“Son günlər “Vaşinqton Post” qəzetində Azərbaycan əleyhinə silsilə məqalələrin yayılması, heç şübhəsiz erməni diasporuna bağlı qüvvələrin sifarişidir. “Vaşinqton Post” kimi nüfuzlu mətbuat orqanında altı gündə üç məqalənin Azərbaycana həsr olunması acı təəssüf hissi doğurur. Hər şeydən əvvəl ona görə ki, 2001-ci ilin sentyabrında ABŞ-də baş vermiş terror hadisəsindən sonra bu ölkənin yanında olan ölkələrdən biri Azərbaycan idi”.
Bu fikirləri Oxu.Az-a Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nəsib Məhəməliyev deyib.
O qeyd edib ki, ABŞ-də güclü, təşkilatlanmış erməni diasporunun olması hər kəsə bəllidir:
“Konqresdə, Senatda, digər müxtəlif dövlət orqanlarında, kütləvi informasiya vasitələrində əməlli-başlı kök atmış lobbi təşkilatları vasitəsilə özlərinin maraqlarına uyğun ictimai rəy formalaşdırmağa çalışırlar.
Laçın yolu üzərində sərhəd-buraxılış-məntəqəsinin quraşdırılması, Ermənistanın, Qarabağdakı separatçıların, diaspor və lobbi təşkilatlarının ciddi narazılığına səbəb olub. Ona görə də, Ermənistanın məğlubiyyətini həzm edə bilməyən həmin qüvvələrin Azərbaycan əleyhinə böhtan, şantaj, iftira kampaniyasına başlamaları gözlənilən idi.
Avqust ayının 16-da BMT Təhlükəsizlik Şurasında Laçın yolunun açılması ilə bağlı Ermənistanın iddiasına baxılacaq. Hal-hazırda Təşkilata ABŞ sədrlik edir. Düşünürəm ki, bu amili nəzərə alan ermənilər, bir çox satqın siyasətçiləri, KİV-ləri ələ almaqla, ölkəmiz əleyhinə hansısa qətnamənin qəbul olunmasına çalışırlar”.
Deputatın fikrincə, təəccüb doğuran digər məsələ isə, dünya gündəmini zəbt edən, hər gün minlərlə insanın həyatını itirməsinə səbəb olan Rusiya-Ukrayna müharibəsi, Afrikada, Yaxın Şərqdə baş verən və həllini gözləyən ciddi hadisələr ola-ola, ermənilərin əsassız iddiaları ilə məşğul olmaqdır:
“Guya ki, ABŞ-yə görə ən aktual məsələ, erməni məsələsidir. Müstəqillik illərində ABŞ-Azərbaycan münasibətləri hər zaman yüksələn xətlə inkişaf edib. İnanmaq istərdim ki, özünü demokratik dövlət hesab edən ABŞ öz dövlət maraqlarını bir qrup erməni tərəfindən satın alınmış siyasətçilərin korporativ maraqlarına qurban verməyəcək”.
Aysel Aslan
www.RIA24.az