin bunun nəticə verəcəyini proqnozlaşdırmaq olmaz. Çünki Azərbaycan yeni silahların alınması, Silahlı Qüvvələrin peşəkarlığının artırılması, Türkiyə ilə strateji müttəfiqlikdən irəli gələn koordinasiyanın qurulması hesabına özünün hərbi qüdrəti üzrə indeksi artırır.
Ona görə də Ermənistan sərhəddə təxribatlarını davamlı etsə, Azərbaycan buna adekvat cavablar verəcək. Bununla da Bakı təhlükəsizlik zonası ilə bağlı tələbini hərb gücü ilə təmin edə və regionun konfiqurasiyasında fərqli bir cığır aça bilər.
Aqşin Kərimov
www.RIA24.az