Beynəlxalq qanunlara əsasən, Ermənistan işğal altında saxladığı müddətdə minaladığı Azərbaycan ərazilərinin xəritələrini təqdim etməlidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib. C.Osmanov bildirib ki, bu məsələ beynəlxalq hüquq və normalarda öz əksini tapıb: “Amma çox təəssüf ki, 10 noyabrda imzalanan üçtərəfli bəyanatdan artıq 5 ay keçir, amma bu günə qədər Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim etməyib.
Əlbəttə, Ermənistan həm müharibəyə qədər, həm müharibə boyunca da hərbi cinayət törətdi. Baxmayaraq ki, 10 noyabrda ermənilər kapitulyasiya aktına imza atdırlar, bu günə qədər minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim etməməklə yenə də hərbi cinayətlərin törədilməsini davam etdirirlər. Və çox təəssüf ki, bu məsələdə dünya hələ də susur, dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildirmirlər. Amma bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar, xüsusən hüquq müdafiəsi sahəsində ixtisaslaşan təşkilatlar Ermənistan tərəfinə ciddi təzyiq göstərməlidirlər. Əgər ciddi təzyiqlərdən nəticə çıxarmasa, Ermənistana sanksiyalar tətbiq edilməlidir.
Çox təəssüf ki, dünyada ikili standartlar mövcuddur və bu gün də biz o ikili standartları Ermənistana təzyiq göstərməməkdə görürük. Ermənistanın xəritələri təqdim etməməsi bir hərbi cinayətdir və bu hərbi cinayəti törədənlər gec-tez beynlxalq hüquq müstəvisində cavab verməli olacaqlar, beynəlxalq təşkilatların da məhz əsas işi ondan ibartdir ki, belə hallarda belə ölkələrə ciddi təzyiq göstərsinlər”.