Avqustun 23-də YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti Natiq Şirinov və onun rəhbərlik etdiyi “Natiq” ritm qrupu ilə gənclərin görüşü keçirilib.
Oxu.Az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutan tədbirin əvvəlində ulu öndər Heydər Əliyev və Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “MədəniyyətimİZ” layihəsinin koordinatoru Riad Cəbrayılov qeyd edib ki, “Heydər Əliyev İli”nə həsr olunmuş layihə çərçivəsində mütəmadi olaraq mədəniyyət xadimləri ilə maarifləndirici və interaktiv görüşlər keçirilir. Bildirilib ki, ictimai, mədəni və sosial layihələrin hazırlanması, işlənməsi istiqamətində yaradıcı gənclərin iştirakçılıq potensialının artırılması baxımından “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçirilən tədbirlər olduqca unikal və bu sahədə müxtəlif vəzifələrin icrasına müvafiq şəraiti yaradacaq amilə çevrilib.
Ölkəmizdə yaradıcı mədəniyyət sənayelərinin inkişafının məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmasını qeyd edən Riad Cəbrayılov hal-hazırda bu istiqamətdə görülən irimiqyaslı layihələrdən, ölkə başçısının bu sahəyə böyük diqqət və qayğısından, beynəlxalq mədəniyyət tədbirlərinin ölkəmizdə təşkilinin əhəmiyyətindən danışıb.
Daha sonra Xalq artisti Natiq Şirinov və “Natiq” ritm qrupu geniş təqdimatla çıxış ediblər. Xalq artisti ulu öndər Heydər Əliyevin zəngin Azərbaycan tarixinin, musiqi mədəniyyətinin inkişafında rolundan, ölkə gənclərinin mədəni maarifləndirilməsi üçün yaradılan şəraitdən söhbət açıb. Azərbaycan peşəkar musiqi mədəniyyətinin, habelə milli ritm sənətimizin dünya ictimaiyyətinə düzgün təbliği və bu prosesdə vətəndaşlarımızın mövqeyi, o cümlədən kreativ təşəbbüskarlığı məsələləri görüş ərzində geniş müzakirə olunub.
Tədbir “Azərbaycan peşəkar musiqi mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması amilləri”, “Müasir gənclik: milli-mənəvi və tarixi dəyərlərimiz” və “Milli ritm sənəti: dünənimiz, bu günümüz, sabahımız” mövzularında panel müzakirə ilə davam edib. Tədbirin davamında auditoriyanın çoxsaylı sualları cavablandırılıb.
Görüşün bədii hissəsində “Natiq” ritm qrupunun ifasında “Atəşgah”, “Sarı gəlin” və “Qarabağ” kompozisiyaları, həmçinin müxtəlif ekspromt ritm eksperimentləri tamaşaçılara təqdim olunub. Sonda xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə, ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.
www.RIA24.az