Bu gün Hollivud ulduzu Robert De Nironun doğum günüdür.
Oxu.Az xatırladır ki, Robert Entoni De Niro 1943-cü il avqustun 17-də Nyu-Yorkda anadan olub.
De Niro kiçik yaşlarında məktəbdə, həm də küçə teatr truppalarının hazırladığı tamaşalarda iştirak edirdi. On altı yaşında məktəbi atıb özünü bu yola həsr etmək üçün fəaliyyətə başlayıb. Bununla da uşaqlıq və yeniyetməlik həyatına əlvida demək məcburiyyətində qalıb.
Robert 16 yaşında incəsənət məktəbinə daxil olub. Və bununla da aktyorluq dünyasına cığır açıb. O, iki ildən sonra aktyorluq studiyasına gəlib. Dörd ildən sonra rejissor Brayn de Palmanın filmində özünün ilk rolunu oynayıb. “Manhettendə üç otaq”da onu epizodik rola çəkiblər. Üç ildən sonra De Niro yenidən ekranda görünüb. Bu dəfə “Salamlaşma”da “Con Rubin” obrazında. İlk rolları ilə sənətdə partlayış etməsə də, artıq belə demək olar ki, onun önü açılmışdı, yalnız yorulmadan çalışmaq lazım idi. Və növbəti il yeni bir filmə – “Semin nəğməsi” lentində “Sem Nikoletti” rolunda çəkildi.
De Niro 1970-ci ildə bir-birinin ardınca filmlərə çəkilməyə başladı. “Qanlı ana”da “Lloyd Barker”, “Hi Mom”da “Con Rubin”, 1971-ci ildə “Cenifer haqda düşünmək”də “Mardician”, “Qələbə üçün doğulan”da “Denni”, “Güllələməyi bacarmayan banda”da “Mario Trantino” obrazlarını yaratdı. Və bununla da hər kəsin diqqətini özünə cəlb edə bildi. Sonrakı iki ildə o, cəmi iki filmdə çəkildi.
1974-cü ildə Robert De Niro “Xaç atası 2” filmində rol aldı. Filmdə De Niroya həvalə olunan “Vito Karleoni” obrazını aktyor çox böyük ustalıqla, bacarıqla yaratmaqla, demək olar ki, şöhrətin qapılarını araladı. Milyonlarla tamaşaçının sevimli aktyoruna çevrildi. İndi hamı ondan danışırdı. De Niro məhz bu roluna – ikinci plandakı rol nominasiyasına görə “Oskar” mükafatına layiq görüldü.
De Nironun 1976-cı ildəki yaradıcılığını məhsuldar hesab etmək mümkündür. Belə ki, bu il ərzində o, üç filmdən təklif aldı və hər üçündə uğurla çəkildi: “Taksiçi”, “İyirminci əsr” və “Sonuncu maqnat”. İstedadlı aktyorun uğurları da davam edirdi. 1980-ci ildə onu tamaşaçılara bir də sevdirən, dünyadakı məşhurluğunu daha da artıran bir filmə çəkildi. Martin Skorsezenin “Vəhşi öküz” filmində Robert De Niro yenidən əvəzsiz bir ifaya imza atdı. Yaratdığı obraza görə o, “Ən yaxşı aktyor” nominasiyası üzrə yenidən “Oskar” mükafatına layiq görüldü. O, artıq böyük aktyor, Hollivudun “boss aktyor”larından biri olmuşdu.
De Niro indiyədək 75-dən çox filmdə çəkilib. Onun 37 yaşında çəkildiyi “Bir dəfə Amerikada” filmindəki “Devid Aaranson” rolu aktyorun şedevrlərindən sayılır. O hazırda elə doğulduğu şəhərdə yaşayır.
1989-cu ildə özünün “TriBeCa” şirkətini yaradıb. Nyu-Yorkda keçirilən “TriBeCa” Beynəlxalq kinofestivalının 2002-ci ildən təşkilatçılarından biridir. Venesiya (1993), Moskva (1997), San-Sebastyan (2000) beynəlxalq kinofestivallarının fəxri mükafatlarını alıb.
www.RIA24.az