Latviya Milli Opera Teatrının səhnəsində dahi Avstriya bəstəkarı Volfqanq Amadey Mosartın musiqiçilərin arasında “operaların operası” adlandırılan möhtəşəm səhnə əsəri “Don Juan” ifa olunub.
Anşlaqla keçən tamaşa böyük uğura səbəb olub və dinləyicilərin xüsusi rəğbətini qazanıb.
Tamaşanı idarə etmək üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti Əyyub Quliyev Latviyaya dəvət olunub.
Qeyd edək ki, bu, Latviya Milli Opera Teatrının azərbaycanlı dirijorla ikinci müştərək layihəsidir – 2022-ci ilin noyabr ayında Əyyub Quliyevin dirijorluğu ilə C.Verdinin “Traviata” operası repertuarın ən müzakirə olunan mədəni hadisəsinə çevrilib.
İndi isə Latviya Operasında təqdim olunan “Don Juan” operası müəllifinin əsəri yaratdığı tam şəkildə təqdim edilərək 4 saata yaxın zamanı əhatə edib.
Tamaşada əsas rolları ifa edən Latviya Milli Opera Teatrının aparıcı solistləri Yanis Apeynis (Don Juan), İnqa Slubobska (Don Elvira), Tatyana Trenoqina (Donna Anna), Rihard Maçanovskis (Leporello), Daynis Kalçans (Don Ottavio), Marlena Keyne (Zerlina), Daniil Kuzmin (Mazetto) və Edqars Osleya (Komandor) yerli dinləyicilər tərəfindən ayaqüstə alqışlarla qarşılanıb.
Azərbaycanın Latviyada Fövqəladə və Səlahiyyətli səfiri Elnur Sultanov, Latviyanın tanınmış ictimai və mədəniyyət xadimləri, həmçinin yerli mətbuat nümayəndələri də tamaşanı izləməyə gəliblər.
www.RIA24.az