“İşğaldan azad edilmiş ərazilərə diplomatların və əcnəbi hərbi nümayəndələrin mütəmadi səfərlərinin təşkili çox önəmlidir. Ermənistan davamlı olaraq xaricdə Azərbaycan əleyhinə yalan təbliğatını davam etdirir, guya Qarabağ ermənilərinin blokadada olduğunu söyləyir. Bu durumda bir sıra Qərb mətbu orqanları və dövlətlər də yalan təbliğatın iştirakçısına çevrilir və bu prosesdə fəal şəkildə iştirak edirlər”.
Bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O qeyd edib ki, bəzi bəyanatlarda ölkələrin və beynəlxalq təşkilatların ifadə etdiyi yanaşmalar bu fikri bir daha təsdiq edir:
“Bu gün bizim qarşımızda duran ən mühüm vəzifələrdən biri odur ki, Azərbaycan həqiqətlərini dünyaya çatdıraq və erməni yalanlarının, vəhşiliklərinin düzgün tanıdılmasına nail olaq. Əlbəttə, ölkəmizdəki səfirliklər, televiziya, mətbuat orqanları vasitəsilə belə məlumatları əldə edirlər. Amma onların birbaşa gedib, yerində bütün bunları görməyi, bilavasitə şahid olmağı daha effektlidir. Çünki reallıq heç də ermənilərin dediyi kimi deyil.
Təəssüf ki, erməni “yalan maşını” Azərbaycan əleyhinə çox güclü və ciddi təbliğat aparır. Ona görə də diplomatların Ağdama və digər ərazilərə getməsi erməni yalanlarının ifşasına öz töhfəsini verəcək.
Səfirliklər mütləq əyani olaraq erməni vəhşilikləri ilə tanış olmalı, ətraflı məlumatlandırılmalı, səfərdən qayıdandan sonra təəssüratlarını bölüşməlidirlər. Onlar öz ölkələrinə müəyyən bilgiləri, məlumatları verəcəklər və bu da bizim apardığımız haqq işinə dəstək olacaq”.
Ceyhun Məmmədov qeyd edib ki, düşmən tapdağından azad edilən torpaqlarımıza səfərlər Azərbaycana qarşı ikili standartların, qərəzli yanaşmanın əleyhinə faktlar qoymağa xidmət edə bilər:
“Ona görə Azərbaycan azad edilmiş ərazilərə bu cür səfərləri davamlı təşkil etməli, təkcə Ağdam deyil, bütün rayonlarımıza diplomatları aparmalıdır. Əcnəbiləri, siyasətçiləri belə məlumatlandırma səfərləri bizim ümumi fəaliyyətimizə, qarşımıza qoyduğumuz məqsədlərə fayda gətirər”.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama növbəti səfəri başlayıb. Heyətə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbi nümayəndələr daxildir.
Aysel Aslan
www.RIA24.az