Qohumunu öldürərək yandıran fizika müəllimi: “Hadisədən sonra dəfndə iştirak etdim”

Cəmiyyət


Şəki Ağır Cinayətlər Məhkəməsində Göygöldə oğurluq və Yevlaxda qətl törətməkdə təqsirləndirilən Elnur Hüseynovun cinayət işi üzrə məhkəmə və istintaq ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilib. O deyib ki, 21 noyabr 2021-ci ildə yaşadığı kənddə məktəbdən mağazaya doğru gedərkən, polis əməkdaşları tərəfindən saxlanılıb, VAZ-2107 markalı maşınla polis şöbəsinə aparılıb, ona oğurluq cinayətləri, evin və restoranın yandırılması ilə bağlı saxlanıldığı söylənilib.

Bildirilib ki, Elnur Hüseynovun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər var. Onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunub. Təqsirləndirilən şəxs həmin ifadələrində göstərib ki, 4 övladı – 2 oğlu və 2 qızı var. Özü Göygöl rayonunun Çaykənd kəndində yerləşən Kəlbəcər rayonunun 58 saylı tam orta məktəbində fizika müəllimi işləyib. Mərhum Səidə Hüseynova onun arvadının xalasıdır. Həmin qadınla ədavəti olub. Belə ki, əvvəllər Səidə Hüseynova ilə münasibətləri normal olub. Təxminən 2014-2015-ci il tarixlərdə Səidədən ehtiyacı olduğu üçün 1000 manat pul borca götürüb. Həmin pulu məzuniyyət pulu alan zaman ödəyəcəyinə söz verib. Buna baxmayaraq, 1000 manat pulu vaxtında qohumuna qaytara bilmədiyi üçün Səidə onun yaşadığı evə gəlib. Səidə pulunu tələb edib. Elnur da uşaqları üçün aldığı kompüteri 1000 manat pulun əvəzində Səidəyə verib. Səidə kompüteri 500 manata hesablayacağını deyib. Lakin o, kompüteri 1110 manata aldığını, borcunun əvəzində verdiyini qeyd edib. Bundan sonra Səidə ilə onun arasında münasibətlər soyuyub və küsülü olub.

Elnur Hüseynov söyləyib ki, 14 aprel 2021-ci il tarixdə, saat 13-14 radələrində yaşadığı evdən çıxıb kənddə “sentr” (mərkəz) adlanan yola tərəf gedib. Orada taksi kimi fəaliyyət göstərən Yolçu adlı şəxsin istifadəsində olan VAZ-2107 markalı avtomobillə Göygöl şəhərinə avtovağzala gedib. Yaşadığı kənddən Göygöl şəhərinə təxminən 30-40 dəqiqəlik yoldur. O, Göygöl şəhərində avtovağzala çatanda saat təxminən 14 radələri olub. Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün Səidə Hüseynovanı öldürməyi planlaşdırıb. Avtovağzalda olarkən vaxtın tez olduğunu görüb, ətrafda gəzib. Həmin vaxt avtovağzalın yanında olan marketə daxil olub, oradan energetik içki, şokolad və kibrit alıb. Bundan sonra avtovağzaldakı çayxanada da oturub çay içib.

Təxminən saat 18 radələrində avtovağzalın yanında dayanan taksilərdən birinin sürücüsünə yaxınlaşıb. O, evdən çıxarkən istifadəsində olan telefonu evin birinci mərtəbəsində sol tərəfdə yerləşən pəncərənin yanına qoyub. Düşünüb ki, hadisəni törətdikdən sonra hüquq mühafizə orqanları onun olduğu yeri telefon vasitəsilə tapa bilərlər, ona görə də telefonu üzərində götürməyib. Avtovağzalın yanında dayanmış taksi sürücüsündən telefonunu verməsini xahiş edib və sifarişlə taksi çağıracağını bildirib. Həmin şəxs də telefonu ona verib. O, avtovağzaldan Yevlax rayonunun Xaldan kəndinə taksi sifariş verib. Taksinin xidmət haqqı təxminən 25-28 manat olub. Elnur həmin avtomobilə əyləşəndən sonra yola düşüb. Onlar avtomobillə Göygöl rayonu ərazisindən Gəncə şəhərinə daxil olub, oradan da magistral yola çıxıblar. Gəncə şəhərini çıxmağa az qalmış orada yerləşən yanacaqdoldurma məntəqəsində taksini saxladıb və dizel yanacağı alıb. Həmin butulkanı yanacaqdoldurma məntəqəsində işləyən işçi tapıb. Həmin gün saat 21-22 radələrində Xaldan kəndinə çatıb, orada körpünü keçəndən sonra sürücüyə avtomobili saxlamasını xahiş edib. Həmçinin həmin vaxt üzərində belinin sol tərəfində bel kəmərində bıçaq da olub.

O, həmin yolla sexə tərəf gedib. Darvazadan içəri daxil olduqdan sonra sağ tərəfə dönüb, həmin hissədə “setka” çəpər olub. Əlindəki dizel yanacağının olduğu butulkanı “setka”nın çöl sağ tərəfində qoyub. Həmin vaxt sexdə işığın yandığını görüb. Sonra sexə tərəf yaxınlaşıb, Səidə Hüseynovanı “Ay Səidə xala, ay Səidə xala” deyərək səsləyib. Həmin vaxt belindəki bıçağı açıb. Bu zaman Səidə qapını açıb, onu görən kimi “nə gəzirsən” demək istəyən vaxt sol əlində olan bıçağın arxa küt tərəfi ilə qadının baş nahiyəsinin sağ tərəfindən vurub. Səidə Hüseynova arxası üstə yerə yıxılıb, huşunu itirib. Həmin vaxt qadının qulağında sırğa görüb, lakin götürə bilməyib. Elnur Səidənin sağ olduğunu bildiyi üçün sol əlində olan bıçaqla qadının ürək, sinə və qarın nahiyələrindən təxminən 4-5 dəfə vurub. O, qadının öldüyünə əmin olduqdan sonra otağı axtarmağa başlayıb. Əvvəlcə Səidəyə məxsus qara rəngli çantanın içərisində olan pulları götürüb. Daha sonra taxtın baş hissəsinə tərəf gedib döşəyi qaldırıb, döşəyin altından parça materiala bükülmüş qızıl-zinət əşyalarını taparaq cibinə qoyub. Bundan sonra geri qayıdıb dizel yanacağını qoyduğu yerdən götürüb, yenidən Səidə Hüseynovanın olduğu otağa daxil olub. Butulkadakı dizel yanacağını qadının üzərinə, habelə yataq taxtına və döşəməsinə səpələyib, kibriti yandırıb. Bu zaman həmin yerlər yanmağa başlayıb. Bundan sonra gəldiyi yolla sexdən çıxıb, iti addımlarla asfalt yola tərəf gedib. Yenidən yolda saxlatdığı maşınla evlərinə gəlib. Evə daxil olandan sonra qardaşı ondan haradan gəldiyini soruşub. Elnur da dostları ilə birlikdə olduğunu bildirib, daha sonra hamam otağına girib əl-üzünü yuyub. Səhərisi günü həyat yoldaşı həyətdə olarkən xalası Səidənin cücə sexində yanaraq öldüyünü deyib və Yevlax şəhərinə getməli olduqlarını söyləyib. O da razılıq verib, kənddə yaşayan Həsən adlı taksi sürücüsünə zəng edərək gəlməsini xahiş edib və ailə üzvləri ilə birlikdə Yevlax şəhərinə gediblər. Onlar ora çatanda meyiti qəbiristanlığa aparıblar. Dəfn qurtardıqdan sonra həyat yoldaşı Yevlax şəhərində qalıb, özü isə Göygölə qayıdıb.

Rəsmi məlumata görə, bir müddət əvvəl Göygöl Rayon Polis Şöbəsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Elnur Rasim oğlu Hüseynovun 14.04.2021-ci il tarixdə Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 1968-ci il təvəllüdlü Səidə İmran qızı Hüseynovanı da qəsdən öldürməsi müəyyən edilib. Belə ki, Elnur Hüseynov qayınanasının bacısı Səidə Hüseynovanı tamah məqsədilə əmlaklarını ələ keçirməklə öldürüb, hadisənin izini itirmək qərarına gələrək 2021-ci ilin aprel ayının 14-də qadının yaşadığı və işlədiyi cücə istehsalı sexinə gələrək özü ilə gətirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarət yetirib öldürdükdən sonra 1500 manat və 900 ABŞ dolları məbləğində pulu və qızıl-zinət əşyalarını ələ keçirib, daha sonra özü ilə gətirdiyi dizel yanacağını meyitin üzərinə və sexin müxtəlif hissələrinə səpələyib yandırıb. Toplanan sübutlar əsasında Elnur Hüseynova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və digər maddələri ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İttiham aktına qeyd olunub ki, o, Səidə Hüseynovaya ümumilikdə 66 277 manat məbləğində ziyan vurmaqla qadının əmlakını qəsdən məhv edib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Hüseynov 19 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəzanın ilk 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, Elnur Hüseynov Göygöl rayonunun Çaykənd kənd məktəbində fizika müəllimi işləyib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir