Bu gün Füzulidə Özbəkistanın maliyyəsi ilə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi baş tutub. Məktəbin Mirzə Uluqbəyin adını daşıması təsadüf deyil.
Modern.az Teymurilər imperatorluğunun 4-cü sultanı olan Uluqbəylə bağlı faktları təqdim edir.
Əmir Teymurun nəvəsi olan Uluqbəyin əsl adı Mirzə Məhəmməd Taraqay olub. O, dövlət xadimi olmaqla yanaşı, riyaziyyatçı və astronom kimi tanınıb. Atası Teymurun kiçik oğlu Şahrux, anası isə Gövhərşaddır. 1394-cü ildə Güney Azərbaycanın Sultaniyyə şəhərində anadan olub. Babası Teymurun istəkli nəvəsi olduğu üçün “Əmir-i kəbir” (“böyük əmir”, “ulu bəy”) – “Uluq bəy” adlandırılıb.
1394-1405-ci illər arasında sarayda dini elmlərlə yanaşı, məntiq, riyaziyyat və astronomiya öyrənib. 1404-cü ildə Teymur tərəfindən Məhəmməd Sultanın qızı Öge Begüm ilə evləndirilib. Uluqbəy Teymurun Çinə səfərində də iştirak etmişdi. Teymur 1405-ci il fevralın 18-də Otrarda vəfat etdikdən sonra onun nəşini Səmərqəndə aparanlara qoşularaq qayıtmışdı.
Teymur ölümündən əvvəl Pir Məhəmmədi varis seçsə də, Teymurun digər nəvələrindən olan Xəlil Sultan taxt-taca sahib çıxmağa can atdı. Səmərqənd müdafiəçiləri Uluqbəyi və onu müşayiət edən əmirləri şəhərə buraxmadıqda o, Buxaraya köçməli oldu. Buxarada təhlükəsizliyi tam təmin olunmadığı üçün gizlicə atası Şahruxun olduğu Herata yollandı.
1406-cı ildə atası və əmisi oğlu Pir Məhəmmədin qoşunlarının başında olarkən Ceyhun (Amudərya) çayı ətrafında Sultan Xəlillə qarşılaşdı. Lakin baş verən müharibədə Sultan Xəlil qalib gəldikdən sonra yenidən Herata çəkilməli oldu. 1409-cu ildə Şahrux Sultan Xəlili dustaq edib Səmərqənddə hakimiyyətə yiyələnməyə müvəffəq oldu. Sonradan Uluqbəy mərkəzi Səmərqənd olan vilayəti təkbaşına idarə etməyə başladı.
Səmərqənddə hökmranlıq etdiyi müddətdə ovçuluq və müxtəlif elm sahələri ilə məşğul olan Uluqbəy şeyxlərlə, mollalarla, dərvişlərlə yaxşı münasibət qura bilmir. Bir dəfə o, şəhəri tərk etdikdən sonra geri qayıdanda şeyxlər, mollalar, dərvişlər Uluqbəyi Səmərqəndə buraxmaq istəmirlər, lakin sadiq adamlarının dəstəyi ilə o, şəhərə daxil olur və asayişi bərpa edir.
Bu dövrdə o, görkəmli alimlərdən Qazızadə Rumi, Qiyasəddin Cəmşid və Əli Quşçu ilə çalışır və Səmərqənd yaxınlığında rəsədxana yaratmaq ideyasını reallaşdırmağa girişir. Rəsədxana 1429-cu ildə fəaliyyətə başlayır. Rəsədxanadakı müşahidələri əsasında Uluqbəy bir neçə əsər yazır.
1447-ci ildə atası Şahruxun ölümü ilə yenidən Teymurilər taxt-tacı uğrunda mübarizəyə qoşulur. 1449-cu ildə Bəlxdə oğlu Əbdüllətif ona qarşı üsyan qaldırır. Toqquşmada oğluna məğlub olur. Bir müddət qaçdıqdan sonra Səmərqəndə qayıdıb oğluna təslim olur. Oğlundan həccə getmək üçün icazə alan Uluqbəy yolda oğlunun adamları tərəfindən öldürülür.
www.RIA24.az