“Azərbaycan, Türkiyə və Özbəkistan arasında üçtərəfli hərbi əməkdaşlıq qurula bilər” – ŞƏRH + FOTO

Siyasət


“Mərkəzi Asiya dövlətləri içərisində Qarabağ məsələsində hər zaman ən prinsipial mövqe tutan məhz Özbəkistan oldu. Ümumiyyətlə, Azərbaycan torpaqları işğal altında olanda cəmi dörd dövlət buna görə Ermənistanla heç bir diplomatik əlaqə qurmamışdı. Bu dövlətlər Özbəkistan, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanıdır”.

Bu fikirləri Oxu.Az-a Azərbaycan-Özbəkistan əlaqələrinin bugünkü səviyyəsi haqqında danışarkən iki ölkənin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sahib Alıyev deyib. Digər üç dövlətə rəğmən, Özbəkistan üçün Ermənistanla diplomatik əlaqələr qurmamaq daha çətin idi:

“Çünki Mərkəzi Asiya dövlətləri üzərində o zaman Rusiyanın təsiri son dərəcə böyük idi. Ermənistan isə Rusiyanın forpostu olduğundan onun dəstəyini qazanmışdı.

Özbəkistanda Şavkat Mirziyoyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycan-Özbəkistan əlaqələri daha da genişlənməyə və dərinləşməyə, artıq strateji tərəfdaşlıq, müttəfiqlik fazasına keçməyə başladı.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərini xatırlayıram. Onda necə yüksək səviyyədə qarşılandığını biz hamımız gördük. Azərbaycana və onun liderinə bəslənən hörmət və sevgi açıq-aydın ortada idi. Cənab Mirziyoyevin növbəti dəfə prezident seçildikdən sonra Azərbaycana səfər etməsi də iki dövlət arasındakı əlaqələrin səviyyəsindən xəbər verir.

Özbəkistan Mərkəzi Asiya dövlətləri içərisində böyük həvəslə yeni türk dünyasının quruculuğunda fəal rol oynamağa çalışır. Bu, Özbəkistanın indiki potensialı ilə düşünsək, ona Mərkəzi Asiyada böyük perspektivlər vəd edir.

Şavkat Mirziyoyevin Türkmənistan və Türkiyədən sonra Azərbaycana rəsmi səfəri çoxtərəfli əməkdaşlığa üstünlük vermək niyyətində olduğundan xəbər verir. Hazırda biz Azərbaycan, Türkiyə və Özbəkistan üçlü əməkdaşlığı müstəvisində də müəyyən addımların atıldığını görürük. Düşünürəm ki, bu əməkdaşlıq, sadəcə, iqtisadi və humanitar fəaliyyətin daha da genişlənməsi ilə nəticələnməyəcək və Özbəkistanla Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın da dərinləşməsini görəcəyik.

Azərbaycan, Türkiyə və Özbəkistan arasında qurula biləcək hərbi əməkdaşlıq gələcəkdə çoxtərəfli müttəfiqliyə də aparıb çıxara bilər. Söhbət türk dövlətləri arasındakı hərbi müttəfiqlikdən gedir”.

Sahib Alıyev onu da əlavə edib ki, Özbəkistanın işğaldan azad olunmuş torpaqlarımızda öz vəsaiti hesabına sosial obyekt tikən iki dövlətdən biri olması da qardaş ölkənin Azərbaycana necə yanaşdığının növbəti bir örnəyi idi:

“Ona görə də mən Azərbaycan Milli Məclisində Özbəkistan parlamenti ilə işçi qrupunun üzvü olaraq öz qardaşlarımıza dərin minnətdarlığımı bildirirəm”.

Aysel Aslan

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir