Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları ilə görüş keçirilib – FOTO

Mədəniyyət


Avqustun 12-də Beynəlxalq Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova ilə görüş keçirilib.

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən tədbirin əvvəlində ulu öndər Heydər Əliyev və Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “MədəniyyətimİZ” layihəsinin koordinatoru Riad Cəbrayılov “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirin Beynəlxalq Muğam Mərkəzində baş tutmasına görə öz təşəkkürünü bildirib. 

O qeyd edib ki, tədbirin Beynəlxalq Gənclər Günündə keçirilməsi də təsadüfi deyil. Gənclərə bu əlamətdar gün münasibətilə təbriklərini çatdıran R.Cəbrayılov bildirib ki, ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi ilə bütün sahələrdə quruculuq və tərəqqi prosesinin əsası qoyulub. Hazırda bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Xalq artistləri Gülyaz Məmmədova və Gülyanaq Məmmədova tədbirdə geniş təqdimatla çıxış ediblər. 

Görüş müddətində diqqətə çatdırılıb ki, respublikamızda son illərdə həyata keçirilən müxtəlif irimiqyaslı layihələr, muğam televiziya müsabiqələri, festivallar, istedadlı gənclərin yaradıcılıq fəaliyyətinin stimullaşdırılması istiqamətində görülən işlər ölkədə bu sahənin inkişafını şərtləndirən bariz nümunələrdəndir.

Qonaqlar tədbirin davamında ulu öndər Heydər Əliyevlə olan xatirələrindən, həmişəyaşar liderin mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıdan söhbət açıblar. Görüş müddətində vurğulanıb ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə Gülyaz və Gülyanaq bacılarının eyni vaxtda “Əməkdar artist” fəxri adı ilə təltif olunması müasir mədəniyyət tarixində bir ilk idi.

Tədbir “Azərbaycan milli musiqisi, muğam və milli vokal ifaçılığı sənətinin inkişaf perspektivləri”, “Müasir gənclərin maarifləndirilməsində milli musiqi mədəniyyətinin rolu” və “Yaradıcı sənayenin təşkilində klassik ifaçılıq tərzinin əhəmiyyəti”  mövzularında panel müzakirələrlə davam etdirilib, auditoriyanın çoxsaylı sualları cavablandırılıb.
Xalq artistləri Gülyaz Məmmədova və Gülyanaq Məmmədovanın, həmçinin tələbələri Məftun Səfərli, Cahangir Əliyev və Əvəzxan Əzizovun ifasında milli musiqi nümunələri təqdim olunub. 

Sonda xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir