“Azərbaycan Respublikasında Dağlıq Qarabağ adlı heç bir ərazi vahidi yoxdur”.
Bu barədə Azərbaycanın Rus İcmasının yaydığı bəyanatda bildirilir.
“Azərbaycan hökuməti Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu Xankəndi şəhərində yaşayan erməni əsilli vətəndaşları ilə dinc dialoqun qurulması yönündə bütün səylərini cəmləşdirdiyi bir zamanda bir qrup separatçı əsassız bəyanatlar vermək və dünya ictimaiyyətinə yanlış məlumatlar yaymaqla buna mane olmağa davam edir.
Növbəti dəfə psevdo “Dağlıq Qarabağın rus icması”nın siyasi kartının oynanılmasına cəhd edilib ki, bu zaman “icma” Azərbaycan Konstitusiyasının əsas normalarına tamamilə zidd olan bəyanatla çıxış edib.
Ondan başlamaq lazımdır ki, Azərbaycan Respublikasında Dağlıq Qarabağ adlı heç bir ərazi vahidi yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölkənin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. “Artsax” adlı anlayış isə ümumiyyətlə, dünyada heç vaxt mövcud olmayıb, bəlkə də bu anlayış sadəcə suveren Azərbaycan dövlətinin ərazisində məskunlaşmış bir qrup separatçıların xəyallarında olub.
Qarabağ iqtisadi rayonunun erməni əsilli sakinləri Azərbaycan Respublikasının vətəndaşlarıdır və ölkəmizin rəsmi qanunlarına uyğun yaşamalıdırlar. Azərbaycanda bir rus icması fəaliyyət göstərir ki, 1993-cü ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb və bu gün 120 min nəfərdən çox insanı əhatə edir. Təşkilatımız bütün beynəlxalq strukturlar tərəfindən tanınıb və 30 ildir ki, aktiv fəaliyyət göstərir. Əgər Qarabağ erməniləri arasında Azərbaycanın rus icmasına daxil olmaq istəyən etnik ruslar varsa, onlar təşkilata üzv olmaq üçün bizə müraciət etməlidirlər. Biz onların müraciətlərinə cavab verməyə və təşkilata qoşulmaq üçün bütün lazımi məlumatları təqdim etməyə hazırıq.
Öz ifadəsində qondarma “Dağlıq Qarabağın rus icması” Qarabağdan öz atalarının tarixi torpağı kimi bəhs edir. Qarabağ həmişə Azərbaycanın bir parçası olub və hazırda da bir parçasıdır. Ölkəmizin ərazi bütövlüyü bütün ölkələr və dövlətlər, o cümlədən Rusiya Federasiyası və hətta Ermənistanın özü tərəfindən tanınıb.
Psevdo “Qarabağın rus icması” öz əcdadlarının ağır taleyindən danışarkən unudur ki, Ermənistanın Azərbaycana təcavüzü başlamazdan əvvəl bütün bu etnik qrupların nümayəndələri sülh və mehribanlıq içində bir yerdə yaşayırdılar. Ermənistanın işğalçılıq siyasəti zamanı azərbaycanlılar, o cümlədən milli azlıqların nümayəndələri öz doğma torpaqlarından zorla qovulublar. Milli azlıqlar Ermənistanın özündən də zorla çıxarılıblar. Bu gün bu, monoetnik dövlətdir ki, burada ermənilərin özündən başqa heç kim yaşamır, Azərbaycanda isə onlarla etnik qrupun nümayəndəsi yaşayır.
Azərbaycanın rus icması bu cür bəyanatları regionda sabitliyi pozmaq, dünya ictimaiyyətinə yanlış məlumat vermək və Qarabağ ermənilərinin multietnik, multikultural Azərbaycan cəmiyyətinə inteqrasiya prosesini ləngitmək cəhdi hesab edir”, – deyə bəyanatda qeyd edilib.
www.RIA24.az