Avrokuboklarda bu mövsümün əsas sürprizi Farer adalarının “Kİ Klaksvik” klubudur. Kiçik ölkənin təxminən beş min əhalisi olan xırdaca Klaksvik şəhərini (hərçənd, paytaxt Torshavndan sonra ikinci ən böyük şəhərdir – red.) təmsil edən komanda artıq Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsindədir və pley-off şansları kifayət qədər böyükdür.
I mərhələdən başlayan adalılar öncə Macarıstanın güclü “Ferentsvaroş” klubunu mübarizədən kənarlaşdırdılar. Evdəki qolsuz heç-heçədən sonra “Kİ Klaksvik” səfərdə rəqibinə aman vermədi – 3:0. Bu qələbə macar klubunu baş məşqçi Stanislav Çerçesovla yolları ayırmağa vadar etdi.
Kiçikmiqyaslı möcüzənin davamı növbəti raundda gəldi. II təsnifat mərhələsində İsveç çempionu “Hekken”lə üz-üzə gələn “Ki Klaksvik” yenə ilk matçı evdə qolsuz heç-heçə ilə başa vurdu. Səfər matçında 120 dəqiqə qalib müəyyənləşmədi – 3:3. Penaltilər seriyasında daha dəqiq olan Farer adaları təmsilçisi ilk dəfə avrokuboklarda qrup mərhələsində oynamağı təmin etdi. Komanda ÇL-də pley-offa adlamağı bacarmasa belə, ən azı Konfrans Liqasının qrupunda yarışacaq.
“Kİ Klaksvik”in qitənin bir nömrəli klub turnirində də şansları az deyil. III təsnifat mərhələsində digər güclü rəqib – Norveç “Molde”si ilə üz-üzə gələn kollektiv öz meydanında 2:1 hesablı qələbə qazanıb. Səfər oyununda bu üstünlüyü qorumaq mümkün olsa, artıq ən azı Avropa Liqasının qrup mərhələsi təmin ediləcək.
Maraqlıdır ki, “Kİ Klaksvik”in baş məşqçisi Maqne Hoset 260 liqa oyunu və 84 qolla “Molde”nin əfsanəsi sayılır. Farer adaları təmsilçisinin müdafiəçisi Veqard Forren isə 286 matçla “Molde” tarixində formanı ən çox geyinən ikinci oyunçudur.
“Kİ Klaksvik”in uğurları niyə bu qədər təəccüb yaradır?
Öncə onu qeyd edək ki, klub ölkəsində titul sayına görə bir nömrədir. 118 il əvvəl əsası qoyulan “Kİ Klaksvik” 20 dəfə Farer adalarının çempionu olub, altı dəfə ölkə kubokunu, üç dəfə Superkuboku əldə edib.
Komandanın ev oyunlarını keçirdiyi stadionda cəmi 530 oturacaq var. Ayaq üstə azarkeşlik edənlərlə birlikdə ümumi tutum 2 600 nəfər ola bilir. ÇL-də ilk iki matçını orada keçirən kollektiv daha sonra məcburiyyətdən paytaxta köçməli olub. Çünki yerli arena artıq UEFA-nın standartlarını qarşılamır. Bu məqam kifayət edir deyək ki, komanda boyundan yuxarı tullanmağı artıq bacarıb.
“Kİ Klaksvik”in Avropada elə də uğurlu nəticələri yoxdur. 1992-ci ildə qitəmiqyaslı yarışlarda debüt edən komanda yalnız Avropa Liqasının 2018/19 mövsümündə ilk dəfə mərhələ keçməyi bacarıb. Ən yaxşı nəticə isə 2020/21 mövsümündə qeydə alınıb. Mübarizəyə Çempionlar Liqasında başlayan “cırtdanlar” Avropa Liqasında pley-off oynamağı bacarıblar. Lakin orada İrlandiya “Dandolk”unu keçmək mümkün olmayıb.
Bu mövsüm möcüzə reallaşdırmaqda olan “Kİ Klaksvik”in heyətinin ümumi dəyəri 2,77 milyon avrodur. Müqayisə üçün qeyd edək ki, “Ferentsvaroş”un dəyəri 50 milyon avroya yaxın, “Hekken”in dəyəri 23 milyon avro, “Molde”nin dəyəri isə 25,5 milyon avrodur.
Farer adaları çempionunun səviyyəsinin daha aydın anlaşılması üçün Azərbaycan klubları ilə müqayisə etmək də yerinə düşər. Bu komanda Premyer Liqamızda oynasaydı, heyətinin dəyərinə görə yalnız “Kəpəz”i (2,48 milyon avro) üstələyərdi və bu baxımdan 10 komanda arasında doqquzuncu olardı. Hətta debütant “Araz-Naxçıvan”da belə, oyunçuların dəyəri daha yüksəkdir.
Ümumən, komandanın əsası yerli futbolçulardan qurulub. “Kİ Klaksvik”in doqquz legioneri var. Onların da yeddisi yaxın ölkələr – Norveç, İsveç və Danimarkanı təmsil edir. Kollektivdə Serbiya və Qanadan futbolçular var. Heyətin ən dəyərliləri 300 min avro qiyməti olanlar – Patrik da Silva və Hallur Hanssondur.
“Ki Klaksvik”in yerli oyunçuları ilə bağlı daha maraqlı məqamlar var. Məsələ ondadır ki, futbol heç də onların hər birinin yeganə fəaliyyət sahəsi deyil.
Məsələn, Yoannes Kalsö Danielsen və Rene Şaki Yoensen elektrikdirlər. Onlar yerli “EL-IN” firmasında çalışırlar.
Müdafiəçilər – Odmar Faereu və Borge Petersen isə gəmi təmiri sexində işləyirlər.
Elə komandanın bombardiri Arni Frederiksberq də tam ştatlı futbolçu deyil. Təsnifat mərhələlərində beş qarşılaşmada altı qol (komandanın ümumi qol sayı səkkizdir – red.) vurub, bir assist edən 31 yaşlı vinger qida firmasında rəhbər vəzifədə çalışır. Sözügedən şirkət, əsasən, dondurulmuş pizza istehsalı ilə məşğul olur. Frederiksberq hər gün saat 8:00-dan 16:00-a qədər bu işində olur. 17:00-20:00 aralığı isə onun məşq saatlarıdır.
Qapıçı Yonatan Yohanssonun hekayəsi lap qəribədir. İsveçli qolkiper ötən il 31 yaşında karyerasını bitirmək qərarına gəlib. Lakin bu ilin aprelində fikrindən daşınıb və Şimali Avropa liqalarında mövsümün ortası olduğu üçün məcburiyyətdən Norveçin beşinci divizion təmsilçisi “Majorstuen”də oynamağa başlayıb. Hələ bu harasıdır?! Yohansson yeni klubunda qapıçı yox, mərkəz müdafiəçisi (!) kimi oynayıb.
Bu ilin iyununda “Kİ Klaksvik”lə müqavilə bağlayan Yohansson komandanın əsas qapıçısıdır. “Çərçivə qoruyucusu” işinin öhdəsindən kifayət qədər uğurla gəlməyi bacarır. “Ferentsvaroş”un məyus edə bilmədiyi qolkiper “Hekken”lə bir görüşdə də qapısını toxunulmaz saxlamağı bacarıb.
“Ki Klaksvik”in uğurlarının arxasında nə dayanır?
Həqiqətən, bu suala cavab tapmaq çox çətindir. Oyunçu keyfiyyəti aşağı, əksəriyyəti digər sahələrdə çalışanlardan ibarət heyət, təcrübəsiz çalışdırıcı… Bu halda necə möcüzə etmək olar?
Deyək ki, baş məşqçinin yanaşmasındakı fərqliliklər, taktiki bacarıqlı olmaq, intizamlı oyun, vikinq döyüşkənliyi əsas səbəblərdəndir. Son bir neçə ildə “Kİ Klaksvik” davamlı olaraq inkişaf edir. Klub ölkə daxilində bütün rekordları alt-üst edib. Artıq Avropada da sözünü deməyə başlayıb. Klubun transfer siyasəti diqqət çəkir. Daha əvvəl Skandinaviya ölkələrinin güclü klublarında çıxış etmiş, lakin hazırda formadan düşmüş oyunçular cəlb olunur və onlara bir növ ikinci şans verilir. Eyni zamanda, heyətdə yerli perspektivli oyunçular cəmləşdirilib. Təcrübə və enerjinin vəhdəti ilə yaxşı balans yaradılıb.
Lakin şübhəsiz, nəticələrdə bəxt amilini də qabartmaqda fayda var. Özündən dəfələrlə güclü rəqibləri mübarizədən kənarlaşdırırsansa, şübhəsiz, bir az bəxtin olmalıdır.
Təbii ki, inam da. Çünki inam işin yarısıdır. “Kİ Klaksvik” “Ferentsvaroş”la səfər oyunundan öncə sosial şəbəkə hesabında paylaşım etmişdi:
“İsveç çempionları (“Hekken” nəzərdə tutulur – red.) bizi növbəti mərhələdə gözləyirlər… Çünki biz keçəcəyimizə əminik!”
2015-ci ildə “Kİ Klaksvik” yerli məşqçi Mikkyal Tomasseni işə götürəndə klub çox iddialı bəyanatla çıxış etmişdi: “Avropa yarışlarında qrup mərhələsində iştirak edən ilk Farer adaları klubu olacağıq”.
Həmin zaman hamı bu iddianı gülünc qarşılayırdı. Lakin indi klub qrup mərhələsini təmin edib. Düzdür, Tomassen artq başqa ünvanda – Norveç “Freddrikstad”ındadır. Lakin təcrübəsiz norveçli mütəxəssis Maqne Hoset bu missiyanı tamamlayıb. Maraqlıdır ki, 42 yaşlı Hoset “Ki Klaksvik”ə qədər yalnız ölkəsində “Kristiansund” klubunda köməkçi məşqçi kimi çalışıb.
Yerli əhalidə futbola maraq çox böyükdür. Təkcə Klaksvik şəhəri deyil, ətraf ərazilərdən də insanlar bu komandanı dəstəkləyirlər. Klub Farer adalarında “xalqın komandası” hesab edilir. Deyilənə görə, “Kİ Klaksvik” qalib gələndə yerli balıq fabrikində iş tez və yaxşı gedir. Komanda uduzanda isə bütün işçiləri süstlük basır.
Uğurlu nəticə üçün müəyyən səbəblər sadaladıq. Lakin anlaşılandır ki, bunlar kifayət deyil. “Frilans” futbolçular, təcrübəsiz məşqçi, futbol ölkəsi olmayan Farer adalarını təmsil etmək, qat-qat güclü rəqiblərlə üz-üz gəlmək və bütün bunların yekununda inanılmaz uğur qazanmaq. Həqiqətən, bunun futbol baxımından izahı çox çətindir. Çarə mifologiyaya müraciət etməkdir. “Kİ Klaksvik”ə mütləq ya Odin kömək olur, ya da yerli folk müğənnisi Ayvyor Palsdouttirin sehrli musiqilərinin (Dinlə: “Trodlabundin” – Qəlbi və ruhu sehrlənmiş insanın təsvir olunduğu Farer adaları xalq mahnısı) təsiri var.
Rasional izah yoxdur, ümid yalnız konspiralogiyayadır. Danimarka millisinin 1992-ci ildə tətildən gedib Avropa çempionu olması kimi izahedilməzdir. Bu skandinavlarda nəsə var. “Odin haqqı!”
Faiq Tahirov
www.102info.az