2022-ci il martın 29-da daxil olan məlumat əsasında istintaq orqanları Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, ev 568, mənzil 7-yə baxış keçiriblər və içəridə 1972-ci il təvəllüdlü Gəncə sakini Fəxrəddin Əsədovun meyiti aşkarlanıb.
Bununla bağlı Suraxanı Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Müəyyən edilib ki, Fəxrəddin Əsədov onunla bir mənzildə yaşayan Ravil Baybəyov tərəfindən öldürülüb.
Belə ki, narkotik vasitə tələbatı ilə bağlı bədənində yaranmış ağrılar səbəbindən qışqırıb səs-küy saldığı üçün Ravil Fəxrəddini sakitləşdirməyə çalışanda sonuncu onun ünvanına nalayiq ifadə işlədib. Bundan qəzəblənən Ravil Baybəyov masanın altında olan mətbəx bıçağını götürərək Fəxrəddin Əsədovun döş qəfəsinə güclü zərbə endirib. Daha sonra Ravil Baybəyov evi tərk edib və bıçağı yerə tullayıb, yoldan keçən tanımadığı şəxsə yaxınlaşaraq evində qalan tanışının özünə bıçaqla xəsarət yetirdiyini deyərək ondan təcili tibbi yardım çağırmasını istəyib. Təxminən 20 dəqiqə sonra mənzilə gələn təcili tibbi yardım işçiləri Fəxrəddinin artıq öldüyünü bildiriblər və polisə məlumat verilib.
İş üzrə dindirilmiş Ravil Baybəyov hadisənin təsadüfən baş verdiyini və əməlindən çox peşman olduğunu deyib.
İstintaqa ifadəsində Ravil Baybəyov bildirib ki, Fəxrəddin Əsədovla təxminən üç il əvvəl tanış olub. Narkotik vasitə istifadəçisi olduğunu biləndən sonra aralarında dostluq münasibəti yaranıb. Hətta Fəxrəddin ona qalmağa yerinin olmadığını söyləyəndə onu öz evinə aparıb. Evində yaşamasının əvəzində isə ondan pul almayıb, əksinə yemək-içmək məsələsini çox vaxt özü həll edib. Martın 28-i Fəxrəddin Əsədovun gətirdiyi narkotik maddəni qəbul ediblər. Növbəti gün Fəxrəddinin yenidən narkotik vasitə istəməsi məlum qətllə nəticələnib.
Məhkəmə iclasında Ravil Baybəyov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi, yəni Fəxrəddinin bacısı Kəmalə Əsədova təqsirləndirilən şəxsi bağışladığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ravil Baybəyov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edilib.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
www.102info.az