Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında Azərbaycanın Şuşaya atılan “İskəndər-M” raketləri ilə bağlı Rusiyadan cavab ala bilmədiyini deyib.
Oxu.Az-ın məlumatına görə, Prezident İlham Əliyev Ermənistan müdafiə nazirinin bəyanatına diqqət çəkib və təzadlı məqamları göstərib.
“Ermənistanın müdafiə naziri deyir ki, bu, sirrdir (raketin atılması – red.). Siz bunların səviyyəsini görürsünüz. Bunlar hərbi fəaliyyətlə bağlı qərar verən insanlardır. Buna “sirr” deyirlərsə, deməli onlar bunu ediblər”.
Prezidentin sözlərinə görə, təəssüflər ki, Azərbaycan Rusiya tərəfindən də məsələyə cavab ala bilməyib.
“Ermənistanın Baş naziri Paşinyan “İskəndər”dən istifadə etdiklərini deyir, Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi isə deyir ki, atılmayıb. Bu, nə mənaya gəlir? Bu o deməkdir ki, Rusiyanın Müdafiə Nazirliyi Ermənistanın Müdafiə Nazirliyinə nəzarət edir?”.
İlham Əliyev qeyd edib ki, aprelin 1-də Rusiya Prezidenti Vladimir Putinlə bu mövzunu telefonda müzakirə edib.
Aprelin 4-də isə Azərbaycanın Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə məsələyə dair sorğu göndərib, lakin cavab ala bilməyib.
“Mən bu sualı verdim və dedim ki, bizə cavab lazımdır. Dedim ki, Azərbaycan xalqı nə baş verdiyinə dair cavab almaq istəyir”, – deyə İ.Əliyev qeyd edib.
İlham Əliyev Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun da məsələyə dair mövqeyinə toxunub:
“Cənab Peskov deyir ki, “İskəndər” istifadə olunmayıb. “İskəndər” isə buradadır, Hərbi Qənimətlər Parkında. Bu raket məhz “İskəndər-M”dir. Gəlib baxa bilərlər”.
Aqşin Kərimov