Ramdan Auraq: “Fransa ECOWAS-ın əli ilə Nigerə hərbi müdaxilənin tərəfdarıdır” – MÜSAHİBƏ

Siyasət


“Paris çox istəyir ki, Niger onun təsir orbitində qalsın”.

Bunu Oxu.Az-a müsahibəsində əlcəzairli analitik, konfliktoloq, beynəlxalq məsələlər üzrə ekspert Ramdan Auraq deyib.

Analitik Nigerdə baş verənlər və Fransanın ölkəyə hücum ehtimalı və s. məsələlər barədə danışıb.

– Fransa niyə Nigerdə bu qədər maraqlıdır?

– Niger Fransanın atom elektrik stansiyalarına uran tədarük edənlərdən biridir. Fransada isə elektrik enerjisi istehsalında əsas paya AES-lər sahibdir. Deməli, burada birbaşa praqmatik, iqtisadi maraq var. Paris çox istəyir ki, Niger onun təsir orbitində qalsın.

Həmçinin, siyasi komponent də var. Prezident Məhəmməd Bazuma devrildi, o isə təkcə Fransanın deyil, digər Avropa ölkələri, o cümlədən qismən Almaniyanın da nəzarəti altında idi. O zaman belə çıxır ki, Nigerdə ​​Avropanın nəzarətində olan prezidenti devirə bildilərsə, onda Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinə (ECOWAS) üzv olan digər ölkələrdə də eyni hadisə baş verə bilər.

ECOWAS-da iqtisadi və humanitar sahədə bir çox dövlətlər hələ də Parisdən asılıdır. Onların öz milli, suveren bankları yoxdur. Fransa bu ölkələrin maliyyə sistemindən ildə təxminən 500 milyard avro qazanır. Vurğulayıram – sərmayə qoymur, qazanır. Buna görə də Mali, Burkina-Faso və indi Niger Fransanın təsiri altından çıxdıqda bu, faktiki olaraq metropolun – Fransanın iqtisadiyyatını qidalandıran ECOWAS-ın sabitliyini təhdid edir. Belə halda Paris üçün bu, Şekspirin “Olmaq, yoxsa olmamaq?” sualı ilə müqayisə oluna biləcək ekzistensial məsələyə çevrilir.

Məhz bu səbəbdən də Paris Fransanın himayədarı olan və Fransa iqtisadiyyatına hər cür köməklik göstərən prezidenti devirmiş Niger hərbçilərini cəzalandırmaq üçün hər şey etməyə cəhd göstərəcək. Buna görə də fransızlar ECOWAS-ın əli ilə Nigerə hərbi müdaxilənin tərəfdarıdırlar. Onların başqa aləti yoxdur, Fransa artıq, məsələn, 20-30 il əvvəlki kimi deyil. Ölkə böyük ərazisi olmasına baxmayaraq, faktiki olaraq “Avropa cırtdanı”na çevrilib. Ölkə daxilində “Sarı jiletlilər” hərəkatından tutmuş miqrantlara qədər çox sayda problemlər mövcuddur. Üstəlik, fransızlar amerikalılar qarşısında çox itaətkar olublar.

Qəribədir ki, Fransanı Afrikadan çıxarmaq istəyən təkcə Rusiya və Çin deyil, hətta Parisin müttəfiqləri – anqlosakslar da fransızlardan yaxa qurtarmaq istəyirlər.

– Əlcəzair bu vəziyyətdə neytral mövqe nümayiş etdirir. Burkina-Faso və Mali isə Nigerə hərbi yardım göstərməyə hazırdırlar…

– Nigerdə ​​olduğu kimi, Mali və Burkina-Fasoda da hərbi çevrilişlərin arxasında Qərb antaqonistləri dayanırdılar. Əlcəzairə gəlincə, ölkəmiz Saheldə (Afrikanın Saxara səhrasının cənubunda yerləşən bölgə – red.) müharibənin əleyhinədir. Çünki bu halda Saheldən olan bütün terrorçu qruplaşmalar Əlcəzairə keçməyə çalışacaqlar. Silah və narkotik qaçaqmalçılığı baş qaldıracaq. Bizə lazım deyil ki, cənub sərhədləri İŞİD və digər bu kimi terror təşkilatlarının tramplininə çevrilsin.

Əlcəzair-Niger sərhədi təxminən 1 000 km-dir. Aydındır ki, müharibə olacağı təqdirdə qaçqınlar da olacaq və onların əksəriyyəti cənuba gedəcəyi halda, böyük hissəsi bizə gəlməyə çalışacaq. Belə bir humanitar böhranın yaranmasına imkan vermək nəyə lazımdır?! Ölkə qeyri-qanuni miqrantlar, terrorçular üçün bufer zonasına çevrilə bilər, Fransa isə bundan istifadə edərək hansısa şəkildə ölkəmizə qayıtmaq istəyə bilər ki, əlcəzairlilər də qətiyyən bunu istəmirlər. Buna görə də Əlcəzair müharibənin əleyhinədir. Biz öz problemlərimizin öhdəsindən çətinliklə gəlirik, 2019-cu ildə baş verən hadisələri xatırlayın, o zaman Əbdüləziz Buteflika faktiki olaraq hakimiyyətdən uzaqlaşdırıldı, bu iğtişaşlar dalğasında da Abdelmacid Tebbun ölkə rəhbəri oldu. Bizdə daxili turbulentlik davam etdiyi bir zamanda, üstəlik, xarici təhlükələrə də ehtiyacımız yoxdur.

Əlcəzair kənardan neytraldır, öz hərbi kontingentini müharibəyə göndərməyəcək. Lakin dövlətimiz, xüsusi xidmətlər Niger ətrafında gərginliyin azaldılmasına təsir etmək imkanı tapacaqlar.

Başqa bir aspekt də var – Əlcəzair xalqı bütün təzahürlər üzrə Fransaya qarşıdır! “Əlcəzair küçələri” (etiraza qalxan əlcəzairlilər – red.) harada olmağından asılı olmayaraq – Afrikada və ya hansısa başqa qitədə Parisə kömək edəcək hər kəsi “süpürüb aparacaq”.

Fransaya gəlincə, biz əlcəzairlilər çoxdan “təftiş kitabı”nı açmışıq, xalqımızın soyqırımını unutmamışıq, minlərlə əlcəzairlinin kəlləsinin saxlandığı Fransa İnsan Muzeyini (“Musée de l’Homme”) xatırlayırıq.

Nair Əliyev

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir