Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva son zamanlar Fransada bir qrup siyasətçi, parlament üzvləri, bölgələrin nümayəndələri tərəfindən həyata keçirilən, fransız ictimaiyyətinin yanlış məlumatlandırılmasına xidmət edən anti-Azərbaycan kampaniyası, xüsusilə də bir qrup siyasətçinin Ermənistana göndərilən humanitar yardım maşınlarını müşayiət etmək niyyəti ilə bağlı açıq məktubla çıxış edib.
Oxu.Az xəbər verir ki, səfirliyin sosial şəbəkə platformalarında yayılan bu məktubda özünü Ermənistanın “dost”u kimi təqdim edən bu şəxslərin Fransadakı erməni diasporunun təsiri altında Azərbaycanı qaralamaq cəhdlərinə və ona qarşı guya “humanitar böhran”ın yaradılması ilə bağlı tamamilə əsassız ittihamlar irəli sürüldüyünə diqqət cəlb edilir.
Məşhur fransız filosofu Jan-Jak Russonun sözləri ilə “reallığın sərhədlərinin olduğu, xəyal dünyasının isə heç bir sərhəd tanımadığı” qeyd edilərək, bölgədəki reallığın sərhədlərinin beynəlxalq hüquq tərəfindən müəyyən edildiyi və məhz beynəlxalq hüquqa əsasən Qarabağın Azərbaycanın suveren ərazisi olduğu vurğulanır. Məktubda Azərbaycanın 2020-ci il müharibəsi nəticəsində öz ərazilərini azad etdiyi, Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə hərbi işğal altında saxlanılan bu ərazilərdə törədilən misilsiz dağıntıların nəticələrinin aradan qaldırılması üçün Azərbaycan tərəfindən bərpa-quruculuq işlərinin həyata keçirildiyi, məhz Azərbaycanın Ermənistan ilə normallaşma prosesinin təşəbbüskarı olduğu, Laçın yolundakı mövcud vəziyyət, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata uyğun olaraq yol boyu təhlükəsizliyin təmin edilməsi üçün tədbirlərin həyata keçirildiyi, o cümlədən sərhəd-keçid məntəqəsinin fəaliyyəti, habelə humanitar məqsədlər üçün istifadə edilməsi məqsədilə təklif edilən Ağdam-Xankəndi yolunun radikal erməni separatçıları tərəfindən blok edildiyi məlumat verilir.
Fransız nümayəndələrin radikal erməni separatçılarını cəsarətləndirən bəyanatlarının Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirildiyi və beləliklə də beynəlxalq hüquq pozuntusu olduğu vurğulanır. Müstəqil Azərbaycanın azad etdiyi ərazilərini yenidən qurduğu və bu ərazilərin reinteqrasiyasını həyata keçirdiyi, məhz Azərbaycan xalqının ölkənin gələcəyi ilə bağlı qərar verdiyi qarşı tərəfin diqqətinə çatdırılır. Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı kimi nəzərdən keçirildiyi və onların ölkə Konstitusiyasının bütün vətəndaşlara verdiyi hüquqlardan istifadə edə biləcəkləri qeyd edilir.
Məktubda bu müraciətin məqsədinin heç də “ermənipərəst” fransız siyasətçilərinin Azərbaycan ərazilərinin işğal altında saxlanıldığı 30 il ərzində susqunluq nümayiş etdirdikləri kimi susmalarını tələb etməkdən ibarət olmadığını, əksinə bu şəxslərin sülh, barışıq, reinteqrasiya naminə və münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında normallaşması üçün danışmaları, zamanında Fransa-Almaniya yaxınlaşmasının ölkəyə və bölgəyə verdiyi faydanı erməni dostlarına izah etmələri çağırışı əks olunur. Bölgənin gələcəyi üçün Azərbaycanın sülh istiqaməti yolunu seçdiyi, Ermənistanın gələcək inkişaf ilə bağlı hansı istiqaməti seçmək qərarını verməli olduğu vurğulanır.
www.RIA24.az