“Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı qlobal xarakter daşıyır” – RƏY + FOTO

Siyasət


“Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı qlobal xarakter daşıyır və siyasi səviyyədən iqtisadi, sosial, humanitar sferalara qədər çoxşaxəli istiqamətləri əhatələyir”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

İki ölkə arasında əlaqələrin tarixinə toxunan B.Məhərrəmov xatırladıb ki, Azərbaycan ilə Özbəkistanın eyni kök, eyni dil və din bağına baxmayaraq, dövlətlərimiz arasında diplomatik münasibətlər nisbətən gec, 2 oktyabr 1995-ci ildə yaradılıb, 1996-cı ildə Azərbaycanın Daşkənddə, iki il sonra isə Özbəkistanın Bakıda səfirliyi fəaliyyətə başlayıb.

Onun sözlərinə görə, münasibətlərin bu qədər ləng inkişafının kökündə isə 1990-cı illərin əvvəllərində hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyünün səbatsız fəaliyyəti olub:

“Bakı bütün müstəvilərdə bizə qardaş olan Özbəkistanla münasibətləri yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bərpa etməyə nail olub və bu gün dövlət başçısı İlham Əliyevin iqtidarı dövründə münasibətlərimiz özünün qızıl dövrünü yaşayır”.

Deputat bildirib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana gerçəkləşən dövlət səfərinin əhəmiyyəti barədə çox danışmaq olar, lakin bu il iyulun 24-də İlham Əliyevin özbəkistanlı həmkarına ad günü münasibətilə zəng edərkən bu səfərin əlaqələrimizin inkişafında növbəti mərhələ olacağına əminlik ifadə edilməsi çox məqamlara aydınlıq gətirir:

“Bildiyiniz kimi, Prezident İlham Əliyevin ötən il iyulun 21-də Özbəkistana səfəri çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə imzalanıb. İlham Əliyevin mətbuat üçün birgə bəyanatda ifadə etdiyi kimi, “bu Saziş mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir”. Bu çərçivədə münasibətlərin, həqiqətən, strateji səviyyəyə çatması üçün genişspektrli prioritetlər və birgə fəaliyyət proqramları müəyyən edilib”.

O vurğulayıb ki, Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı qlobal xarakter daşıyır və siyasi səviyyədən iqtisadi, sosial, humanitar sferalara qədər çoxşaxəli istiqamətləri əhatələyir:

“Azərbaycan və Özbəkistan arasında siyasi münasibətlər, əvvəldə də qeyd edildiyi kimi, özünün qızıl dövrünü yaşayır, ölkələrimiz istisnasız olaraq bütün platformalarda vahid mövqedən çıxış edirlər. Özbəkistan 30 il ərzində Ermənistanla münasibətlərində Azərbaycanın ərazi bütövlüyü və işğal faktorunu rəhbər tutub. Vətən müharibəsində Zəfərimizdən sonra Azərbaycan Prezidenti və xalqını ilk təbrik edən beynəlxalq subyektlərdən biri məhz Özbəkistan olub. Rəsmi Daşkənd özünün siyasi-mənəvi dəstəyini ifadə etmək məqsədilə quruculuq-bərpa prosesinə dəstək olaraq Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagird yerlik məktəb inşa edir. Həmçinin, ortaq kökümüz, dilimiz, habelə tarixi bağlarımız mədəni-humanitar əlaqələr üçün ciddi bazisdir və ölkələrdəki mövcud siyasi iradə də bu əlaqələrin dərinləşməsi üçün bütün mümkün addımları atır”.

“İqtisadi əlaqələrə gəlincə, statistikaya əsasən, göstəricilər ilk dövrlərlə münasibətdə azı altı dəfə artıb, lakin Prezident Mirziyoyevin ifadə etdiyi kimi, “məcmu halda onlar bizim münasibətlərimizə, imkanlarımıza uyğun gəlmir”. Bu mənada Daşkənd görüşündə liderlər Azərbaycan-Özbəkistan qarşılıqlı münasibətlərini genişləndirməyi və həqiqətən, yeni platforma, yeni istiqamətlər yaratmağı vəzifə olaraq hökumətlərin üzərinə qoydular. Özbəkistan Prezidentinin ifadə etdiyi kimi, bu istiqamətdə ən mühüm prioritetimiz ticarəti və sənaye kooperasiyasını genişləndirməkdir. Ötən dövr ərzində bununla bağlı addımlar atılıb, ipəkçilik avtomobilqayırma, hasilat, neft kimyası, əczaçılıq, tikinti materialları və hazır tekstil malları, qida məhsulları, zərgərlik məmulatları istehsalı və şərabçılıq sahələrində onlarla yeni layihələr üzərində iş aparılıb”, – deputat əlavə edib.

O qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindən sonra yaratdığı yeni reallıq, habelə qlobal ziddiyyətlərin dərinləşməsi ilə Azərbaycanın regionda artan, xüsusən Prezident İlham Əliyevin zamanında uzaqgörənliklə reallaşdırdığı kommunikasiya layihələrinə daha çox zərurətin meydana çıxması fonunda, ölkəmizin qlobal nəqliyyat kommunikasiya habına çevrilməsi Özbəkistanla münasibətlərimizə də təsirsiz ötüşməyib və əməkdaşlığımızın strateji istiqamətlərindən birinə çevrilib:

“Təbii ki, hədəflər böyükdür, liderlərin iradəsi isə komanda üzərinə ciddi məsuliyyət qoyub. Qeyd edilənlərin fonunda Özbəkistan Prezidentinin Azərbaycana bugünkü səfəri ötən il müəyyən edilmiş hədəflərin icrasının səmərəliliyini təhlil etmək, habelə yeni qlobal düzəndə yeni prioritetlər, birgə hərəkət planları müəyyən edilməsi üçün mühüm imkan olacaq”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir