Qərbi Azərbaycan Xronikası: “Basarkeçərdə ermənilər çörək dilənirdilər” – VİDEO

Müharibə


Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Xəyalım, ruhum Göyçədə dolanır” adlı veriliş 1941-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında, Basarkeçər rayonunun (Vardenis) Zərkənd kəndində doğulmuş 82 yaşlı Məhyəddin Süleymanovun həyat hekayəsinə həsr olunub.

O, doğulduğu, boya-başa çatdığı kəndin və rayonun tarixindən, gənclik dövründən, İrəvanın Kənd Təssərrüfatı Texnikumunda təhsil almasından söz açıb, rayonda mövcud olan 38 kənddən yalnız üçündə ermənilərin yaşadığını deyib.

Ermənilərlə daim təmasda olduğunu bildirən M.Süleymanov onların türkə qarşı millətçilik və düşmənçiliyindən söz açıb:

“1988-ci ildə ermənilər Qarabağ bizimdir dedilər. Onlar qorxaq millət idi. Onlarda o hünər yox idi ki, gələ bu boyda böyük bir Qarabağ zonasını işğal edə. Bu, mümkün deyildi. Qərbi Azərbaycanın rayonlarının kəndlərinin 90 faizini gəzmişəm. Heç bir yerdə erməni adında bir rayona, bir kəndə rast gəlmədim. Hamısı azərbaycanlı adı ilə idi. Ermənilərin tarix boyu məkanı olmayıb. Onlar köçəri halında yaşamış millətdir, harada məskunlaşıblar oranı özlərininki etməyə çalışıb, torpaq genişləndiriblər”.

Göyçənin gözəlliyindən danışan M.Süleymanov yurd-yuvası üçün darıxdığını deyib:

“Yatanda da Göyçəni görürəm, 36 ildir buradayıq, amma xəyalımda oradır. Ömür imkan versə, kəndimə gedəcəyəm. Anamın, əzizlərimin qəbri oradadır, dağılıb. Gedib onları bərpa edim, mən onların yanında dəfn olunum. Xəyalım ruhum oralarda dolanır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir